2012-12-10
Nazir Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisinin müavini Tomas Melianı qəbul etmişdir
Cari ilin 10 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılmış, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilmişdir.
 
Nazir Elmar Məmmədyarov Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə qonaqları təbrik etmiş və demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan bəhs etmişdir. Nazir eyni zamanda, Azərbaycanda internet azadlığının da yüksək səviyyədə təmin olunduğunu qeyd etmişdir. 
 
Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd etmişdir. 
 
Nazir Elmar Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat vermiş və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirmişdir. 
 
  
 
 
 
 
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər