2012-11-30
Azərbaycanın İsveçrədəki Səfiri Əkrəm Zeynallı İsveçrənin Federal İqtisadiyyat Departamentinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri ilə görüşmüşdür
Cari ilin 28 noyabr tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının İsveçrə tərəfindən həmsədri, İsveçrənin Federal İqtisadiyyat Departamentinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Səfir Erik Martin ilə görüş keçirmişdir.
 
Səfir E. Martin 2011-ci ilin dekabrında Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının 5-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla xatırlatmış və ikitərəfli əməkdaşlıqda yaranmış müsbət dinamikanı yüksək qiymətləndirərək, Birgə Komissiyanın iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi baxımından oynadığı müstəsna rolu xüsusilə vurğulamışdır. İsveçrənin Federal İqtisadiyyat Departamentinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri iki ölkə arasında enerji sahəsi ilə yanaşı, xüsusilə də kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahəsində mövcud olan geniş potensialdan istifadə edərək İsveçrə tərəfinin Azərbaycanla bu sahədə əməkdaşlığını inkişaf etdirilməsi əzmində olduğunu ifadə etmişdir. Birgə Komissiyanın İsveçrə tərəfindən olan həmsədri Holcim başda olmaqla ölkəmizdə işləyən İsveçrə şirkətlərinin fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini müsbət qiymətləndirmişdir.
 
Səfir Ə. Zeynallı iqtisadi sahədə ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətlərdən danışaraq gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyİni ifadə etmİşdir. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə uğurla genişlənən münasibətlər haqqında məlumat verən Səfir Ə. Zeynallı, Azərbaycanla İsveçrə arasında siyasi sahədə yaranmış tərəfdaşlığın iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaratdığını bildirmişdir.
 
Söhbət zamanı hər iki tərəf ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və iki ölkə arasında geniş tərkibli biznes forumlarının təşkilinin vacibliyini ön plana çəkmiş və bu istiqamətdə lazımi tədbirlərin görülməsi razılaşdırılmışdır. Görüşdə həmçinin, Birgə İkitərəfli Komissiyanın 2011-ci ilin dekabrında Bakıda keçirilmiş 5-ci iclasının yekunlarına əsasən imzalanmış müvafiq protokolda əksini tapmış məsələlər ətrafında fıkir mübadiləsi aparılmışdır. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər