2012-11-14
Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Cənubi Afrika Respublikasının müdafiə nazirinin müavini Tabanq Makvetlanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 14 noyabr tarixində Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Cənubi Afrika Respublikasının (CAR) müdafiə nazirinin müavini Tabanq Makvetlanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinin tərkibinə bu ölkənin Xarici İşlər, Enerji və Müdafiə nazirliklərinin yüksək səviyyəli rəsmiləri daxil olmuşdur. 
 
Qonaqları salamlayan nazir müavini Xələf Xələfov Azərbaycan və CAR arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq bildirmiş və bu münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkənin marağında olduğunu vurğulamışdır. O, nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın formalarının müəyyən olunması və konkret layihələrin həyata keçirilməsi baxımından faydalı olacağına ümid etdiyini bildirmidir. İki ölkə arsaında xüsusilə enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, neft sənayesi sahəsində təcrübə mübadiləsi və tələbə mübadiləsi kimi istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdıran Xələf  Xələfov Azərbaycan və CAR Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətini vurğulamışdır. O, bu istiqamətdə iki ölkə arasında müvafiq anlaşma memorandumunun yaxın zamanlarda imzalanacığını və bu sənədin siyasi təmasların intensivləşdirilməsinə töhfə verəcəyini vurğulamışdır. 
 
Ölkəmizdə aparılan inkişaf strategiyası, həyata keçirilmiş regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat-kommunikasiya layihələri, təhsil və səhiyyə sisteminin müasirləşdirilməsi haqqında nümayəndə heyətinə məlumat vermiş və həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın regional və beynəlxalq nüfuzunun artdığını nəzərə çatdırmışdır. Nazir müavini Xələf Xələfov Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonaqlara ətraflı məlumat vermiş və münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20%-nin işğal olunduğunu, 1 milyon azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını bildirmişdir. Ermənistanın təcavüzkar siyasəti və barışmaz mövqeyinin münaqişənin həllinə əngəl olduğunu, münaqişənin bütövlükdə regionun gələcək inkişafı və sabitliyinə əsas təhdid olduğunu diqqətə çatdırmışdır. 
 
Cənubi Afrika Respublikasının nümayəndə heyətinin rəhbəri, müdafiə nazirinin müavini Tabanq Makvetla ölkəmizə səfər etməkdən məmnunluğunu bildirmiş və səmimi qəbula görə təşəkkür etmişdir. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan Tabanq Makvetla Azərbaycan və CAR arasında ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmiş, xüsusilə enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, neft sektorunda təcrübə mübadiləsi kimi sahələrdə ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır. Tabanq Makvetla hər iki ölkənin regional və beynəlxalq məsələlərə yanaşma tərzinin bənzərliyini vurğulamış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.  
 
Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər