2012-11-27
Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığına səfər etmişdir
Cari ilin 22-23 noyabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığına səfər etmişdir.
 
Səfər çərçivəsində keçirilmiş Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin 13-cü iclasına Azərbaycan tərəfdən M. Məmməd-Quliyev, Avropa İttifaqı tərəfindən isə Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, ATƏT və Regional əməkdaşlıq üzrə direktoru Qunnar Viqand həmsədrlik etmişlər. 
 
Əməkdaşlıq Komitəsinin 13-cü iclasında Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin bütün aspektləri, gələcək əməkdaşlıq imkanları və Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparılmış, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcəkdə görüləcək işlər müzakirə olunmuşdur. 
 
Tərəflər Aİ - Azərbaycan arasında aparılan Assosiasiya, eləcə da readmissiya və viza sadələşdirilməsi sazişləri üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri vurğulamış və bu müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd etmişlər. Eyni zamanda Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Aİ nümayəndələri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında, eləcə də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğunu xüsusi vurğulamış və bu xüsusda TANAP layihəsinin əhəmiyyətini yüksək qiymətləndirmişlər. 
 
Səfər çərçivəsində Xarici İşlər Nazirinin müavini M. Məmməd-Quliyev həmçinin, Genişlənmə və Qonşuluq siyasəti üzrə Avropa Komissarı Ştefan Füle, Avropa Komissiyasının Ticarət Siyasəti üzrə Baş Direktorluğunun direktor müavini Peter Balaş və Belçika Xarici İşlər Nazirliyinin Baş katibi Dirk Axten ilə ikitərəfli görüşlər keçirmişdir. 
 
Avropa Komissarı Ştefan Füle ilə görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti, korrupsiyaya qarşı mübarizə, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində Hökumət tərəfindən atılan addımlarla bağlı fikir mübadiləsi aparılmışdır. Ştefan Füle Avropa İttifaqı - Azərbaycan münasibətlərində dialoqun intensivləşdirilməsindən məmnun olduğunu, viza rejiminin sadələşdirilməsi istiqamətində aparılan danışıqlarda irəliləyişin müşahidə olunmasını, enerji sahəsində strateji tərəfdaşlığın möhkəmlənməsini, eləcə də hökumətimiz tərəfindən insan hüquqları və demokratiya sahəsində son aylar ərzində müsbət addımların atıldığını və əlbəttə ki, bu sahədə daha da böyük irəliləyişin əldə edilməsinin mümkün olduğunu vurğulayaraq, ümumiyyətlə Aİ və Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın bundan sonra da gücləndirilməsi üçün kifayət qədər potensialın olduğu bildirilmişdir.
 
Avropa Komissiyasının Ticarət Siyasəti üzrə Baş Direktorluğunun direktor müavini Peter Balaş ilə görüşdə Aİ ilə Azərbaycan arasında ticarət dialoqunun gücləndirilməsi, iqtisadi münasibətlərinin bundan sonra daha sürətlə inkişaf etdirilməsinin perspektivləri, eləcə də ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
 
Belçikanın Xarici İşlər Nazirliyinin baş katibi Dirk Axten ilə keçirilən görüşdə ölkələrimiz arasında ticarət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılmış və əməkdaşlıq dialoqunun yeni səviyyəyə qaldırılması zərurəti qeyd edilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər