English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin

bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında

Azərbaycan Respublikasının Qanunu
13 iyun 1995-ci il, N105



I Fəsil

Ümumi müddəalar


Maddə 1. Qanunun məqsədi
Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə bu Qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir.

Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu Qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır.

Maddə 2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri;
Azərbaycan Respublikası adından;
Azərbaycan Respublikasının hökuməti adından;
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri adından bağlanır.

İdarələrarası xarakter daşıyan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir.

Maddə 3. Beynəlxalq müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə edilməsi üsulları
Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər.


II Fəsil
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması


Maddə 4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi verirlər.

Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla razılaşdırmaqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti verilmiş təkliflərə baxıb müvafiq rəylə birlikdə həmin təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Azərbaycan Respublikasının beynəlxalq müqaviləsinin bağlanması haqqında təklif verilərkən beynəlxalq müqavilənin bağlanması zərurəti əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi, hüquqi, maddi və maliyyə nəticələri müəyyənləşdirilir, beynəlxalq müqavilənin icraçıları göstərilir, danışıqların aparılması, beynəlxalq müqavilənin mətninin qəbul edilməsi və ya əslinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi və ya nümayəndəsi təklif edilir.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar nəzərdə tutulan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla və müvafiq ekspert rəyi ilə birlikdə təqdim edilir.

Maddə 5. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması haqqında qərarların qəbul edilməsi
Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları:
1) Azərbaycan Respublikası adından bağlanan müqavilələrə dair — Azərbaycan Respublikasının Prezidenti;

2) Azərbaycan Respublikası hökuməti adından bağlanan müqavilələrə dair —Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti qəbul edir.

Maddə 6. Beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyəti

Beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini:
1) Azərbaycan Respublikası adından bağlanan müqavilələr barəsində — Azərbaycan Respublikasının Prezidenti;

2) Azərbaycan Respublikası hökuməti adından bağlanan müqavilələr barəsində — Azərbaycan Respublikasının Prezidenti verir.

Maddə 7. Xüsusi səlahiyyət olmadan beynəlxalq danışıqlar aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının xarici işlər naziri isə bu Qanunun 8-ci maddəsinin ikinci hissəsində göstərilən beynəlxalq müqavilələr istisna olmaqla, Azərbaycan Respublikasının digər beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları imzalamaq hüququna malikdirlər.

Bu Qanunun 8-ci maddəsinin ikinci hissəsində göstərilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələri barəsində danışıqların aparılmasına, onların imzalanmasına dair səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirinə, Azərbaycan Respublikasının xarici işlər nazirinə, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.

Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin başçısı və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birində Azərbaycan Respublikası nümayəndəliyinin başçısı xüsusi səlahiyyət olmadan müvafiq surətdə qəbuledici dövlətlə və ya həmin beynəlxalq konfrans, təşkilat və ya onun orqanlarının biri çərçivəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında danışıqlar aparmaq hüququna malikdirlər.

Maddə 8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Ali Soveti ratifikasiya edir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ratifikasiya üçün bir ay ərzində Azərbaycan Respublikasının Ali Sovetinə təqdim olunmalıdır.

Ratifikasiya edilməli olan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə aşağıdakılar aiddir:

1) dostluq, əməkdaşlıq və qarşılıqlı yardım (həmrəylik) haqqında, dövlətlərarası münasibətlərin prinsiplərini müəyyən edən müqavilələr;

2) sülh müqavilələri;

3) ərazilərin bölünməsi, özgəninkiləşdirilməsi və sərhədlərin dəqiqləşdirilməsi məsələləri istisna olmaqla, ərazi və sərhəd məsələləri barəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə müqavilələri;

4) müdafiə xarakterli və hərbi əməkdaşlığa dair müqavilələr;

5) hüquqi yardım haqqında müqavilələr;

6) Azərbaycan Respublikasının universal və regional xarakter daşıyan beynəlxalq təşkilatlara daxil olması haqqında müqavilələr;

7) çoxtərəfli və ya uzunmüddətli iqtisadi müqavilələr;

8) Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən edən müqavilələr;

9) Azərbaycan Respublikasının qanunlarında, yaxud beynəlxalq müqavilələrində ratifikasiya edilməsi nəzərdə tutulan müqavilələr;

10) kredit alınması məsələlərinə dair müqavilələr;

11) dövlətlərarası ittifaqlarda və başqa dövlətlərarası birliklərdə iştiraka dair müqavilələr;

12) Azərbaycan Respublikası silahlı qüvvələri kontingentinin başqa ölkələrə göndərilməsi, yaxud başqa dövlətlərin silahlı qüvvələri kontingentinin Azərbaycan Respublikası ərazisinə buraxılması haqqında müqavilələr.

Azərbaycan Respublikasının başqa beynəlxalq müqavilələri də Azərbaycan Respublikası Prezidentinin qərarı ilə ratifikasiya üçün Azərbaycan Respublikasının Ali Sovetinə təqdim oluna bilər.

Maddə 9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bəyənilməsi və ratifikasiya haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilməsi və ratifikasiyaya təqdim edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müstəqil surətdə, yaxud Azərbaycan Respublikasının başqa nazirlikləri, dövlət komitələri və idarələri ilə birlikdə və ya onlarla razılaşdıraraq təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti həmin təkliflərə baxıb müvafiq qərar qəbul edir.

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının iştirak etdiyi ratifikasiyası tələb olunmayan hər bir beynəlxalq müqavilənin ratifikasiya edilməsi məsələsini həll edə bilər.

Maddə 10. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiya edilməsi haqqında təkliflərə qabaqcadan baxılması
Azərbaycan Respublikası Prezidentinin ratifikasiya üçün Azərbaycan Respublikasının Ali Sovetinə təqdim etdiyi Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə Ali Sovetin müvafiq komissiyaları qabaqcadan baxaraq rəy verirlər.

Maddə 11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında qərarların qəbul edilməsi
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Prezidenti tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və müvafiq qərar qəbul edir.

Ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı əsasında Azərbaycan Respublikasının Prezidenti ratifikasiya fərmanı imzalayır.

Maddə 12. Ratifikasiya fərmanlarının mübadiləsi və onların saxlanmağa verilməsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi ratifikasiya fərmanlarını mübadilə edir və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiya edilməsi haqqında fərmanları saxlanılmaq üçün depozitariyə verir.

Maddə 13. Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin təsdiq və ya qəbul edilməsi
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini aşağıdakılar təsdiq və ya qəbul edirlər:

1) Azərbaycan Respublikası adından bağlanan müqavilələri — Azərbaycan Respublikasının Prezidenti;

2) Azərbaycan Respublikasının hökuməti adından bağlanan müqavilələri — Azərbaycan Respublikasının Prezidenti və ya onun qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında Azərbaycan Respublikasının Ali Sovetinə məlumat verirlər.

Maddə 14. Beynəlxalq müqavilələrə qoşulma
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı aşağıdakılar qəbul edirlər:

1) ratifikasiyası tələb olunan müqavilələr barəsində — Azərbaycan Respublikasının Ali Soveti;

2) ratifikasiyası tələb olunmayan müqavilələrə Azərbaycan Respublikası adından qoşulduqda — Azərbaycan Respublikasının Prezidenti;

3) ratifikasiyası tələb olunmayan müqavilələrə Azərbaycan Respublikasının hökuməti adından qoşulduqda — Azərbaycan Respublikasının Prezidenti və ya onun qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.


III Fəsil
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası


Maddə 15.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əməl edilməsi

Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir.

Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçılarının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir.

Maddə 16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsinin təmin edilməsi

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir.

Maddə 17. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri, idarələri və başqa dövlət orqanları Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və onların səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edirlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin həm Azərbaycan Respublikası, həm də həmin müqavilələrin digər iştirakçıları tərəfindən yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müntəzəm məlumat verir.

Maddə 18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidə
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.

Maddə 19. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin digər iştirakçılar tərəfindən pozulmasına görə görülən tədbirlər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklər həmin müqavilələrin digər iştirakçıları tərəfindən pozulduqda Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və başqa nazirlikləri, dövlət komitələri və idarələri Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi tədbirlər görülməsi haqqında təkliflər verirlər.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələri digər iştirakçılar tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda, habelə beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş başqa hallarda həmin müqavilələrə bu Qanunun 21-24-cü maddələrində müəyyən edilmiş qaydada xitam verilir.

Maddə 20. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişikliklər edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali Soveti qərarlarının qəbul edilməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının verilməsi lazım gəldikdə əlaqədar nazirliklər, dövlət komitələri və idarələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, qanunvericilikdə müəyyənləşdirilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər verirlər.


IV Fəsil
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi


Maddə 21. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti, habelə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müstəqil surətdə və ya digər nazirliklər, dövlət komitələri və idarələri ilə birlikdə, yaxud onlarla razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə təqdim edirlər.

Maddə 22. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ləğv edilməsi
Azərbaycan Respublikası adından bağlanmış və ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikası Prezidentinin təklifinə əsasən Azərbaycan Respublikasının Ali Soveti ləğv edir.

Bu Qanunun 8-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallarda da Azərbaycan Respublikasının beynəlxalq müqavilələri bu maddənin birinci hissəsində göstərilən qaydada ləğv edilir.

Maddə 23. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflərə qabaqcadan baxılması
Bu Qanunun 22-ci maddəsinə əsasən ləğv edilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğvi haqqında təkliflərə Azərbaycan Respublikası Ali Sovetinin müvafiq daimi komissiyaları qabaqcadan baxıb rəy verirlər.

Maddə 24. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ləğv edilməsi
Azərbaycan Respublikası adından və Azərbaycan Respublikası hökuməti adından bağlanan və ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti ləğv edir.


V Fəsil
Yekun müddəaları


Maddə 25. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin dərc edilməsi
Ratifikasiya edilmiş, habelə bu Qanuna müvafiq təsdiq edilmiş, qəbul edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı ilə «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatlarında» və Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc edilir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin əslinə uyğun mətnləri xarici dillərdə tərtib olunduqda, həmin müqavilələr Azərbaycan dilinə rəsmi tərcümə ilə birlikdə bu dillərin birində çap edilir.

Maddə 26. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin rəsmi qeydiyyatı
Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin reyestrində qeydə alınır.

Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələrinin Birləşmiş Millətlər Təşkilatının Katibliyində və ya digər beynəlxalq təşkilatların müvafiq orqanlarında qeydiyyatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.



pxl Home Top pxl
pxl