2012-11-14
Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltsi qəbul etmişdir
Cari ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltsi (nümayəndə başçısı ölkədən kənarda idi) qəbul etmişdir.
 
Görüşdə, ötən həftə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunda iştirak edən Avropa Komissiyası Prezidentinin vitse-prezidenti Neli Kroesin verdiyi bəyanata toxunulmuşdur.
 
Nazir müavini tərəfindən qeyd edilmişdir ki, forumda çıxışında, habelə öz şəxsi internet bloqunda, Kroesin Azərbaycanda insan hüquqlarının müdafiəsi, söz və media azadlığı ilə bağlı verdiyi ifadələr reallığı əks etdirmir. Bununla əlaqədar qarşı tərəfə Azərbaycan hökumətinin ciddi narazılığı bildirilmiş və bu cür əsassız çıxışların Azərbaycan ilə Aİ arasında mövcud olan əməkdaşlıq ruhuna xidmət etmədiyi və əksinə, ikitərəfli münasibətlərə xələl gətirə biləcəyi qeyd edilmişdir.   
 
Nazir müavini qeyd etmişdir ki, Azərbaycan demokratikləşdirmə və insan hüquqlarının qorunması istiqamətində islahatlar aparır və bu sahədə nailiyyətlər əldə etmişdir. İnsan hüquqları, xüsusilə söz və media azadlığı, Azərbaycan hökumətinin daimi diqqət mərkəzindədir. Azərbaycanda əhalinin 60 faizindən çoxu söz azadlığının təmin edilməsi sahəsində mühüm alət olan internetdən sərbəst istifadə edir. Azərbaycan hökuməti telekommunikasiyalar texnologiyalarının inkişafına xüsusi diqqət yetirir. Bununla əlaqədar, ölkəmiz Trans-Avrasiya Super İnformasiya Magistralı kimi böyük regional bir  layihənin təşəbbüskarıdır. 
 
Kroesi müşayiət edən köməkçilərin kompüterlərinə guya müdaxilə edilməsi ilə əlaqədar iddiaların da əsassız olduğu Piltsin diqqətinə çatdırılmışdır. Belə hallarda, adətən dərhal müvafiq yerli qurumlara müraciət edildiyi və Kroesin bunu etməməsi isə təəccüb doğurduğu qarşı tərəfə bildirilmişdir.   
 
Kroesin məhbuslarla görüş keçirmək üçün istədiyi təcridxanaya buraxılmaması ilə əlaqədar nazir müavini bildirmişdir ki, beynəlxalq təşkilatlar və xarici ölkələrin nümayəndələri ölkəmizin mövcud qanunvericiliyinə müvafiq olaraq Azərbaycanın aidiyyəti üzrə dövlət qurumlarının razılığı ilə həbsdəki insanlarla görüşə bilərlər. Elə həmin həftə ərzində, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muiznieks və ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəsi Dünya Miyatoviçin bir neçə məhbusla görüşlərini misal kimi gətirmək olar.   
 

 

növbəti xəbər əvvəlki xəbər