2012-11-26
Azərbaycanın Litvadakı Səfiri Həsən Məmmədzadə Litvanın Klaipeda şəhərinə səfər etmişdir
Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyindən verilən məlumata görə, Səfir Həsən Məmmədzadə Litvanın ən böyük şəhərlərindən olan Klaipeda şəhərinə səfər etmişdir. Səfər çərçivəsində Səfir Həsən Məmmədzadə Klaipeda şəhər meri Vitautas Grubliauskas, Klaipeda dövlət musiqi teatrının rəhbərliyi və bu şəhərdə yaşayan azərbaycanlı icmasının fəalları ilə görüşlər keçirmişdir.
 
Şəhər meri Vitautas Grubliaskas ilə görüşdə şəhərlərarası, eləcə də bölgələrarası əməkdaşlığın vacibliyi qeyd olunmuş, Klaipeda ilə ölkəmizin bir şəhəri arasında qardaşlıq əlaqələrinin qurulması, burada ənənəvi illik keçirilən mədəniyyət və incəsənət  festivallarında Azərbaycan nümayəndələrinin iştirakı, soydaşlarımızın uşaqları üçün bazar günü məktəbinin açılması və bir çox qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur. 
 
Klaipeda dövlət musiqi teatrının rəhbəri Ramunas Kaubrys və teatrın kollektivi ilə keçirilən görüşdə Litva teatrının Azərbaycan opera və balet teatrı ilə əməkdaşlıq perspektivi, eləcə də klassik Azərbaycan operalarının Litvada səhnələşdirilməsi müzakirə olunmuşdur. “Arşın mal alan” operasının litva dilində səhnələşdirilməsi üçün konkret məsəllər barədə fikir mübadiləsi aparılmışdır. Səfir Həsən Məmmədzadə Klaipeda dövlət musiqi teatrına Azərbaycan milli opera və teatrının nümunələrini hədiyyə etmişdir.
 
Klaipedanın “Azeris” cəmiyyətinin üzvləri, eləcə də burada yaşayan azərbaycanlılarla keçirilən görüşdə, Səfir Həsən Məmmədzadə soydaşlarımızı Litvanın ictimai, siyasi və mədəni həyatında daha fəal olmağa çağırmış, milli adət-ənənələrimizin yaşadılmasının vacibliyindən danışmışdır. 
 
  
 
  

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər