2012-11-21
Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfindən Azərbaycanla İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil olunmuşdur
Cari ilin 19 noyabr tarixində Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfindən Azərbaycanla İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil olunmuşdur.
 
Tədbirdə İsveçrənin Xarici İşlər Departamentinin rəsmiləri, İsveçrənin federal və kantonal qurumlarının nümayəndələri, İsveçrə parlamentinin təmsilçiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpus, Konfederasiyada fəaliyyət göstərən müxtəlif qurumların, biznes dairələrinin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr və elmi fəaliyyət ilə məşğul olan ziyalılar iştirak etmişlər.
 
Tədbirdə çıxış edən Azərbaycanın İsveçrədəki Səfiri Əkrəm Zeynallı, ölkəmizin İsveçrə ilə diplomatik münasibətlərin qurulmasının tarixi, ikitərəfli əməkdaşlıq sahəsində əldə edilmiş nailiyyətlər və münasibətlərin hazırkı vəziyyəti barədə qonaqlara məlumat vermişdir.
 
Eyni zamanda İsveçrə tərəfi adından tədbirdə İsveçrənin Federal Xarici İşlər Departamentinin Birinci Siyasi idarəsinin rəhbəri Səfir Artur Matli çıxış etmişdir. Çıxışında Səfir A. Matli ölkəsinin Azərbaycanla əməkdaşlığa verdiyi önəmdən danışmış, qarşılıqlı maraq və hörmət əsasında qurulmuş ikitərəfli münasibətlərin gələcəkdə daha da genişlənəcəyi ilə əlaqədar əminliyi ifadə etmişdir.
 
Ziyafətdə Azərbaycanın gənc istedadlı pianoçusu Emil Muradovun ifasında Azərbaycan milli musiqi kompozisiyaları səsləndirilmiş, müasir Bakının görüntülərindən ibarət video-çarx nümayiş etdirilmiş və milli mətbəximizin ləziz nümunələri qonaqlara təqdim olunmuşdur.
 
 

 

növbəti xəbər əvvəlki xəbər