2012-12-05
Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin Başçısı Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrosoya təqdim etmişdir
Cari ilin 3 dekabr tarixində Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin Başçısı Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrosoya təqdim etmişdir.
 
Səmimi və dostcasına mühitdə keçən söhbətin əvvəlində Avropa Komissiyasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş etmişdir. Joze Manuel Barroso Aİ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini və bu çərçivədə bir sıra sahələrdə tərəqqinin müşahidə olunduğunu vurğulamış, Azərbaycanın Avropada pozitiv imicinin formalaşdığını bildirmişdir. Avropa Komissiyasının Prezidenti Aİ-nin Azərbaycan ilə əməkdaşlığında enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm rol oynadığını qeyd edərək, Cənub Qaz Dəhlizinin çox tezliklə reallığa çevriləcəyindən əmin olduğunu ifadə etmişdir. 
 
Cənab Barroso Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, mövcud status kvonun qəbuledilməz olduğunu qeyd etmiş və Aİ-nin münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəklədiyini vurğulamışdır. O, Aİ-nin münaqişənin həlli prosesinə töhfə verməyə hazır olduğu bəyan etmişdir.
 
Səfir Fuad İsgəndərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Joze Manuel Barrosoya çatdırmış və ölkə başçısının cənab Barroso ilə görüşləri haqqında xoş xatirələrə malik olduğunu bildirmişdir. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında prinsipial, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına əsaslanan mövqedən çıxış etdiyini, ölkəmizin Avropa İttifaqı üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu qeyd etmişdir. Səfir Fuad İsgəndərov Azərbaycanda həyata keçirilən inkişaf layihələri barədə ətraflı məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyəti diqqətə çatdırmışdır.
 
Avropa Komissiyasının Prezidenti öz tərəfindən Prezident İlham Əliyevlə keçirdiyi bütün ikitərəfli görüşlərin onda ən xoş təəssüratlarla qaldığını, Azərbaycanın dövlət başçısının öz ölkəsinin müasirləşməsi və inkişaf etdirilməsinə böyük önəm verdiyinin şahidi olduğunu və Azərbaycanın dostu olaraq bu məqsədə dəstək verməkdən məmnun olacağını bildirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularının çatdırılmasını bir daha xahiş edərək, yeni ildə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyində olduğunu vurğulamışdır.
 
 
 
  
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər