2012-12-19
Meksikada fəaliyyət göstərən İctimai Töhfə, Humanitar Yardım və Sosial İnkişaf Beynəlxalq Fondunun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinə istinadən bildiririk ki, bu ölkədə fəaliyyət göstərən İctimai Töhfə, Humanitar Yardım və Sosial İnkişaf Beynəlxalq Fondunun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar Fond üzvlərinin keçirdiyi toplantıda Azərbaycanın Meksikadakı Səfiri İlqar Muxtarov da iştirak etmişdir.  
 
Qeyd edək ki, sözügedən Fond Mexiko şəhərində Xocalı soyqırımına həsr edilmiş abidənin ucaldığı Tlakskoake-Xocalı Meydanının yerləşdiyi rayonun sakinləri tərəfindən yaradılmışdır. 
 
Toplantıda çıxış edən Fondun prezidenti Xesus Arturo Torres Azərbaycan Respublikası hökumətinin dəstəyi ilə Mexiko şəhərində ictimai ərazilərdə aparılmış təmir-bərpa işlərinə görə rəhbərlik etdiyi Fondun adından öz minnətdarlığını bildirmişdir. 
 
Tədbirdə “İctimai ərazilərin bərpa edilməsi və Federal Bölgənin sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması işinə verdiyi töhfəyə görə qardaş Azərbaycan Respublikasına Fondun səmimi və dərin minnətdarlığını” ifadə edən Diplom Səfir İlqar Muxtarova təqdim edilmişdir.  
 

 

növbəti xəbər əvvəlki xəbər