2012-12-18
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə ilə Dubay Ticarət və Sənaye Palatasının Baş direktoru Hamad Buamim arasında görüş keçirilmişdir
Cari ilin 17 dekabr tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə ilə Dubay  Ticarət və Sənaye Palatasının Baş direktoru Hamad Buamim arasında görüş keçirilmişdir.
 
Görüş zamanı Pərviz İsmayılzadə Azərbaycan Respublikasının dost və qardaş ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıraraq, indiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 20-dən artıq sənədin imzalandığını bəyan etmişdir. 
 
Azərbaycan Respublikası ilə Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini xüsusi qeyd edən Baş konsul, Dubay şəhərində Azərbaycan Respublikası Baş Konsulluğunun təsis edilməsinin, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin məhz Bakıda açılmasının bu əlaqələrin bariz nümunəsi olduğunu bildirmişdir.
 
Pərviz İsmayılzadə Azərbaycanın iqtisadi göstəriciləri, əldə olunmuş nailiyyətlər barədə həmsöhbətinə məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkədə davamlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini bildirmişdir. 
 
Görüş zamanı Azərbaycanda istehsal olunan ərzaq məmulatlarının, o cümlədən kənd təsərrüfatı məhsulları, milli brend və markaların Dubay Əmirliyinə ixrac edilməsi və yerli bazarlarda satışının həyata keçirilməsi yolları müzakirə edilmişdir.
 
Görüşdə, həmçinin Dubay Əmirliyində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, işgüzar dairələr arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, birgə biznes forum və sərgilərin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılmışdır. 
 

növbəti xəbər əvvəlki xəbər