2012-11-16
Azərbaycanın Argentinadakı Səfirliyi Uruqvay Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişdir

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi (eyni zamanda Uruqvay Respublikasında akkreditə olunmuşdur) Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar Uruqvay Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişdir. 

Notada uruqvaylı parlamentarilərin bu səfərinin qeyri-qanuni olduğu bildirilmiş və onların səfər zamanı keçirdikləri görüşlərin və açıqlamaların Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik olduğu vurğulanmışdır. Həmçinin qeyd edilmişdir ki, məsuliyyətsizlik və etinasizlıq nümayiş etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirir. 

Notada bildirilmişdir ki, səfərdən öncə Azərbaycan Respublikasının səfiri və Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orriko arasında keçirilmiş görüşdə Uruqvay Nümayəndələr Palatasının sədri Azərbaycan səfirini əmin etmişdir ki, regiona səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcəkdir. 

Səfirlik bir daha Uruqvay tərəfinə xatırlatmışdır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20%, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuş, 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi və mədəni irs dağıdılmış və məhv edilmişdir. BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı, Baş Assambleyası isə 62/243 saylı qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yuvalarına qaytarılmasını tələb etmişdir. Bu mövqe bir sıra beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Qoşulmama Hərəkatının qəbul etdikləri çoxsaylı qətnamə və sənədlərdə də öz əksini tapmışdır. 

Qeyd olunanları nəzərə alaraq, Səfirlik Uruqvay Xarici İşlər Nazirliyindən baş vermiş insidentin araşdırılmasını və məsələyə münasibət bildirilməsini xahiş etmişdir. 


növbəti xəbər əvvəlki xəbər