Avropa İttifaqı
Aİ - AZƏRBAYCAN FƏALİYYƏT PLANI
Azərbaycan Respublikasının
Avropa İttifaqı ilə münasibətləri
Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.
Aİ öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. Hazırda Azərbaycan Respublikasının Aİ yanında Daimi Nümayəndəsi vəzifəsini Fövqəladə və Səlahiyyətli Səfir Arif Məmmədov yerinə yetirir. Aİ-nin Azərbaycan Respublikasındakı Xüsusi Elçisi isə Antonuis de Vriesdir.
7 iyul 2003-cü il tarixində Avropa İttifaqının regiondakı rolunun daha da aktivləşdirilməsi məqsədilə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olundu. Hal-hazırda bu vəzifəni Heyki Talvitye (Finlandiya) icra edir.
1991-ci ildən bəri Azərbaycan Aİ-dən 400 milyon avro dəyərində humanitar, texniki, ərzaq yardımı almışdır.
Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) (22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmışdır) qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.
Müqavilənin məqsədləri aşağıdakılardır:
- Müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi;
- Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi;
- Ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlıq
TƏS-də nəzərdə tutulduğu kimi, Aİ-Azərbaycan Əməkdaşlıq Şurası (illik keçirilir) əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və Əməkdaşlıq Komitəsi (illik keçirilir) Şuraya tövsiyələr verməklə kömək edir. Ticarət və İnvestisiya Məsələləri üzrə Alt Komitə isə Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir və TƏS əsasında ticarət, investisiya və iqtisadi əməkdaşlığa dair digər məsələləri müzakirə edir.
İndiyə kimi Əməkdaşlıq Şurasının 6 toplantısı (12 oktyabr 1999, 10 oktyabr 2000, 30 oktyabr 2001, 1 oktyabr 2002, 30 sentyabr 2003, 14 sentyabr 2004), Əməkdaşlıq Komitəsinin 5 toplantısı (27 mart 2000, 25 iyun 2001, 12 iyul 2002, 9 iyun 2003, 8 iyun 2004), Alt Komitənin 4 toplantısı (21 iyul 2000, 30 aprel 2002, 14 mart 2003, 22 aprel 2004) keçirilmişdir.
Bundan əlavə, TƏS-in 86-cı maddəsinə uyğun olaraq, ildə bir dəfə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasları keçirilir. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin bu günə kimi 5 toplantısı (17-18 aprel 2000, 21-22 may 2001, 25-26 fevral 2002, 28-29 aprel 2003, 17-18 noyabr 2004) keçirilmişdir.
2004-cü il 17-18 iyun tarixlərində Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının Brüsseldə keçirilmiş toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə (AQS) cəlb olunmasına dair tövsiyəsi təsdiq olunmuşdur. Avropa Qonşuluq Siyasətinin Azərbaycan üçün yaratdığı imkanlar:
- Siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq imkanı;
- Paralel olaraq, vətəndaşların, əmtəənin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya prosesləri;
- Aİ ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s.
Aİ TACİS proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir. TACİS proqramı (MDB ölkələrinə texniki yardım) 12 keçmiş Sovet İttifaqı dövləti və Monqolustana texniki yardım dəstəyini təmin etmək üçün 1991-ci ildə yaradılmışdır. TACİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. TACİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri TRACECA və İNOGATE-dir.
TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat koridoru) Brüsseldə 1993-cü ilin mayında keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəqliyyat nazirlərinin Konfransında təsis olunmuşdur. Bu təşkilatın məqsədi-qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və üzv dövlətlər arasında sonrakı regional əməkdaşlığı stimulə etməkdən ibarətdir.
8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü və Aİ-nın TACİS-TRACECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı beynəlxalq konfrans keçirilmişdir. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın “Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridorunun inkişafı üçün əsas Beynəlxalq Nəqliyyat çoxtərəfli Müqavilə” (Əsas razılaşma) və Əsas Razılaşmanın əsasında olan Texniki Əlavə sənədlər:
- beynəlxalq dəmiryolu nəqliyyatı
- beynəlxalq yol nəqliyyatı
- beynəlxalq kommersiya dəniz gəmiçilik naviqasiyası
- gömrük proseduraları və sənədlərin təhvili
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əsas razılaşma və Texniki Əlavələrin Depozitarıdır.
Əsas razılaşmanın müddəalarının tətbiqi və icrası ilə bağlı məsələlərin tənzimlənməsi üçün üzv dövlətlər Hökumətlərarası Komissiyanın (HK) yaradılması razılığına gəlmişlər. HK üzv-dövlətlərin nümayəndələrinin təmsilçiliyi əsasında Əsas razılaşmaya əsasən yaradılmış və qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.
21 fevral 2001-ci ildə Avropa İttifaqının (Aİ) yüksək rəsmilərinin iştirakı ilə HK TRACECA Daimi Katibliyinin Ofisinin Bakıda açılışı keçirilmişdir. İştirakçılar arasında Xarici İşlər Naziri, İsveçin Aİ-dakı sədrliyinin nümayəndəsi Anna Lind, Aİ-nin Xarici Münasibətlər üzrə Komissarı Kristofer Patten, Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xaviyer Solana olmuşdur.
TRACECA layihəsi Azərbaycanla 25 texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini dəstəkləyir ki, bu layihələrin 26-da Azərbaycanın payı ümumilikdə 100 milyon avro məbləğindən də artıqdır.
İNOGATE (Avropaya dövlətlərarası neft və qaz ixracı) Aİ-nın yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional təşəbbüsdür. 1999-cu ilin iyul ayında 15 dövlətin (Azərbaycan da daxil olmaqla) iştirakı ilə imzalanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Çərçivə Sazişi İNOGATE-nin əsas hüquqi bazasını təşkil edir.
Proqramın 1-ci fazası ümumi məbləği 50 milyon avrodan artıq olan 10 layihənin həyata keçirilməsini nəzərdə tutur ki, bu layihələrdən 5-i bilavasitə Azərbaycanla əlaqədardır. İNOGATE yeni müstəqil dövlətlər və Azərbaycana münasibətdə trans-sərhəd layihələrinin həyata keçirilməsi üçün yeni perspektivlər yaradır və hidrokarbon mənbələrinin tranziti ilə bağlı beynəlxalq razılaşmaların üstünlükləri əsasında beynəlxalq maliyyə institutları və xüsusi investisiya fondları tərəfindən investisiyanın cəlb edilməsi məqsədləri üçün katalizator rolunu oynayır.
- Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 22 may 1992-ci il
- Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 18 iyun 1992-ci il
- Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 7 aprel 1993-cü il
- Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 24 iyun 1993-cü il
- Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 3 sentyabr 1993-cü il
- Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 9 noyabr 1993-cü il
- Dağlıq Qarabağ münaqişəsinə dair Avropa İttifaqının mövqeyi
- Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin üçüncü iclası, 12 iyul 2002-ci il