2012-11-21
Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri Xoanq Bin Kuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 21 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri Xoanq Bin Kuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Qonaqları salamlayan Nazir müavini Xələf Xələfov, iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə etmişdir. Həmçinin, nazir müavini Xələf Xələfov Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirmiş və sözügedən səfərin ölkələrimiz arasındakı münasibətlərə təkan verəcəyinə əminlik ifadə etmişdir. 
 
Vyetnamlı rəsmi Xoanq Bin Kuan səmimi qəbula görə Azərbaycan tərəfinə minnətdarlıq bildirmiş və ölkəmizdə müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini söyləmişdir. Diplomatik münasibətlərin 20 il öncə qurulmasına baxmayaraq, Azərbaycanla Vyetnam arasında dostluq əlaqələrinin daha dərin tarixə malik olduğunu diqqətə çatdırmışdır. X. Kuan bir çox vyetnamlının Azərbaycanda təhsil aldığını xüsusilə vurğulamışdır. Həmçinin, X. Kuan ölkəsi haqda ətraflı məlumat vermiş, son 20 ildə Vyetnamın keçdiyi yol haqda danışmışdır.
 
Enerji, sosial və təhsil sahələrində Vyetnamın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən X. Kuan, bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulamışdır. 
 
Həmçinin, X. Kuan Vyetnamın beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulamışdır. Bununla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunmuşdur.    
   
Nazir müavini Xələf Xələfov ölkəmizin Vyetnamla əməkdaşlıqda maraqlı olduğunu söyləmişdir. Qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək amil kimi Hanoy və Bakı şəhərlərində Səfirliklərin açılması göstərilmişdir. Enerji və təhsil sahələrində əməkdaşlıq üçün bütün imkanların mövcud olduğunu qarşı tərəfin diqqətinə çatdıran Nazir müavini Xələf Xələfov, burada Azərbaycan Dövlət Neft şirkəti ilə Vyetnam Neft və Qaz Korporasiyası arasında mövcud razılaşmanı, bu sahədə kadrların hazırlanmasında ARDNŞ-in Ali Neft Məktəbinin rolundan danışmışdır. Eyni zamanda, Azərbaycan Diplomatik Akademiyasında təhsil üçün geniş imkanların olduğu da bildirilmişdir.
 
Azərbaycanın son 20 ildə keçdiyi yol haqda danışan Nazir müavini, qısa bir dövr ərzində iqtisadiyyatımızın bütün sahələrində ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırmışdır. 
 
Ölkəmizin 20% ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu və bu işğalın nəticəsi kimi 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salındıqları bildirilmişdir. Ermənistan Azərbaycan münaqişəsinin regionun inkişafı və burada davamlı stabilliyini təmin olunması üçün başlıca maneə olduğunu vyetnamlı rəsmiyə bildirən Nazir müavini Xələf Xələfov, ATƏT-in Minsk Qrupunun bu istiqamətdə iş apardığına baxmayaraq, bu günə kimi nəticə olmadığını söyləmişdir. Nazir müavini Ermənistanın dünya birliyi tərəfindən qəbul olunmuş qərar və qətnamələrə, o cümlədən BMT TŞ-nın qətnamələrinə əməl etmədiyini bildirmiş və Azərbaycanın işğal faktı ilə barışmayacağını vurğulamışdır.  
 

 

növbəti xəbər əvvəlki xəbər