English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
UŞAQ HÜQUQLARI


Bu gün Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, Respublika ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir.

Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236?-li qanunla BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etmişdir. 2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində isə Azərbaycan Respublikasının Prezidenti bu konvensiyanın «Uşaqların silahlı münaqişəyə cəlb olunması» və «Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası» üzrə Fakultativ Protokollarını imzalamışdır.

1993-cü ildə ölkəmiz «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulmuşdur. 2002-ci ilin mayında Azərbaycanın nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirak etmişdir.

2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının «Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi» haqqında 182 saylı Konvensiyası və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin Beynəlxalq övladlığa götürməyə dair Haaqa Konvensiyasına qoşulmuşdur.

Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də «İnsan hüquqları haqqında» Ümumdünya Bəyannaməsi (1948), Uşaq hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.

Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikasının Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli və beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır.

Dövlət Komitəsinin yaradılmasına qədər ölkəmizdə uşaqların maraqları naminə çalışan müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək üçün Gənclər, İdman və Turizm Nazirliyinin (hazırda Gənclər və İdman Nazirliyi) nəzdində Uşaq məsələləri üzrə Respublika Koordinasiya Şurası yaradılmışdır. Şura mütəmadi olaraq uşaq hüquqlarının müdafiəsi ilə bağlı aktual problemlərə baxmış və müvafiq tövsiyələr vermişdir. Şura tərəfindən xüsusi diqqət yetirilmiş problemlər sırasında küçə uşaqlarının vəziyyəti, ölkədə uşaq evlərinə alternativ qayğı sisteminin yaradılması, uşaqların istirahət və asudə vaxtlarının düzgün təşkil olunması kimi məsələləri göstərmək olar.

Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə ölkə hökuməti ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atmışdır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005)”nda öz əksini tapmış, proqramın əvvəlində 1 və 2-ci sinif, sonunda isə 10-cu sinfə qədər məktəblilər üçün dərsliklərin pulsuz təmin olunması, dərs proqramlarının təkmilləşdirilməsi, yeni məktəblərin tikintisi, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülmüşdür. Bu istiqamətdə başlanan işlərin “Yoxsulluğun Azaldılması və Sosial İnkişaf üzrə Dövlət Proqramı (2006-2015)” çərçivəsində davam etdirilməsi nəzərdə tutulmuşdur.

Son dövrlərdə həmçinin, uşaq hüquqlarının təbliği sahəsində də mühüm işlər görülmüşdür. 90-cı illərdə respublika əhalisinin geniş surətdə tanış olması üçün “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsi”nin həyata keçirilməsi üzrə tədbirlər planı, yetkinlik yaşına çatmayanlara münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsi üzrə beynəlxalq hüquqi sənəd - «Pekin qaydaları» Azərbaycan dilinə tərcümə olunmuş və rayonlar üzrə yayılmışdır. Bundan başqa, BMT Baş Assambleyasının «Uşaqlar üçün yararlı dünya» qətnaməsinin əsasında duran 10 prinsipin təbliğ edilməsi və yayılması üçün geniş kompaniya aparılmışdır. Kompaniyanın gedişində uşaqların fəal iştirakı ilə geniş tədbirlər (ekspress sorğular) keçirilmişdir. İlk tədbirlərin birində idmançılar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak etmişlər.

Bununla yanaşı, dövlət tədris müəssisələri və QHT-lər uşaqlar arasında onların hüquqlarının aydınlaşdırılması və qəddar rəftara və ya alçaldılmaya məruz qalmaq ehtimalını azaltmaq ilə bağlı maarifləndirmə işləri aparırlar. Bu məqsədlə, ictimai fikrin düzgün şəkildə formalaşdırılması üçün «İnkişaf mərkəzi» adlı QHT tərəfindən «Zorakılıqdan azad həyat» adı altında xüsusi tamaşa hazırlanmışdır. Bu tamaşa UNICEF-in dəstəyi ilə Azərbaycanın kəndlərində nümayiş etdirilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə kövrək qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görür. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün, Azərbaycan Respublikasının «Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Qanunu (22.06.1999) qəbul edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri “De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi olmuşdur. Proqram Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiqlənmişdir. Proqram çərçivəsində artıq 15 uşaq ailələrə verilmiş, onlardan 13-ü öz bioloji valideynlərinə qaytarılmışdır. Proqramın səmərəli şəkildə icrası üçün 2006-cı il 19-20 sentyabr tarixlərində Bakıda “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (de-institusionalizaya) doğru” başlığı altında seminar keçirilmiş, seminara UNİCEF ilə İtaliyanın EducAid təşkilatından ekspertlər dəvət olunmuşlar. Seminar uşağa qayğı mexanizminin dərk edilməsi, bu sahədə bilik və bacarıqların artırılması, digər ölkələrin təcrübələri ilə tanışlıq və uşaqların ailə mühitində böyüməsi üçün hökumət nümayəndələrinin səylərinin gücləndirilməsi məqsədi daşımışdır.

Xüsusi qayğıya ehtiyacı olan digər kateqoriyalı uşaqlarla – küçə uşaqları ilə reabilitasiya işinin aparılması üçün də müəyyən addımlar atılmışdır. UNICEF-lə əməkdaşlıq nəticəsində 16 mütəxəssis «küçə uşaqları» ilə işləmək üçün treninq keçmişlər. Onların iştirakı ilə 2003-cü ilin yayında birbaşa olaraq küçə şərtlərində reabilitasiya işlərinin aparılması üçün metod və formalar işlənmişdir. Hal-hazırda bu uşaqlar idman seksiyalarında və artstudiyalarda məşqlərə cəlb olunurlar.

Ölkəmizdə kövrək qruplara aid olan digər bir uşaq təbəqəsi də var ki, onlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkün uşaqlardır. Bu gün Azərbaycan torpaqlarının 20%-i qonşu Ermənistan tərəfindən işğal olunmuş, 1 milyondan çox sakin qaçqın və məcburi köçkünə çevrilmişdir. Çadır şəhərciklərində və kompakt yaşayış məskənlərində öz evinin istisindən xəbəri olmayan və uşaq hüquqları haqqında bütün qanunvericilik aktlarının təcrübədə həyata keçirilməsi və reallaşdırılması üçün zəruri olan şərtlərdən məhrum olmuş uşaqların bütöv bir nəsli yetişmişdir. Respublikanın işğal olunmuş rayonlarında yüz mindən artıq uşağın təhsil aldığı 616 məktəb dağıdılmışdır. Ümumilikdə 12 mindən artıq uşağı əhatə edən 242 məktəbəqədər müəssisə, 4 texnikum, 11 peşə-texniki məktəbi, 1 ali məktəb öz işini dayandırmışdır. Münaqişə dövründə 4566 nəfər (o cümlədən 53 uşaq) azərbaycanlı itkin düşmüş, onlardan 1389 nəfəri (o cümlədən 169 uşaq) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq) isə bu günədək Ermənistanda əsirlikdədir.

Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün son 14 il ərzində Respublikası Prezidenti tərəfindən 45 Fərman və Sərəncam imzalanmış, Milli Məclis tərəfindən 23 Qanun və Nazirlər Kabineti tərəfindən 200 Qərar və Sərəncam qəbul edilmişdir. 1998-ci ildə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətini yaxşılaşdırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əmrlərində (01.01.93 tarixli 128 saylı, 25.06.93 tarixli 328 saylı, 21.07.93 tarixli 403 saylı) münaqişə ilə əlaqədar öz torpaqlarını tərk etmiş qaçqın və məcburi köçkün uşaqların vəziyyətinin hərtərəfli yaxşılaşdırılmasına yönəlmiş bir sıra tədbirlər nəzərdə tutulmuşdur: müvəqqəti məktəblərin və məktəbəqədər müəssisələrin açılması, məcburi olaraq kompensasiya və təqaüdlərin verilməsi, eyni vaxtda maddi yardımın göstərilməsi.

Son illərdə ölkəmizdə şikəst uşaqların və onların ailələrinin maraqları çərçivəsində fəaliyyət göstərən təşkilatların əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunur. Müxtəlif profilli 10-a yaxın mərkəz bu kateqoriyadan olan uşaqlara reabilitasiya xidmətləri göstərir. Bunların sırasında daun və autist uşaqların kukla teatrını göstərmək olar.

Kövrək qruplara aid olan digər bir qrup - qanunla ziddiyyətdə olan uşaqlarla işin aparılması istiqamətində də ölkə hökuməti tərəfindən beynəlxalq təşkilatların dəstəyi ilə mühüm işlər görülmüşdür. Son illərdə qanun pozuntusu törətmiş və təcridxanalarda yerləşən uşaqların məişət və sosial həyat şərtləri əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu tip təcridxanalarda fəaliyyət göstərən himayəçilərin ictimai şurasının dəstəyi ilə qanunla ziddiyyətdə olan uşaqların «adi» tədris müəssisələrinin uşaqları ilə birgə yarışmaları və turnirləri keçirilmişdir. Həmçinin, uşaq məhkumların reabilitasiyası üçün artdərnəklərin (dram, xor, rəqs) fəaliyyətindən geniş istifadə olunur. Təcridxanalarda olan uşaqlar mütəmadi olaraq Prezidentin əfv fərmanlarına salınırlar. 2006-cı il aprelin 13-14-də Bakıda Azərbaycan Hökuməti, UNİCEF, ATƏT, Böyük Britaniya Səfirliyi və Uşaq hüquqları üzrə QHT alyansı tərəfindən “Azərbaycanda yuvenal ədliyyənin inkişaf etdirilməsi perspektivləri” adlı milli konfrans keçirilmişdir. Tədbir hüquq pozuntusu törətmiş uşaqlarla işləyən hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirərək onların yuvenal ədliyyə sahəsində milli və beynəlxalq standartlar haqqında biliklərini artırmaq və Azərbaycanda yuvenal ədliyyə sisteminin təkmilləşdirilməsinin yollarını müəyyənləşdirmək məqsədi daşımışdır. 2006-cı il sentyabrın 9-16-da isə UNİCEF Esseks Universitetinin Uşaq Hüquq Mərkəzi ilə birgə Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri üçün Böyük Britaniyanın yuvenal ədliyyə sistemi ilə tanışlıq məqsədilə bu ölkəyə səfər təşkil etmişdir.

Ölkə hökuməti tərəfindən həmçinin xüsusi istedada malik olan uşaqların müdafiəsi istiqamətində də mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 avqust 2000-ci il tarixində təsdiq edilmiş «İstedadlı və yaradıcı uşaqların və gənclərin sosial və iqtisadi problemlərinin həllinə və onların qabiliyyətlərinin inkişafına yönəlmiş Dövlət Proqramı» uşaq və gənclərin yaradıcı potensialının inkişafına əhəmiyyətli təsir göstərərək gənclərin məşğulluq və işədüzəlmə probleminin həllini təşviq etmişdir. Bu sahədə atılan digər mühüm addım 2006-cı aprelin 17-də “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)”nın qəbul edilməsi olmuşdur. Proqramın əsas məqsədi respublikamızın ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə sıx əməkdaşlıq edir. UNİCEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ilin oktyabr ayında başlamışdır. Təşkilat ölkəmizə 1994-1996-cı illərdə 9,5 mln dollara yaxın, 1997-ci ildə 2,2 mln, 1998 və 1999-cu illərdə isə hər il 2 mln dollar məbləğində humanitar yardım göstərmişdir. Azərbaycan Respublikasının UNİCEF-lə əməkdaşlığı hazırda 2005-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Baş Nazirinin müavini E.Əfəndiyev və UNİCEF-in ölkədəki nümayəndəsi H.Sinqer arasında imzalanmış 5 illik ölkə proqramına əsasən həyata keçirilir. 2005-2009-cu illəri əhatə edən hazırkı ölkə proqramı əvvəlki dövrlərdə olduğu kimi uşaqların müdafiəsi, uşaqların sağlamlığı və qidalanması, uşaqların təhsili və gənclərin sağlamlığı, inkişafı və iştirakçılığı istiqamətlərində aparılır. Bununla yanaşı, son illərdə UNİCEF ölkə hökumətini yuvenal ədliyyənin təkmilləşdirilməsi, uşaq evlərinə alternativ qayğı sisteminin yaradılması, HİV/QİÇS problemi haqqında gənclərin maarifləndirilməsi işində yaxından dəstəkləyir. 2006-cı il fevralın 6-7-də UNİCEF Gənclər və idman, Təhsil və İqtisadi inkişaf nazirlikləri ilə birlikdə “Azərbaycan gəncləri üçün daha parlaq gələcək yaradaq” adlı konfrans təşkil etmişdir. Tədbirdə gənclər, yüksək vəzifəli dövlət rəsmiləri, millət vəkilləri, yerli icra hakimiyyəti nümayəndələri və QHT-lər iştirak etmişlər. Konfrans müasir Azərbaycan gənclərinin üzləşdiyi problemləri və onların aradan qaldırılması yollarını müəyyənləşdirmək məqsədi daşımışdır. Konfransın nəticələrinin Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramına (2006-2015) daxil edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Hökuməti həmçinin, uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional səviyyələrdə göstərilən təşəbbüslərdə fəal şəkildə iştirak edir. Belə ki, 2005-ci il iyulun 5-9-da Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyəti Lyublayanada keçirilmiş “Uşaqlara qarşı zorakılığı dayandırın!” və “Uşaqların cinsi istismarına dair Yokohama sənədinin yerinə yetirilməsinin təhlili” adlı konfranslarda fəal iştirak etmişdir. Konfransın yekunu olaraq qəbul edilmiş Lyublyana Bəyannaməsinin yerinə yetirilməsi məqsədilə, nümayəndə heyətinin üzvləri, yerli uşaq QHT-ləri və UNİCEF-in nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr aparılmışdır.

Azərbaycan Hökuməti uşaq hüquqları sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetiriməsinə də xüsusi önəm verir. 2006-cı ilin fevralında Azərbaycan Hökuməti bü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı BMT-nin Uşaq hüquqları Komitəsinə özünün ikinci dövrü hesabatını təqdim etmişdir. Hazırda isə uşaq hüquqlarının təşviqi ilə əlaqədar olaraq Komitə tərəfindən verilmiş tövsiyələrin yerinə yetirilməsi istiqamətində iş aparılır.

pxl Home Top pxl
pxl