2012-12-07
Cari ilin 6-7 dekabr tarixlərində Dublin şəhərində keçirilən ATƏT Xarici İşlər Nazirlərinin növbəti toplantısı çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası keçirilmişdir.

Cari ilin 6-7 dekabr tarixlərində Dublin şəhərində keçirilən ATƏT Xarici İşlər Nazirlərinin növbəti toplantısı çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası keçirilmişdir.

Nazir Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən iclasda Gürcüstan Xarici İşlər Naziri Maya Pancikidze, Ukrayna Xarici İşlər Naziri Konstantin Qrişenko, Moldovanın Xarici İşlər və Avropaya inteqrasiya Naziri Yuri Lyanke və GUAM Baş katibi Valeri Çeçelaşvili iştirak etmişlər.

GUAM Xarici İşlər Nazirləri Şurasının iclası zamanı siyasi əməkdaşlıq məsələləri, o cümlədən BMT-nin  “GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı qətnamə layihəsi GUAM-ın əsas tərəfdaş nümayəndə heyətləri ilə müzakirələrin aparılması məqsədi ilə razılaşdırılmışdır. Həmçinin, BMT Baş Assambleyasının cari sessiyasında “BMT və GUAM arasında əməkdaşlıq” adlı qətnamə layihəsinin irəli sürülməsinin gedişi müzakirə olunmuşdur.

İclas zamanı mədəniyyət, elm və təhsil, turizm sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Cari ilin 19-20 dekabr tarixlərində Bakıda keçiriləcək GUAM Parlament Assambleyasının növbəti plenar iclasına hazırlıq məsələləri İclasın gündəliyinə daxil edilmişdir.

GUAM-ın tərəfdaş ölkələr və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri də müzakirə olunan məsələlər sırasında idi.

növbəti xəbər əvvəlki xəbər