2012-12-08
Nazir Elmar Məmmədyarov Fransa XİN-in Kontinental Avropa idarəsinin direktorunu qəbul etmişdir
Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Erik Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüş zamanı Nazir Elmar Məmmədyarov cari ilin 5-7 dekabr tarixlərində Dublin şəhərində keçirilmiş ATƏT-in Nazirlər Şurasının 19-cu iclası ilə bağlı təəssüratları ilə bölüşmüşdür. Nazir Elmar Məmmədyarov bildirmişdir ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin NATO ilə münasibətləri və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
 
Fransalı rəsmiyə regional layihələr haqda məlumat verən Nazir Elmar Məmmədyarov,  bu layihələrin region və Avropa üçün əhəmiyyətini qeyd etmişdir. 
 
Nazir Elmar Məmmədyarov təhlükəsizlik məsələləri haqda danışarkən, Azərbaycanın öz xarici siyasətində milli maraqlara üstünlük verdiyini və bütün gücümüzü müstəqilliyimizin möhkəmləndirilməsi üçün səfərbər olunduğunu vurğulamışdır. Ermənistan Azərbaycan münaqişəsinə toxunan Nazir Elmar Məmmədyarov, münaqişənin həllinə başlıca maneə kimi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcud olmasını göstərmişdir. Nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən çıxarılmasına başlanması münaqişənin həlli üçün geniş imkanlar yaradacaqdır. Münaqişənin həlli kontekstində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin təşkil olunmasının zəruriliyi də vurğulanmışdır.
 
Görüşdə digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
 

 

növbəti xəbər əvvəlki xəbər