2012-12-08
Azərbaycan və Fransa Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir
Cari ilin 7 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan və Fransa Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Fransa nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Erik Furniye başçılıq etmişlər.
 
Görüşdə Azərbaycan və Fransa arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə ounmuşdur.
 
Fransalı rəsmi cari il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəsinə səfərlərini xatırlamış və sözügedən səfərlərin ölkələrimiz arasındakı münasibətlərə olduqca müsbət töhfə verdiyini xüsusilə qeyd etmişdir.
 
Nazir müavini Xələf Xələfov qonaqları salamlamış və Fransa nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirmişdir.
 
Ölkəmizdə təmin olunmuş stabillik və aparılan uğurlu islahatlardan danışan Nazir müavini Xələf Xələfov, ölkəmiz və bütövlükdə region üçün təhdid və təhlükə kimi Ermənistan Azərbaycan münaqişəsini göstərmişdir. Ölkəmizin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirən Nazir müavini Xələf Xələfov, 20 il davam edən danışıqların nəticə vermədiyini vurğulamışdır. Həmçinin, Nazir müavini Ermənistan hakimiyyətinin qeyri konstruktiv movqe nümayiş etdirdiyini və bunun danışıqlar prosesinə zərbə vurduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır. Ermənistanın beynəlxalq hüquqa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamə və qərarlara məhəl qoymadığı bildirilmiş və konstruktiv mövqe nümayiş etdirməsi üçün bu ölkəyə təzyiqlərin artırılmasının vacibliyi qeyd edilmişdir. Nazir müavini Xələf Xələfov danışıqların danışıqlar xatirinə aparılmamasının vacibliyini qeyd etmiş və ATƏT-in Minsk Qrupunun fəaliyyətini işğal olunmuş ərazilərin azad olunmasına yönəlməli olduğunu Fransa tərəfinin diqqətinə çatdırmışdır. Həmçinin, Nazir müavini Xələf Xələfov bununla bağlı ciddi əməli addımların atılmasının zəruriliyini qeyd etmişdir.
 
Görüş zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılmış və ölkələrimiz arasında qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi vurğulanmışdır.
 
 

 

növbəti xəbər əvvəlki xəbər