2012-12-17
Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri vəzifəsini icra edən Fəysal Kərim Kundi ilə görüşmüşdür
Cari ilin 17 dekabr tarixində Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri vəzifəsini icra edən Fəysal Kərim Kundi ilə görüşmüşdür. 
 
Səfir Daşqın Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi və humanitar aspektlərindən söz açmış, rəsmi İslamabadın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı ölkə kimi tanıdığına görə minnətdarlığını bildirmişdir. Səfir həmçinin, 1 fevral 2012-ci il tarixində Pakistan Senatı tərəfindən Xocalı soyqırımının tanınmasını və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair qətnamənin qəbul edilməsini Pakistanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyi və Azərbaycana olan qardaşlıq münasibəti kimi qiymətləndirmişdir. 
 
Pakistan  Milli  Assambleyasının sədri vəzifəsini icra edən Fəysal  Kərim  Kundi xalqlarımız arasındakı tarixi, mədəni və dini oxşarlıqları  qeyd edərək, bu bənzərliklərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd etmiş və ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycanı tam dəstəklədiyini diqqətə çatdırmışdır. Fəysal Kundi Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi Ermənistanla hər hansı bir münasibətin qurulmayacağını, ümumiyyətlə Ermənistanın Pakistan tərəfindən dövlət kimi tanınması məsələsinin yalnız və yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra mümkün ola biləcəyini bəyan etmişdir. 
 
F.K. Kundi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrin ölkəsinin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandığını bildirmişdir.
 
Görüşdə həmçinin, iki ölə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirməsi üçün geniş potensialın olduğu qeyd edilmiş, energetika, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanları müzakirə edilmişdir. 
 
  

 

növbəti xəbər əvvəlki xəbər