2012-12-17
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilmişdir
Cari ilin 17 dekabr tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilmişdir. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Avropa İttifaqını isə hazırkı Aİ Sədrliyi tərəfindən Kipr Respublikasının xarici işlər naziri xanım Erato Kozaku-Markulis və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil etmişlər.
 
Rotasiya prinsipi üzrə hazırkı iclasa Aİ tərəfi sədrlik etmişdir. Görüşün başlanığıcında Aİ tərəfi Azərbaycanı 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı münasibətilə təbrik etmişdir. Bu xüsusda ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanmış və bu kimi nailiyyətlərin Azərbaycanı dünyaya tərənnüm etmək üçün yaxşı imkan olduğu Aİ tərəfindən bildirilmişdir.
 
Azərbaycan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ tərəfinə geniş məlumat vermiş, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulamış və münaqişənin nizamlanması ilə bağlı Aİ-nin qəti mövqeyinin ifadə olunmasının əhəmiyyətini qeyd etmişdir.
 
Danışıqlar çərçivəsində həmçinin, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcək əməkdaşlıq müzakirə olunmuş, mövcud əməkdaşlığın Aİ standartlarının Azərbaycanın inkişafı üçün xidmət edəcəyi qeyd olunmuşdur. Bu xüsusda Avronest Parlament Assambleyasının 2-ci Sessiyasının bu ilin 3-4 aprel tarixlərində Bakıda yüksək səviyyədə keçirildiyi vurğulanmışdır. Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlamış və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd etmişlər. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişlərə dair danışıqların davam etdiyi qeyd edilmiş və bu danışıqların qısa müddət ərzində tamamlanmasına ümid ifadə olunmuşdur.
 
Eyni zamanda Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bununla bağlı Aİ nümayəndələri Avropanın enerji təminatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğu, Cənubi Qaz Dəhlizinin reallaşdırılmasında TANAP layihəsinin müstəsna əhəmiyyəti və ölkəmizin aparıcı rolunu xüsusilə vurğulamışdırlar. Nəqliyyat sahəsinə gəldikdə, Azərbaycanın inkişaf etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturunun nəinki Cənubi Qafqaz üçün, habelə Mərkəzi Asiya, Əfqanıstan, Qara və Aralıq dənizləri və Xəzəryanı ölkələri üçün strateji əhəmiyyət kəsb edəcəyi bildirilmişdir.
 
Rəsmi iclasdan öncə birgə işçi səhər yeməyi təşkil edilmişdir. Səhər yeməyi zamanı Aİ ilə münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.
 

 

növbəti xəbər əvvəlki xəbər