2012-11-23
Nazir Elmar Məmmədyarov Sudan Prezidentinin köməkçisi Dr Nafi Əli Nafini qəbul etmişdir
Cari ilin 23 noyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Sudan Respublikasının Prezidentinin köməkçisi Dr Nafi Əli Nafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Nazir Elmar Məmmədyarov qonağı ölkəmizdə salamlamış və ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə etmişdir. Nazir həmçinin, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd etmiş və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verəcəyini vurğulamışdır. Nazir Elmar Məmmədyarov həmçinin qonağa Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və münaqişənin həlli istiqamətində aparılan danışıqların vəziyyəti haqqında məlumat vermişdir.   
 
Sudan Respublikasının Prezidentinin köməkçisi Dr Nafi Əli Nafi səmimi qəbula görə təşəkkür etmiş və ölkəmizə səfərindən məmnunluğunu diqqətə çatdırmışdır. O, Sudana göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etmiş və iki ölkə arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulamışdır. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirmiş və Sudanın bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırmışdır. 
 

Sudan Prezidentinin köməkçisi Dr Nafi Əli Nafi Xarici İşlər Naziri Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət etmişdir.  

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər