2012-12-13
Argentinada keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsinin qalibləri Azərbaycana səfər edəcək
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanın Argentinadakı Səfirliyi bu ölkənin La Plata Dövlət Universitetində fəaliyyət göstərən “Azərbaycanşünaslıq Kafedrası” ilə birlikdə “Mən Azərbaycan haqqında nə bilirəm”? mövzusunda esse yazı müsabiqəsi keçirmişdir.
 
Cari ilin sentyabr-noyabr ayları ərzində argentinalı tələbə və yuxarı sinif şagirdləri arasında keçirilən müsabiqə ölkənin təhsil müəssisələri, elmi dairələri və müvafiq sosial şəbəkələrində geniş marağa səbəb olmuş və Argentinanın müxtəlif əyalətlərini təmsil edən çoxsaylı iştirakçılar Azərbaycanla bağlı fərqli mövzular üzrə ispan dilində esselər təqdim etmişlər. Müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilən 10 nəfər qalibin təqdim etdiyi esse yazılar aşağıdakılardır: 
 
Noelia Blascovich, “Azərbaycan-Argentina əməkdaşlığının faydaları və xarakteristikaları”. Yazıda Azərbaycan və Argentinanın oxşar cəhətləri prizmasından əlaqələrin potensialı və inkişaf perspektivləri təhlil olunur. Bu xüsusda, hər iki ölkənin demokratiya tarixi, mədəni və dini müxtəlifliyi, iqtisadi konyukturu, sosial siyasəti, xarici siyasət baxışları, yerləşdikləri regionlardakı siyasətindəki oxşarlıq və ortaq baxışlara malik olmaları əsaslandırılır.
 
Alexander Ezequel Cardenas, “Dağlıq Qarabağ məsələsi”. Müəllif Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri əks etdirir və münaqişənin nizamlanması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə istinad edir. Münaqişənin həllini müvafiq BMT qətnamələrinin tələbləri üzərində quran müəllif Azərbaycanın iqtisadi inkişafını da nizamlanmaya təsir edə biləcək başlıca amillərdən biri kimi irəli çəkir. 
 
Marina Tomasotti, “Azərbaycan Respublikası – dini və mədəni müxtəliflik”. Müəllif Azərbaycandakı mədəni və dini müxtəliflik, dövlətin bu istiqamətdə apardığı siyasət, bunun ölkənin hazırkı həyatına və beynəlxalq imicinə təsirindən bəhs edir. 
 
Justina Botto, “Əlifbalar arasında rəqs edərək: Azərbaycan dili”. Müəllif Azərbaycan dili və əlifbası haqda araşdırma aparmaq marağını diqqətə çatdırır və bu məqsədlə Azərbaycan dili və əlifbasınının kökləri və keçdiyi tarixi təkamül barədə maraqlı təhlil verir.
 
Clara Trillini, “Azərbaycan Birləşmiş Millətlər Təşkilatında: “insan hüquqları” ərazisi”. Yazıda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət, Xocalı soyqırımı, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə, işğal olunmuş ərazilərdə Azərbaycan tarixi və mədəni irsinin məhv edilməsindən və bunların beynəlxalq səviyyədə ifşa edilməsi istiqamətində Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətindən bəhs olunur.
 
Cintia Mansilla, “Azərbaycan: uzaq bir ölkənin yaxın tarixi”. Yazıda Azərbaycan tarixinin qısa retrospektivi verilir və tariximizin müasir dövrü, xüsusilə də müstəqilliyin bərpasından sonrakı proseslər üzərində daha çox dayanılır. Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, münaqişənin nizamlanmasına dair qəbul olunmuş BMT qətnamələri barədə məlumat verilir və münaqişə və ondan irəli gələn problemlərin hələ ki, həll edilməməsinin regionun gələcəyini sual altına qoyması qeyd olunur.
 
Tamara Villarruel, “Azərbaycan və onun Argentina ilə münasibətləri”. Yazıda son illərdə, xüsusilə də Azərbaycanın Buenos-Ayresdəki Səfilyinin təsis edilməsindən sonra iki ölkə arasındakı əlaqələrdə müşahidə olunan intensivliyə, gücləndirilmiş siyasi dialoqa, hər iki ölkənin üzvlüyünü nəzərə alaraq BMT TŞ çərçivəsində gözlənilən məsləhətləşmələrə, iqtisadi əlaqələrdə müşahidə olunan artıma və gələcək perspektivlərə toxunulur.  
 
Danilo Baroni, “Qafqazın alovunu yenidən kəşf edərək”. Yazıda Azərbaycanın tarixi, mədəni müxtəlifliyi, iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində fəaliyyəti Argentina ilə müvafiq istiqamətlər üzrə paralellərin verilməsi ilə təhlil olunur. 
 
Federico Mouzo, “Azərbaycan: alovun xəzinədarı”. Yazıda Azərbaycanın tarixi keçmişinin sovet dönəmində təhrif edildiyi bildirilir, ölkəmizin tarixi və hazırkı həqiqətlərini, habelə əhəmiyyətini xarakterizə edən məqamlar, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və bunların Argentina ilə əməkdaşlıqda əhəmiyyəti vurğulanır. 
 
Tomas Orellana, “Azərbaycanın inkişafı və ümidverici iqtisadiyyatı”. Yazı Azərbaycanın iqtisadi inkişafı və nailiyyətlərindən bəhs edir.
 
Müsabiqə qaliblərinin cari ilin 14-24 dekabr tarixlərində Azərbaycana tanışlıq səfəri həyata keçiriləcəkdir. Səfər zamanı qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmaqla yanaşı, habelə Azərbaycanın tarixi, mədəniyyəti, elm-təhsil dairələri, gənclər təşkilatları və ölkəmizin bölgələri ilə tanış olmaq imkanı da əldə edəcəklər. 

 

növbəti xəbər əvvəlki xəbər