Avropa Şurası
AVROPA ŞURASI VƏ AZƏRBAYCAN
24 yanvar 1992-ci il - Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.
10 noyabr 1994-cü il - Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 saylı qətnamə qəbul etmişdir.
3 fevral 1995-ci il - AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
17- 18 mart 1996-cı il - Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.
5-6 iyun 1996-cı il - Azərbaycan Respublikasının Xarici İşlər Naziri H.Həsənov Strasburqa səfər edərək AŞ Nazirlər Komitəsində Azərbaycanın Avropa ilə tarixi əlaqələri, dövlətimizin xarici siyasəti, ölkəmizdə demokratik dəyişikliklərin gedişi haqda müzakirələr aparmışdır. Bu görüşün nəticələri ilə əlaqədar olaraq AŞ və Azərbaycan arasında Əməkdaşlıq Proqramı tərtib edilmişdir.
28 iyun 1996-cı il - Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmişdir.
12-14 iyul 1996-cı il - AŞ Nazirlər Komitəsinin Sədri, Estoniya Xarici İşlər Naziri S.Kelas və Avropa Şurasının Baş katibi D.Tarşısın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edərək Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirləri ilə görüşlər keçirmiş və Azərbaycanın AŞ-da iştirakı perspektivlərini müzakirə etmişdir.
13 iyul 1996-cı il - Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.
11 sentyabr 1996-cı il - Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan ( 96) 32 saylı qətnamə qəbul edilmişdir.
Yanvar 1997-ci il - Azərbaycan Respublikası Milli Məclisinin Sədri M.Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının Sədri xanım Leni Fişerin dəvəti ilə Strasburqda keçirilən Qafqaz problemlərinə dair seminarda iştirak etmişdir.
22 aprel 1997-ci il- Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir.
25 aprel 1997-ci il - Azərbaycan Respublikası Avropa Mədəniyyət Konvensiyasına qoşulmuşdur.
10-11 oktyabr 1997-ci il - Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən 2-ci zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlamışdır.
20 yanvar 1998-ci il - Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalamışdır.
3 fevral 1998-ci il - Azərbaycan Respublikasının Milli Məclisi Respublika Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul etmişdir (1993-cü ildən etibarən ölüm hökmünün icrasına faktiki surətdə moratorium qoyulmuşdur.)
Avqust 1998-ci il - Avropa Şurasının baş katibi D.Tarşisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana dair ətraflı məlumat toplamaq üçün Bakıya səfər edərək bir sıra rəsmi görüşlər keçirmişdir.
16 avqust 1998-ci il - Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
11 sentyabr 1998-ci il - Avropa Şurasının yardımçı və məsləhətçi orqanı olan Qanun vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) nümayəndə heyəti Belçikanın Konstitusiya və Arbitraj Məhkəməsinin Sədri M.Melşorun başçılığı altında Azərbaycanda olmuşdur.
Noyabr 1998-ci il - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev Strasburqa səfər etmiş, Avropa Şurasının Baş Katibi D.Tarşis və Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları komitəsinin Sədr müavini ilə keçirdiyi görüşlərdə Azərbaycanda Konstitusiya Məhkəməsinin təşkili, formalaşması və fəaliyyəti barədə məlumat vermiş, Azərbaycanın bu mötəbər quruma üzvlüyə hazır olduğunu bəyan etmişdir.
15 – 18 sentyabr 1999-cu il - Avropa Şurası Parlament Assambleyasının Sədri cənab Lord Rassel-Conston Azərbaycana səfər etmişdir.
21 oktyabr 1999-cu il - Azərbaycan Respublikasının Prezidenti “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncam vermişdir.
2-3 mart 2000-ci il - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini A.Əzimov Strasburqa səfər edərək Avropa Şurası Nazirlər Komitəsinin Avropada demokratik sabitlik üzrə Komitəsinin iclasında çıxış etmiş, AŞ-nın yüksək vəzifəli şəxsləri və bu təşkilatın üzvü olan dövlətlərin daimi nümayəndələri ilə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı müzakirələr aparmışdır.
18 mart 2000-ci il - Azərbaycan Respublikasının Prezidenti “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” sərəncam imzalamışdır.
23, 25 mart 2000-ci il - Avropa Şurası Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır.
27–28 mart 2000-ci il - Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev Strasburqa səfər edərək Milli Məclisdə təmsil olunmuş siyasi partiyalar tərəfindən imzalanmış öhdəliklərin siyahısını və Azərbaycanın 8 Avropa Şurası konvensiyasına qoşulması barədə ratifikasiya sənədlərini Avropa Şurasının Baş Katibinə təqdim etmişdir.
5-6 may 2000-ci il - Azərbaycan Respublikası Milli Məclisinin Sədri M.Ələsgərov Strasburqa səfər edərək Avropa dövlətləri Parlamentləri başçılarının Konfransı, üç Cənubu Qafqaz respublikası və Fransa Parlament nümayəndə heyətləri arasında, eləcə də Cənubi Qafqaz dövlətlərinin parlament nümayəndələri və AŞPA arasında keçirilən görüşlərdə iştirak etmişdir.
15 may 2000-ci il - Avropa Şurası Siyasi Komitəsinin Dublində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi J.Bomelin hesabatı dinlənilmiş və Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verilmişdir.
22 may 2000-ci il - Avropa Şurası Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Limasolda (Kipr) keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi üçün müəyyən şərtlər irəli sürülmüşdür.
1 iyun 2000-ci il - AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Limasol görüşünün nəticələrinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsi ilə azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərlə görüşlərə dair səlahiyyətlərin həyata keçirilməsi haqqında saziş imzalamışdır.
12 – 13 iyun 2000-ci il - AŞ Siyasi Komitəsinin Romada növbəti iclası keçirilmiş və Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verilmişdir.
13 – 14 iyun 2000-ci il - AŞ Hüquq məsələləri və insan hüquqları Komitəsinin Parisdə növbəti görüşü keçirilmiş və Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzvlüyü məsələsi ilə bağlı Limasol görüşünün qərarları qüvvədə saxlanılmışdır.
13 - 14 iyun 2000-ci il - Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən İtaliyanın nümayəndə heyəti İtaliyanın Xarici İşlər Nazirinin müavini U.Ranyerinin başçılığı ilə Azərbaycanda səfərdə olmuşdur. AŞ Katibliyi və Nazirlər Komitəsinin məsul şəxslərindən təşkil edilmiş nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, Xarici İşlər Naziri və Konstitusiya Məhkəməsinin sədri ilə keçirdiyi görüşlərdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi istiqamətində atılmış son addımlara dair müzakirələr aparılmışdır.
26 – 28 iyun 2000-ci il - Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir.
6 sentyabr 2000-ci il - Avropa İttifaqının üzvü olan ölkələr adından Sədrlik (Fransa) tərəfindən Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlük üçün müraciətləri ilə bağlı bəyanat qəbul edilmişdir. Bu dövlətlərdə mövcud olan siyasi şəraitin müəyyən zaman kəsiyində Avropa Şurası tərəfindən müdafiə olunan dəyər və prinsiplərə uyğun şəkildə inkişaf edəcəyinə ümidin ifadə olunduğu bu bəyanatda bildirilir ki, Katiblik tərəfindən göstərilən məsələyə haqqında hazırlanmış təhlillərin bu iki dövlətin qoşulmasının siyasi və maliyyə tərəfləri ilə əlaqədar olaraq, Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS) 15 sentyabr 2000-ci il tarixində keçiriləcək iclasında nəzərdən keçirilməsi üçün ona ötürülməsi və onun tərəfindən bu məsələyə dair hazırlanmış məruzənin Nazirlər Komitəsində nəzərdən keçirilməsi Avropa İttifaqının üzvü olan dövlətlər tərəfindən məqsədəuyğun hesab edilir.
6 sentyabr 2000-ci il - Avropa Şurası Nümayəndələr Komitəsinin 719-cu görüşündə Nümayəndələr:
1. Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunu (GR-EDS) Ermənistan və Azərbaycanın Avropa Şurasına üzvlük üçün müraciətlərini özünün 15.09.2000 tarixli görüşündə nəzərdən keçirmək və bu barədə məruzə etməyə dəvət etmişlər.
2. Bu məsələnin nəzərdən keçirilməsini özünün cari ilin oktyabr ayının 4-də keçiriləcək 724-cü iclasında Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun məruzəsi əsasında yekunlaşdırmaq barədə razılığa gəlmişlər.
15 sentyabr 2000-ci il - Avropa Şurası Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun iclasında Azərbaycan və Ermənistanın bu təşkilata üzv qəbul edilməsi məsələsi nəzərdən keçirilmiş və bununla bağlı müzakirələrin həmin qurumun cari ilin sentyabr ayının 29-da keçiriləcək iclasında davam etdirilməsi barədə qərar qəbul edilmişdir.
10 oktyabr 2000-ci il -
Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V.Quliyev Strasburqa səfər etmiş və bu təşkilatın Nazirlər Komitəsinin iclasında çıxış etmişdir. Nazir V.Quliyev səfər çərçivəsində üzv dövlətlərin Səfirləri, Avropa Şurasının Baş Katibi V.Şvimmer, Avropa Şurası Parlament Assambleyasının Sədri Lord Rassel-Conston, Avropa Şurası Katibliyinin Siyasi məsələlər üzrə Baş Direktoru Fürer, Avropa Şurasının Nazirlər Komitəsinin Katibi Devis ilə görüşərək qarşılıqlı maraq doğurun bir sıra məsələləri müzakirə etmişdir.
2-4 noyabr 2000-ci il - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab M.Məmməd-Quliyev və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Əlaqələr Şöbəsi rəisinin müavini cənab İ.Fərzəliyev Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası və Avropa İnsan Hüquqları Konvensiyasının imzalanmasının 50-ci ildönümü münasibətilə Roma şəhərində keçirilmiş İnsan Hüquqları üzrə Nazirlər Konfransında iştirak etmişlər.
7-9 noyabr 2000-ci il - Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı (2000)14 saylı Qətnamə qəbul edilmişdir. Bu sənəddə aşağıdakı qərarlar öz əksini tapmışdır:
1. Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi;
2. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi;
3. Bu qətnamənin əlavəsinə uyğun şəkildə Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə ödəmələrinin miqdarının müəyyənləşdirilməsi.
Bu sessiyada qəbul olunmuş “Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə dəvət” adlı Qərarda Azərbaycanla bağlı aşağıdakı müddəalar təsbit edilmişdir:
- Nazirlər Komitəsinin Sədri və Azərbaycanın Xarici İşlər Naziri arasında 2000-ci ilin oktyabrında aparılmış məktub mübadilələrinə uyğun olaraq, ölkənin demokratik inkişafının müntəzəm şəkildə, zərurət yaranarsa bu məqsədlə təsis edilmiş işçi qrupların köməyi ilə izlənməsi;
- Azərbaycan hökumətindən bir ay ərzində seçkiləri müşahidə üzrə beynəlxalq missiya tərəfindən ilkin qeyd və yekunlar üzrə bəyanatda edilmiş tənqidlərə cavab məruzəsinin təqdim olunması və qeyd edilən saxtakarlıqlarda düzəlişlərin edilməsinin xahiş edilməsi;
- Nümayəndələrin, Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasından əvvəl keçiriləcək 737-ci (17 yanvar 2001-ci il) iclasına qədər məruzə edəcək monitorinq qrupunun yaradılması;
- Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və mətbuat haqqında qanunda Avropa Şurası standartlarına uyğun şəkildə islahatların aparılması məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım göstərməyə dəvət edilməsi;
- Həm Nazirlər Komitəsi, həm də Parlament Assambleyası qarşısında götürülmüş öhdəliklərə müvafiq olaraq, Azərbaycan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq üçün Ermənistan hökuməti ilə birgə səylərini gücləndirməyin xahiş edilməsi.
20 noyabr 2000-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə Azərbaycanla bağlı aşağıdakılar qərara alınmışdır:
- Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS), özünün, Avropa Şurası Parlament Assambleyasının 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün iclaslarının gündəliyinə “Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi” adlı bənd daxil etməyə dəvət edilməsi;
- Monitorinq Qrupunun ("AQO" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya (Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun Sədri qismində) nümayəndələrindən təşkil edilməsi.
3-4 yanvar 2001-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Sədri, Latviyanın Xarici İşlər Naziri cənab İ. Berzinş Latviya, Almaniya, Niderland və İsveçin həmin təşkilat yanında Səfirləri ilə birlikdə Bakıda səfərdə olmuşdur. Nümayəndə heyəti Bakıda Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər Naziri, Konstitusiya Məhkəməsinin Sədri və digər şəxslərlə görüşlər keçirmişdir.
6-9 yanvar 2001-ci il - İtaliyanın Avropa Şurası yanında Daimi Nümayəndəsi P.Erkole Aqonun rəhbərlik etdiyi və Niderland, İsveç, Türkiyə, Yunanıstan Səfirlərindən təşkil edilmiş digər nümayəndə heyəti yuxarıda qeyd edilən məsələlərlə əlaqədar olaraq Bakıda səfərdə olmuş, Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər Naziri, Konstitusiya Məhkəməsinin Sədri, Mərkəzi Seçki Komissiyasının Sədri və digər şəxslərlə görüşlər keçirmişdir.
17 yanvar 2001-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.
25 yanvar 2001-ci il - Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir.
24-27 aprel 2001-ci il - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etmişdir. Sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdır.
10-11 may 2001-ci il - Bu il mayın 10-11-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 108-ci sessiyası keçirilmişdir. Tədbirdə ilk dəfə olaraq, Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V.Quliyev iştirak etmişdir.
4-7 iyul 2001-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq qrupu Azərbaycana səfər etmişdir.
7-8 noyabr 2001-ci il - Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 109-cu sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev iştirak etmişdir.
27-28 mart 2002-ci il - Avropa Şurası İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
8-9 aprel 2002-ci il - Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın Xarici işlər naziri A.Valionis Azərbaycana səfər etmişdir.
2-3 may 2002-ci il - Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 110-cu sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev iştirak etmişdir.
15-16 iyul 2002-ci il - Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun Baş nazirinin müavini, Xarici işlər naziri Lidi Polfer Azərbaycana səfər etmişdir.
14-20 sentyabr 2002-ci il - Avropa Şurası İnsan hüquqları üzrə komissarı A.X.Robles Azərbaycana səfər etmişdir.
6-7 noyabr 2002-ci il - Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 111-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev iştirak etmişdir.
24 noyabr-6 dekabr 2002-ci il - İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərini etmişdir.
22-23 yanvar 2003-cü il - Skopyedə Qadınlar və Kişilər arasında bərabərlik üzrə 5-ci Avropa Nazirlər Konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasını Qadın Problemləri üzrə Dövlət komitəsinin Sədri Z.Quliyeva təmsil etmişdir.
23 yanvar 2003-cü il - Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması barədə öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin Genişləndirilmiş Bürosunun iclası keçirilmişdir. İclasda Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini A.Əzimov iştirak etmişdir.
27 yanvar 2003-cü il - Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçirilmişdir. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili İ.Əliyev Büronun üzvü və AŞPA daxili prosedurasına əsasən, eyni zamanda AŞPA Prezidentinin müavini seçilmişdir.
16-19 fevral 2003-cü il - Avropa İnsan Hüquqları Məhkəməsinin sədri L.Vildhaber Azərbaycana səfər etmişdir.
17-18 fevral 2003-cü il - Azərbaycan Respublikasının Mədəniyyət naziri P.Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda keçirilmiş "Mədəniyyətlərarası dialoqun həyata keçirilməsində Mədəniyyət Nazirlərin yeni rolu və yeni vəzifələri" adlı Avropa Şurasının Mədəniyyət Nazirlərinin kollokviumunda iştirak etmişdir.
2 aprel 2003-cü il - Avropa Şurası Parlament Assambleyası Azərbaycan tərəfindən ilk dəfə olaraq İnsan hüquqları üzrə Avropa Məhkəməsinə irəli sürülmüş namizədlər arasından hakimi seçmişlər. Belə ki, səsvermə nəticəsində Azərbaycan tərəfindən irəli sürülmüş X.Hacıyev 83 səs toplayaraq Avropa Məhkəməsinə hakim seçilmişdir.
14-15 aprel 2003-cü il - Avropa Şurasının Baş Katibi V.Şvimmerin dəvəti ilə Azərbaycan Respublikasının Təhsil naziri M.Mərdanov Avropa Şurasına səfər etmişdir.
14-15 may 2003-cü il - Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 112-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təmsil olunmuşdur.
9-12 iyul 2003-cü il - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq qrupu Azərbaycana səfər etmişdir.
20-22 oktyabr 2003-cü il - Opatiyada (Xorvatiya) Avropa Mədəniyyət Nazirlərinin konfransda Mədəniyyət naziri P.Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
5-6 noyabr 2003-cü il - Kişinyovda Avropa Şurası Nazirlər Komitəsinin 113-cü sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev iştirak etmişdir.
6-7 noyabr 2003-cü il - Afinada keçirilmiş Avropa Təhsil Nazirləri Daimi Komitəsinin 21-ci sessiyasında Azərbaycan Respublikasının Təhsil naziri M.Mərdanov iştirak etmişdir.
24-26 noyabr 2003-cü il - Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin payız sessiyasında Konqres rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikasının Ədliyyə naziri F.Məmmədov iştirak etmişdir. Səfər zamanı Ədliyyə naziri, həmçinin, İtaliyanın regional məsələlər üzrə Naziri E.Loqia, Avropa Şurasının Baş katibi V.Şvimmer və digər rəhbər şəxsləri ilə görüşlər keçirmişdir.
12-14 yanvar 2004-cü il - İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ikigünlük ad hoc səfər etmişdir.
1-4 fevral 2004-cü il - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq qrupu Azərbaycana səfər etmişdir.
24 mart 2004-cü il - Avropa Şurasının Hüquqi Məsələlər üzrə Baş direktoru Q.De Vel Azərbaycana səfər etmişdir.
7-9 aprel 2004-cü il - Avropa Şurasının Baş katibi V.Şvimmer Azərbaycana səfər etmişdir.
28-29 aprel 2004-cü il - Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Strasburqa səfər etmiş və Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşmüşdür. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri P.Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim etmişdir.
12-13 may 2004-cü il - Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 114-cü sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov iştirak etmişdir.
17-18 may 2004-cü il - Azərbaycan Respublikasının Təhsil naziri M.Mərdanov Avropa Şurası xətti ilə Strasburqda keçirilən Cənubi Qafqaz ölkələri Təhsil Nazirlərinin Konfransında iştirak.
17-20 may 2004-cü il - Azərbaycan Respublikası Milli Məclisinin sədri M.Ələsgərov Avropa Parlamentləri sədrlərinin "Vətəndaş Avropası - parlamentlər və vətəndaşların iştirakı" mövzusunda keçirilmiş konfransında iştirak etmək üçün Strasburqda səfərdə olmuşdur.
29 iyun-2 iyul 2004-cü il - Avropa Şurası Parlament Assambleyasının Baş Katibi B.Haller Azərbaycana səfər etmişdir.
20 iyul 2004-cü il - Tbilisi şəhərində Avropa Komissiyası/Avropa Şurası Birgə Proqramı üzrə Rəhbər Komitəsinin iclası keçirilmişdir. Tədbirdə Xarici İşlər Nazirinin müavini M.Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
27 sentyabr-1 oktyabr 2004-cü il - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurasında görüşlər keçirmək üçün Strasburqa səfər etmişdir.
30 sentyabr-1 oktyabr 2004-cü il - Avropa Şurası rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikasının Ədliyyə naziri F.Məmmədov Strasburqda səfərdə olmuşdur.
6-13 oktyabr 2004-cü il - Avropa Şurası Nazirlər Komitəsinin sədri, Norveçin Xarici işlər naziri Y.Petersen Cənubi Qafqaz bölgəsinə etdiyi səfər çərçivəsində Azərbaycanda olmuşdur.
18-21 noyabr 2004-cü il - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq qrupu Azərbaycana səfər etmişdir.
8-9 dekabr 2004-cü il - Xarici işlər nazirinin müavini M.Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Avropa Komissiyası və Avropa Şurası arasında Cənubi Qafqaz bölgəsində demokratik sabitliyin təşviq edilməsi, gücləndirilməsi və münaqişələrin qarşısının alınması üzrə Birgə Proqram"a dair dəyərləndirmə hesabatının müzakirə və təsdiq edilməsi üçün müvafiq tərəflərin iştirakı ilə Strasburqda keçirilən görüşdə iştirak etmişdir.
9-10 dekabr 2004-cü il - Polşanın Vrotslav şəhərində Avropa Mədəniyyət Konvensiyasının 50 illiyinə həsr olunmuş Konfrans keçirilmişdir. Konfransda ölkəmizi Mədəniyyət Nazirinin müavini xanım S.Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
25 yanvar 2005-ci il - Avropa Şurası Parlament Assambleyasının yanvar hissəvi-sessiyasında "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416(2005) saylı Qətnamə və 1690(2005) saylı Tövsiyə qəbul olunmuşdur.
3-4 fevral 2005-ci il - Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov Avropa Şurasının dəvəti əsasında, təşkilatın İnformasiya Cəmiyyəti üzrə Çoxtərəfli Ekspert Komitəsinin ilk iclasının açılışında iştirak etmək və təşkilatın nümayəndələri ilə görüşlər keçirmək məqsədilə Strasburqa səfər etmişdir.
16-17 may 2005-ci il - Varşavada Avropa Şurasının üzvü olan Dövlət və Hökumət başçılarının Üçüncü Zirvə Toplantısı keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
16-20 may 2005-ci il - İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ad hoc səfər etmişdir.
13-18 iyun 2005-ci il - Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədr müavini H.Skardın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
15-16 iyun 2005-ci il - Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Strasburqda işgüzar səfərdə olmuşdur. Səfər zamanı Avropa Şurasının Baş Katibi T.Devis, Avropa Şurası Parlament Assambleyasının Baş Katibi B.Haller və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir.
30 iyun-1 iyul 2005-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq qrupu Azərbaycana səfər etmişdir.
22-23 avqust 2005-ci il - Avropa Şurası Parlament Assambleyasının sədri R.Linden Azərbaycana səfər etmişdir.
4-6 sentyabr 2005-ci il - Avropa Şurasının Baş katibi T.Devis Azərbaycana səfər etmişdir.
15-16 sentyabr 2005-ci il - Kiyevdə Avropa Şurasının STAGE Proqramı çərçivəsində Mədəniyyət Nazirlərinin 5-ci kollokviumu keçirilmişdir. Tədbirdə ölkəmizi Mədəniyyət naziri P.Bülbüloğlu təmsil etmişdir.
27-28 oktyabr 2005-ci il - Faroda (Portuqaliya) keçirilmiş Avropa Mədəniyyət Nazirlərinin Konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini S.Məmmədəliyeva iştirak etmişdir.
17 noyabr 2005-ci il - Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 115-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov iştirak etmişdir.
12-14 fevral 2006-cı il - Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri C.Di Stazinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
4-6 may 2006-cı il - Avropa Şurası İnsan hüquqları üzrə komissarı T.Hammerberq Azərbaycana səfər etmişdir.
18-19 may 2006-cı il - Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 116-cı sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov iştirak etmişdir.
13-14 iyun 2006-cı il - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq qrupu Azərbaycana səfər etmişdir.
25-29 iyun 2006-cı il - Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri H.Skardın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
6-7 sentyabr 2006-ci il - Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədr müavini Y.Mikallefin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
20-30 noyabr 2006-ci il - İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana 2-ci dövri səfərini etmişdir.
- Avropa Şurası Parlament Assambleyasının 1690 saylı Tövsiyəsi, 25 yanvar 2005-ci il
- Avropa Şurası Parlament Assambleyasının 1416 saylı Qətnaməsi, 25 yanvar 2005-ci il
- Avropa Şurası Nazirlər Komitəsinin Kommünikesi, 9 noyabr 2000-ci il
- Avropa Şurası Parlament Assambleyasının Zaqafqaziyada münaqişələrə dair 1119 nömrəli Qətnaməsi, 1997 il
- Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1263 nömrəli Tövsiyəsi, 1995 il
- Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 nömrəli Qətnaməsi, 1995 il
- Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsinə dair 1251 nömrəli Tövsiyəsi, 1994 il
- Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsinə dair 1047 nömrəli Qətnaməsi, 1994 il
- Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair Bəyannaməsi, 15 aprel 1993-cü il
- Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağa dair Bəyannaməsi, 11 mart 1992-ci il