2019-12-04

No:387/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı

Qeyri-rəsmi tərcümə

 

Rusiya jurnalistləri, Azərbaycana xoş gəlmisiniz! Sizi Bakıda görməkdən çox məmnunuq. Daha tez-tez gəlin, həmişə rəsmi səfərlə deyil, turist kimi gələ və Azərbaycanın ənənəvi qonaqpərvərliyindən zövq ala bilərsiniz.

Bildiyiniz kimi, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Viktoroviç Lavrov Azərbaycanda işgüzar səfərdədir.

Dünən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə çox fəal müzakirələr baş tutdu. Bu gün həmkarımla təkbətək, daha sonra isə geniş tərkibdə görüşlər keçirdik. Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında 2020-ci il üçün Məsləhətləşmələr Planını imzaladıq.

Ümumiyyətlə, deyə bilərəm ki, bütün məsələlər müzakirə mövzusu oldu. Azərbaycan və Rusiya arasındakı münasibətlər strateji əməkdaşlığın uğurlu nümunəsidir və dövlət başçıları səviyyəsində davamlı təmaslar və qarşılıqlı səfərlər bunun bariz nümunəsidir. Yalnız bu il ərzində Prezident cənab İlham Əliyev iki dəfə Rusiyaya səfər edib və Vladimir Vladimiroviç Putin ilə görüşüb. Bilirsiniz ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiya Federasiyasına səfəri bu yaxınlarda başa çatdı, və səfər çərçivəsində dövlət başçısı, baş nazir və parlamentin yuxarı palatasının spikeri ilə görüşlər baş tutdu. Bu səfər çox məzmunlu və məhsuldar keçdi.

Deyə bilərəm ki, ölkələrimiz arasında, əlbəttə ki, çox böyük və ciddi hüquqi baza mövcuddur, ilk növbədə 1997-ci il 3 iyul tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında əsas Müqaviləyə, 2008-cu il 3 iyul tarixli Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsinə əsaslanır. 2010-cu il Dövlət Sərhəd Müqaviləsi də ikitərəfli münasibətlərimizdə çox mühüm rola malikdir.

İqtisadiyyatla bağlı isə deyə bilərəm ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artmaqdadır, hazırda 2,5 milyard dolları keçib. Ümid var ki, bu rəqəm ilin sonunadək üç milyard dollara çatacaq. Prinsipcə, Azərbaycan Rusiyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Doqquz ay ərzində Cənubi Qafqazın üç ölkəsi arasında ümumi dövriyyənin 45 faizi Azərbaycanın payına düşür. Öz növbəsində Rusiya Azərbaycanın qeyri-neft ixracatında birinci yerdədir. Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya yatırıb ki, bunun təqribən 4 milyardı neft sektoruna və təxminən 1 milyardı qeyri-neft sahəsinin payına düşür.

Bugünkü görüşdə beynəlxalq məsələləri müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi geniş şəkildə müzakirə edildi. Bu sahədə son hadisələri ətraflı müzakirə etdik. Əlbəttə ki, Dağlıq Qarabağ münasişəsinin nizamlanması məsələsi həm Rusiya ilə ikitərəfli formatda, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.Tamamilə əminik ki, bu məsələdə irəli getmək lazımdır, çünki hal-hazırda mövcud olan “nə müharibə, nə də sülh” vəziyyəti bir nəticə vermir.

Vəziyyətin kifayət qədər mürəkkəb olduğunu nəzərə alaraq, prosesi çətinləşdirən məqamlardan azad olmaq üçün çox güman ki, münaqişənin həllinə mərhələli yanaşmaq ən düzgün addımdır. İlk növbədə, silahlı qüvvələr kazarmalara qayıtmalı və mövcud mövqelərdə durmamalıdırlar. Əlbəttə ki, bu məcburi köçkünlərin, qaçqınların geri qayıtması, iqtisadi imkanların açılması, yolların açılması və qarşılıqlı mübadilə üçün imkanlar açacaqdır. Məntiq budur ki, tənzimlənmə prossesi irəli aparılmalı və nəticə etibarilə əməkdaşlıq rifaha gətirilməlidir. Bu məsələ həm də Rusiya ilə dialoqumuzun gündəliyindədir.

Bu il Rusiyadan Azərbaycana gələn turist axınının artması milyona yaxınlaşır və bu da bizi sevindirir. Rusiyadan qonaqlar nə qədər çox olarsa, ikitərəfli əməkdaşlığımız bir o qədər yaxşı olar.

Diqqətinizə görə təşəkkür edirəm!

Sual-cavab sessiyası:

Sual: (Sputnik xəbər agentliyi): Bratislavada qarşıdan gələn ATƏT-in Nazirlər Şurasının iclasında Ermənistan Xarici İşlər naziri ilə görüşünüzün keçirilməsi planlaşdırılır. Qarşıdakı görüşdən gözləntiləriniz nələrdir? Görüşün nəticəsi ilə bağlı hər hansı ortaq bəyanat veriləcəkmi?

Elmar Məmmədyarov: Çox sağ olun. Sabah Bratislavada Ermənistanın xarici işlər naziri ilə görüşəcəyik. Bratislavadakı görüşdən əsas gözlənti irəliyə doğru hərəkət etməkdir. Biz irəli addım atmaq üçün əlimizdən gələni etməliyik. Əks təqdirdə yaranmış vəziyyət, status-kvo heç kəs üçün uyğun deyil. ATƏT-in Minsk Qrupu həmsədrləri də dəfələrlə status-kvonun heç kimi qane etmədiyini demək olar ki, bütün bəyanatlarında və şərhlərində qeyd ediblər. Hamı anlayır ki, bu məsələnin həlli tapılmalıdır.  

Bəli, müəyyən problemlər var. Dünən həmkarım status və təhlükəsizlik məsələlərini müzakirə edəcəyini söylədi. Statusla bağlı prinsipial yanaşma aydındır. Burada söhbət Dağlıq Qarabağın bütün əhalisindən, azərbaycanlı məcburi köçkünlərin normal həyat tərzinə dönmələrindən gedir. Qarşılıqlı təmaslara ehtiyacımız var, məhz onda etimad mühiti yaradılacaqdır.

Təhlükəsizlik məsələsinə gəldikdə, Azərbaycan tərəfinin anlayışında və Ermənistan tərəfinin anlayışında təhlükəsizliyin nə olduğuna diqqət yetirilməlidir. Hazırkı vəziyyətdə çox nümunə var. Məsələn, 1994-cü ildə ATƏT-in Budapeşt Sammitinin sülhməramlı əməliyyatlar barədə qəbul etdiyi qərarı var. Bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə, silahlı qüvvələr kazarmalara qayıtmalıdır. Bu yolla sürətli şəkildə etimad mühitinin yaranmasına nail olmaq olar. Əgər Ermənistan tərəfi Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini önə çəkirsə, Azərbaycan tərəfi də həmişə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin təhlükəsizliyi məsələsini qoyacaq.

Bu, gec-tez baş verəcək, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıdacaqlar: əvvəl 5 rayondan başlayaraq, sonra 2 rayon və nəhayət, imkan yarananda Dağlıq Qarabağa qayıdacaqlar. ATƏT-in Minsk Qrupunun həmsədrləri vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsinin həlli barədə hesabat hazırlamalıdırlar. Bunun üçün yenə də substantiv danışıqlar vacibdir və ümid edirəm ki, sabah məhz predmetli danışıqların yeni fazasını açacağıq.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

Arxiv üzrə axtarış

xin diplomatic service