2012-11-12
Avstraliyanın Yeni Cənubi Uels Əyalətinin Qanunverici Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ünvanladığı etiraz notasına Avstraliya tərəfi cavab vermişdir
Avstraliyanın Yeni Cənubi Uels Əyalətinin Qanunverici Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ünvanladığı etiraz notasına Avstraliya tərəfi cavab vermişdir.
 
Cavab notasında Avstraliya Hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğu və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadığı vurğulanır. Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilir və bu mövqeyin dəyişmədiyi diqqətə çatdırılır. Həmçinin, Avstraliya Hökuməti bu münaqişənin Azərbaycan və Ermənistan Hökumətləri arasında dialoq yolu ilə həllinə ümid edir. Notada həmçinin, Avstraliya hökumətinin ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh danışıqlarını dəstəklədiyi bildirilir. 
 

Bununla yanaşı, Azərbaycan Avstraliya ilə əməkdaşlığı həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirir.

Xatırlatmaq istərdik ki, Avstraliyanın 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Bob Karra təbrik məktubu göndərmişdir. Məktubda Xarici İşlər Naziri Elmar Məmmədyarov Avstraliyanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibəti ilə həmkarını təbrik etmiş və Azərbaycanın Avstraliya ilə BMT TŞ kimi mötəbər qurum çərçivəsində əməkdaşlıq etmək əzmini diqqətə çatdırmışdır.  

növbəti xəbər əvvəlki xəbər