2020-01-10

No:003/20, AR Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır

Sual: Avropa Parlamentinin ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı yaydığı məlumatla bağlı nə deyə bilərsiniz?

Cavab: Bu ilin 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aidiyyəti üzrə ölkəmizin Milli Məclisi tərəfindən parlament nümayəndə heyətlərinə və üzvü olduğumuz Parlament Assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT MDB, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlara dəvət məktubları göndərilib. Yəni, Azərbaycan tərəfi əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkilərini izləmək dəvəti ilə müraciət ünvanlayıb. Konkret olaraq, Avropa Parlamentinin (AP) yaydığı məlumata gəldikdə isə öncə onu vurğulamaq istərdim ki, AP-nin yaydığı bu məlumatın qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Birincisi, Azərbaycan tərəfi AP-yə belə bir dəvət ünvanlamayıb ki, AP də bu dəvətdən imtina etsin. Ümumiyyətlə qeyd etmək istərdim ki, ölkəmizin Avropa Parlamenti qarşısında hər hansı bir öhdəliyi yoxdur. İkincisi, bu, AP-nin prosedura qaydalarına uyğun olaraq verilmiş, yəni AP-nin müşahidəçi qismində iştirak etmədiyi seçkilərdə üzvlərin şəxsi qisimdə iştirak edəcəyinə dair yayılmış bir məlumatdır.

Arxiv üzrə axtarış

xin diplomatic service