2012-11-23
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir
Cari ilin 23 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Litva nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərq Qonşuluq Siyasəti idarəsinin rəisi Edminas Baqdonas başçılıq etmişdir.
 
Görüşdə Azərbaycan ilə Litva arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilmişdir.
 
Nazir müavini Xələf Xələfov Litva nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirmiş və bunun iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə etmişdir. Azərbaycanın Avropa institutlarına inteqrasiyasını prioritet olduğunu deyən Nazir müavini, ölkəmizin Litva, o cümlədən Avropa Birliyi üçün mühüm ölkə, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində etibarlı tərəfdaş olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.
 
Nazir müavini Xələf Xələfov Litvalı qonaqlara Ermənistan Azərbaycan münaqişəsi haqda ətraflı məlumat vermiş və Avropa Birliyinin münaqişə ilə bağlı daha konkret mövqe nümayiş etdirməsinin vacibliyini vurğulamışdır. Həmçinin, münaqişə həll olunmadan regionda inkişafın və davamlı stabilliyin olmayacağı da vurğulanmışdır. 
 
Litvalı rəsmi Azərbaycanda müşahidə etdiyi inkişafın işlərinin onda xoş təəssürat yaratdığını bildirmişdir. Litvanın 2013-cü ilin ortalarından etibarən Avropa Birliyinə sədrlik edəcəyini diqqətə çatdıran Edminas Baqdonas, ölkəsinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində proqrama üzv ölkələrlə, o cümlədən Azərbaycanla daha effektiv əməkdaşlıq edəcəklərini söyləmişdir.
 

 

növbəti xəbər əvvəlki xəbər