2012-11-13
Nazir Elmar Məmmədyarov Almaniya Xarici İşlər Nazirliyinin Dövlət Katibini qəbul etmişdir
Cari ilin 13 noyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Katibi xanım Kornelia Piperin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
 
Nazir Elmar Məmmədyarov qonağı ölkəmizdə salamlamış və iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan münasibətlərdən məmnunluğunu bildirmişdir. Bu münasibətlərin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırmış və bu günlərdə Bakı şəhərində fəaliyyətə başlamış Alman-Azərbaycan Ticarət Palatasının iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulamışdır. 
 
Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonağa məlumat verən Nazir Elmar Məmmədyarov mövcud status-kvonun qəbulolunmaz olduğunu bildirmişdir. O, münaqişənin həlli üçün Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının zəruriliyini vurğulamışdır. 
 
Almaniya Xarici İşlər Nazirliyinin Dövlət Katibi xanım Kornelia Piper səmimi qəbula görə təşəkkür etmiş və ölkəmizdə müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini diqqətə çatdırmışıdr. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu diqqətə çattdırmışdır. O, Azərbaycanın geostrateji əhəmiyyətini vurğulamış və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən təhsil və texnologiya sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd etmişdir. 
 

Görüşdə maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.  

növbəti xəbər əvvəlki xəbər