2012-11-21
Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt-komitənin üçüncü iclası keçirilmişdir
Cari ilin 19-20 noyabr tarixlərində Bakı şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt-komitənin üçüncü iclası keçirilmişdir. 
 
İclasın birinci günü Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Aİ-Azərbaycan Fəaliyyət Planında əks olunan hüquq mühafizə, sərhəd idarəçiliyi, miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinin icrasına, ikinci günü isə demokratiya, yaxşı idarəçilik və insan hüquqları sahələrində əməkdaşlığın qiymətləndirilməsinə həsr olunmuşdur.
 
Ekspert səviyyəsində keçirilmiş iclasda hər iki tərəf üçün maraq kəsb edən bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Tədbirdə iştirak etmiş geniş tərkibli Azərbaycan nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev başçılıq etmiş, Aİ nümayəndə heyətinə isə iclasın ədliyyə, azadlıq və təhlükəsizlik məsələlərinə həsr olunmuş birinci hissəsində Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) Şərq Tərəfdaşlığı İkitərəfli Şöbəsinin rəis müavini Reinhold Brender, insan hüquqları və demokratiya məsələlərinə dair ikinci hissəsində isə AXFX-nin İnsan Hüquqları Siyasəti Şöbəsinin rəhbəri Elizabet Tizon rəhbərlik etmişlər.
 
Alt-Komitənin ikinci günü Azərbaycan və Aİ-də insan hüquqlarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır. Müzakirələr geniş miqyaslı məsələlər, o cümlədən insan hüquqlarının müdafiəsi üzrə milli təsisatlar, ədliyyə sistemində islahatlar, seçkilər, ifadə və məlumat azadlığı, toplaşmaq və birləşmək azadlığı, həmçinin, vətəndaş cəmiyyətinin fəaliyyəti, qadın və uşaq hüquqları məsələlərini əhatə etmişdir. Aİ və Azərbaycan Respublikası insan hüquqları müdafiəsi sahəsində beynəlxalq təşkilatlar, xüsusilə də BMT, ATƏT və AŞ çərçivəsində əməkdaşlığı da müzakirə etmişlər. 
 
Aİ-nin üçüncü ölkələrlə insan hüquqları üzrə dialoqu təcrübəsinə uyğun olaraq, insan hüquqlarına həsr olunan görüşdən əvvəl Aİ həmçinin Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərlə görüş keçirmişdir.       

 

növbəti xəbər əvvəlki xəbər