2012-11-07
Azərbaycanın Argentinadakı Səfiri Məmməd Əhmədzadə Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Orriko ilə görüşmüşdür
Azərbaycanın Argentinadakı Səfiri (eyni zamanda Uruqvayda akkreditə olunmuş) Məmməd Əhmədzadə cari ilin 5 noyabr tarixində Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Orriko ilə görüşmüşdür.
 
Görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair, eləcə də qarşılıqlı iqtisadi, ticarət və sərmayə imkanları barədə fikir mübadiləsi aparılmışdır.
 
Cari ilin iyul ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Uruqvaya səfəri zamanı onunla keçirdiyi görüşü məmnunluqla xatırlayan Xorxe Orriko, bu səfərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd etmişdir.  
 
M.Əhmədzadə Uruqvay parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılmasına verdiyi dəstəyə görə X. Orrikoya təşəkkürünü bildirmişdir. Azərbaycanın Milli Məclisində də Uruqvayla parlamentlərarası dostluq qrupunun yaradıldığı barədə məlumat verən səfir, bu dostluq qruplarının iki ölkə arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əminlik ifadə etmişdir.   
 
Görüşdə cari ilin oktyabr ayının əvvəllərində Uruqvay Senatının və Nümayəndələr Palatasının üzvlərindən ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfəri və səfər zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və digər rəsmilərlə keçirdiyi görüşlərin əhəmiyyəti vurğulanmışdır. Səfir M.Əhmədzadə Uruqvay parlamentinin sədrini Azərbaycana səfərə dəvət etmiş, X. Orriko dəvəti məmnuniyyətlə qəbul etmişdir. 
 
M.Əhmədzadə Uruqvay parlamentinin sədrinə Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasına dair ölkəmizin mövqeyi barədə məlumat vermişdir. Öz növbəsində, X.Orriko bildirmişdir ki, Uruqvay ənənəvi olaraq münaqişələrin sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdarıdır.

   

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər