2012-12-20
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin yeni təyin olunmuş Baş naziri Algirdas Butkəviçius ilə görüşmüşdür
Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri Həsən Məmmədzadə bu ölkənin yeni təyin olunmuş Baş naziri Algirdas Butkəviçius ilə görüşmüşdür. 
 
Görüş zamanı Algirdas Butkəviçius xarici ölkə nümayəndələri arasında ilk olaraq Azərbaycan səfiri ilə görüşdüyünü qeyd etmiş, Litvanın Azərbaycan ilə  bütün sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir. İki ölkə arasında münasibətlərin dinamik inkişafından duyduğu məmnuniyyətini ifadə edən Litvanın Baş naziri, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkənin lazımi potensialı olduğunu xüsusilə vurğulamışdır.
 
Səfir Həsən Məmmədzadə Algirdas Butkəviçiusu Litvanın Baş naziri təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan və Litva arasında mövcud siyasi sahədəki dostluğun iqtisadi, mədəni və humanitar sahələrdə, xüsusilə qarşılıqlı investisiya qoyuluşu, iqtisadi və ticarət əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyini bildrimişdir. 
 
Azərbaycanda gedən ümumi inkişaf, habelə sosial, iqtisadi və humanitar sahələrdə uğurla həyara keçirilən islahatlardan bəhs edən Səfir Həsən Məmmədzadə, Azərbaycanın regionda lider ölkəyə çevrilməsi barədə məlumat vermişdir. Son illər dünyada mövcud iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycanın uğurla inkişaf etməsini Litvanın  Baş naziri azərbaycanda aparılan geniş islahatlar və düzgün idarəetmə siyasəti ilə əlaqələndirmişdir.
 
Səfir Həsən Məmmədzadə Azərbaycanın qonşu ölkələrlə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrdən söhbət açmış, Azərbaycana dost olan dövlətlərin bu imkanlardan faydalandığını qeyd etmişdir. Azərbaycanlı diplomat Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının bölgənin təhlükəsizliyinə və inkişafına birbaşa təhdid olduğunu bildirmişdir. 
 
Azərbaycan və Litva arasında əməkdaşlığın daha da gücləndirilməsində hökumətlərarası komissiyanın rolundan söhbət edilmiş, komissiyanın fəaliyyətinin bundan sonra da uğurla davam etdirilməsinin zəruriliyi bildirilmişdir. Qarşlılqlı səfərlərin əlaqələrə müsbət təsir göstərdiyini diqqətə alaraq, hökumət rəhbərlərinin rəsmi səfərlərinin həyata keçirilməsinin əhəmiyyəti barədə danışılımışdır. Baş nazir Algirdas Butkəviçius məmnuniyyətlə gələn ilini əvvəlində Azərbaycana səfər etmək istədiyini, bununla əlaqədar hökumət üzvlərinin də 2013-cü ildə fəallıq göstərəcəyini bildirmişdir. 
 
  

 

növbəti xəbər əvvəlki xəbər