2012-12-11
Nazir Elmar Məmmədyarov İsveçrə Xarici İşlər Nazirinin müavinini qəbul etmişdir
Cari ilin 11 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirinin müavini və Dövlət Katibi İv Rosyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüş zamanı iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə olunmuş və  ölkələr arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.
 
Nazir Elmar Məmmədyarov İsveçrəli rəsmiyə regional enerji layihələri haqda məlumat vermiş və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu haqda danışmışdır. 
 
Ermənistan Azərbaycan münaqişəsi haqda qonağa məlumat verən Nazir Elmar Məmmədyarov, mövcud status kvonun dəyişdirilməsinin vacibliyini vurğulamışdır. Münaqişənin həlli üçün ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının zəruriliyi bildirilmişdir. Həmçinin, Nazir Elmar Məmmədyarov danışıqların danışıqlar xatirinə deyil, nəticənin əldə olunması üçün aparılmasının əhəmiyyətini xüsusilə qeyd etmişdir. Nazir onu da bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişənin həlli üçün geniş imkanlar yaradacaqdır. Münaqişənin dondurulmuş olmadığını bildirən Nazir Elmar Məmmədyarov, regionda sülhün təmin olunması üçün münaqişənin həlli istiqamətində ciddi işlərin görülməsinin əhəmiyyətini qeyd etmişdir. 
 
Görüşdə etimad tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinin vacibliyi qeyd olunmuşdur. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu vurğulanmışdır.
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər