2012-11-29
Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığına səfər etmişdir
Cari ilin 27-29 noyabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığına səfər etmişdir.
 
Səfər çərçivəsində İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyində xarici məsələlər üzrə Dövlət katibi Gonsalo de Benito Sekades ilə siyasi məsləhətləşmələr aparılmışdır. 
 
Xələf Xələfov iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və potensialın mövcud olduğunu bildirmişdir. Bu müstəvidə, mədəniyyət, təhsil, elm, idman sahələrində əməkdaşlıq, energetika və iqtisadi sahədə münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd edilmişdir. Səfər çərçivəsində cari ilin 28 noyabr tarixində tərəflər arasında razılaşdırılmış “Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında” ikitərəfli sazişin imzalanma mərasimi keçirilmişdir. Xələf Xələfov həmin sazişin müvafiq sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir. Görüş zamanı həmçinin qarşıdan gələn ildə həyata keçiriləcək qarşılıqlı rəsmi səfərlərin çərçivəsi müəyyən edilmiş və imzalanması mümkün olan digər ikitərəfli saziş layihələri müzakirə olunmuşdur. 
 
Azərbaycanda həyata keçirilən iri layihələr və həmin layihələrdə ispan biznes dairələrin iştirak etməsi imkanı barədə bildirən X ələf Xələfov, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağını vurğulamışdır.
 
Görüş zamanı, iki ölkənin birgə beynəlxalq və regional maraqları, xüsusilə Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparılmışdır. Bununla əlaqədar, dövlət katibi Gonsalo de Benito Sekades Azərbaycan ilə Avropa İttifaqı arasına əlaqələrin möhkəmləndirilməsində İspaniyanın dəstəyini Xələf Xələfovun diqqətinə çatdırdı.
 
Səfər çərçivəsində İspaniya Senatında xarici əlaqələr üzrə komissiyanın prezidenti Alexandro Munyoz-Alonso Ledo ilə Xələf Xələfov arasında görüş keçirilmişdir. Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərin son vaxtlar inkişafının təqdirəlayiq olması və sadəcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
 
İspaniya tərəfi Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd etmiş, xüsusilə iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduqları bildirilmişdir. Xələf Xələfovun Bakıda ispan səfirliyinin açılmasının zərurəti ilə əlaqədar, ispan tərəfi özlərinin də regionda strateji ölkə olan Azərbaycanda səfirliyin açılmasını məqsədəuyğun hesab etdikləri barədə qeyd edilmişdir. 
 
Keçirilmiş bütün görüşlər zamanı Xələf Xələfov Azərbaycanın geosiyasi vəziyyəti və Cənubi Qafqaz və Xəzər regionunda yüksələn rolu barədə məlumat vermişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə tərəf müqabillərinin diqqətinə bir daha çatdırmış, münaqişənin həll olunmaması ümumillikdə regionda sülhə və təhlükəsizliyə təhdid yaratdığını, münaqişənin regionun inkişafına mane olan başlıca amil olduğunu vurğulamışdır. İspaniya tərəfi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, münaqişənin həllinə dair ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini təsdiq etmişdir. 
 
Səfər çərçivəsində həmçinin, İspaniyanın Diplomatik Məktəbinin rektoru Səfir Xose Luis de la Penya Vela və İspaniya Hökumətinin Rəyasət heyətinin Xarici əlaqələr və təhlükəsizlik idarəsinin direktoru İldefonso Kastro ilə də görüşlər keçirilmişdir.
 
İldefonso Kastro İspaniya Hökumətinin regiona olan yüksək marağını və Azərbaycanın aparıcı rolunun Avropa üçün əhəmiyyətini vurğulamış və ölkəsinin Azərbaycanla hərtərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə marağını bildirmişdir.
 
 

 

növbəti xəbər əvvəlki xəbər