2012-11-23
Nazir Elmar Məmmədyarov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş Səfirini qəbul etmişdir
Cari ilin 23 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş Səfiri Məhəmməd Şakir Kargarı qəbul etmişdir.
 
Etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edən Əfqanıstanlı Səfir Azərbaycana təyin olunmasından məmnunluğunu bildirmiş və ölkəmizin inkişafından təsirləndiyini söyləmişdir. Məhəmməd Şakir Kargar Azərbaycanda çalışacağı dövr ərzində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirmişdir.  
 
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin zəruriliyini vurğulamışdır. Xarici İşlər Naziri yeni təyinatı ilə bağlı Səfiri təbrik etmiş və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etmişdir.

   

  

növbəti xəbər əvvəlki xəbər