2012-11-29
Nazir Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etmişdir
Cari ilin 29 noyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
 
Nazir Elmar Məmmədyarov qonağı ölkəmizdə salamlamış və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirmişdir.
 
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort regiona səfəri ilə bağlı öz mülahizələrini bölüşmüşdür. 
 
Görüşdə regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılmış, regional əhəmiyyətli enerji layihələrindən bəhs olunmuşdur. Həmçinin Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulanmışdır.  
 
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistan ATƏT-in Minsk Qrupunun təkliflərini qəbul edirsə, Böyük Sülh Sazişini imzalamağa razılaşmalıdır. Nazir həmçinin, Filip Lefortun diqqətinə çatdırmışdır ki, Xocalı hava limanı işə salınacağı və uçuşlar həyata keçiriləcəyi təqdirdə, sülh prosesinə ciddi zərbə vurulacaqdır. Nazir Aİ rəsmisinə xatırlatmışdır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də bu mövqedən çıxış edirlər. Xarici İşlər Naziri Elmar Məmmədyarov qeyd etmişdir ki, münqaişənin həlli üçün əsas problem Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğudur. 
 

Filip Lefort davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyini vurğulamışdır.  

növbəti xəbər əvvəlki xəbər