English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
Gənclər və idman

Gənclər və İdman məsələləri

Gənclər və idman

Gənclər və idman məsələləri həmişə Azərbaycan Respublikası rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyun tarixli fərmanı ilə idman və gənclər siyasətinin həyata keçirilməsi üzrə mərkəzi dövlət orqanı - Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. Nazirliyin yaradılmasından sonra gənclər siyasəti üzrə əhəmiyyətli iş görülmüşdür. Bundan başqa yeni nəslin mənəvi və fiziki inkişafı, gənclərin hüquqlarının qorunması və onların beynəlxalq səviyyəli tədbirlərdə iştirakı üçün müvafiq tədbirlər görülmüşdür.

Ümumiyyətlə, gənclərin fiziki, mənəvi-əxlaqi, vətənpərvərlik tərbiyəsi işini, onların sosial-iqtisadi problemlərinin həllini sürətləndirmək məqsədilə 1996-cı ildən bəri aşağıdakı qanunvericilik aktları qəbul olunmuşdur:


- “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22 iyun 1996-cı il);

- “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (13 sentyabr 1997-ci il);

- “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (29 iyul 1999-cu il);

- “Gənc ailə” Proqramı (16 fevral 1999-cu il);

- “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (17 fevral 1999-cu il);

- “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən dövlət proqramı” ( 4 avqust 2000-ci il);

- “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Proqramı (23 avqust 2000-ci il).


Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi 1997-ci ildən başlayaraq Avropa Mədəniyyət Konvensiyası çərçivəsində Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlıq edir. İlk dəfə 1997-ci ilin may ayında Strasburqda keçirilən “Mərkəzi və Şərqi Avropa ölkələri arasında gənclərlə iş sahəsində əməkdaşlıq” simpoziumunda iştirak edən nazirliyin əməkdaşları sonralar, müntəzəm olaraq, Avropa Şurasının xətti ilə keçirilən tədbirlərdə iştirak etmiş, Avropa Şurasının, Avropa Gənclər Forumunun nümayəndələrini Bakıda qəbul etmişlər. Azərbaycan tərəfinin dəvəti ilə 1999-cu ildə Avropa Şurasının Gənclər və İdman Direktoru cənab Lasse Syurala Bakıya səfər etmiş, dövlət və hökumət nümayəndələri ilə görüşmüş, qaçqın düşərgələrinə baş çəkmiş, onun iştirakı ilə “Azərbaycan gəncləri beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilmiş, Azərbaycan gənclərinin Avropa Şurasının müvafiq qurumları ilə əlaqələri müzakirə edilmişdir.

Bundan başqa 1997-2000-ci illər ərzində Gənclər, İdman və Turizm Nazirliyinin və Gənclər Təşkilatları Milli Şurasının 30-a yaxın əməkdaşı Strasburqda və Budapeştdə fəaliyyət göstərən Avropa Gənclər Mərkəzində Avropa Şurasının proqramlarına uyğun olaraq vətəndaşlıq və iştirakçılıq, təşkilati menecment, beynəlxalq gənclik fəaliyyəti və sair mövzularda keçirilən təlim kursların və seminarların iştirakçısı olmuşlar.

Sözügedən nazirliyin təşəbbüsü ilə 2000-ci ilin may ayında Bakıda Avropa Şurasının Gənclər və İdman Direktorluğu “Azərbaycanın qeyri-hökumət gənclər təşkilatları və gənclər sahəsində çalışan dövlət işçiləri üçün” təlim kursu keçirmişdir. Avropa Şurasının mütəxəssisləri Azərbaycan gənclərinə beynəlxalq gənclər hərəkatı haqqında məlumat vermiş, müxtəlif məşğələlər keçirmişlər.

Bundan əlavə, Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən “Gənclərin bələdiyyə və regional həyatda iştirakına dair” Avropa Xartiyası Azərbaycan dilinə tərcümə edilmiş və çap olunmuşdur.

Azərbaycanın bir çox QHT-lərini birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası Avropa Şurasının və Avropa Birliyinin konsepsiyaları əsasında fəaliyyət göstərən Avropa Gənclər Forumu ilə sıx əməkdaşlıq edir. Avropa Gənclər Forumu Milli Şuranın dəvətlərini qəbul edərək bir neçə dəfə ölkəmizə səfər etmişdir. Bütün bu tədbirlərin nəticəsi olaraq Milli Şura 1997-ci ildə Avropa Gənclər Forumunun üzvlüyünə namizəd, 2000-ci ildə isə Avropa Gənclər Forumunun tam hüquqlu üzvü olmuşdur.

Aparılmış müvafiq işlərin nəticəsində 2001-ci il 26 noyabr - 3 dekabr tarixində Bakıda Avropa Şurasının Gənclər və İdman Direktorluğunun xətti ilə Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə “Azərbaycanda təhsilin qeyri-formal metodları ilə qaçqın və məcburi köçkün gənclərin reabilitasiyası” mövzusunda seminar keçirilmişdir. Seminarın əsas məqsədi qeyri-formal təhsil metodlarından istifadə etməklə qaçqın və məcburi köçkün düşərgələrində yaşayan gənclərin yaşayış şəraitini nəzərə almaqla onları səlahiyyətləndirmək, onları öz təşəbbüs və fəaliyyətlərini inkişaf etdirmək üçün ruhlandırmaq və dəstəkləmək idi.

2005-ci il mayın 15-16-da Varşavada Avropa Şurasının Üçüncü zirvə toplantısı çərçivəsində Avropa Şurası, Polşanın Təhsil və İdman Nazirliyi, eləcə də Avropa Gənclər Forumu tərəfindən İkinci Avropa Gənclər sammiti təşkil olunmuşdur. Qeyd olunan tədbirdə Azərbaycan Respublikasının bir neçə gənclər təşkilatı iştirak etmişdir. Sammitin sonunda Bəyannamə qəbul edilmişdir.

Azərbaycan gənclərinin son uğurlarından biri də, 2005-ci ilin payız aylarında BMT Baş Assambleyasının 60-cı sessiyası çərçivəsində 1995-ci ildə qəbul edilmiş Gənclər üzrə Ümumdünya Fəaliyyət Planının 10 illik icmalına həsr olunmuş xüsusi plenar iclasda ilk dəfə olaraq Azərbaycanın iştirakı olmuşdur. Ölkəmizi təmsil edən AİESEC təşkilatının Azərbaycandakı nümayəndəsi B.Hacıyev uğurla çıxış etmişdir. Öz çıxışında B.Hacıyev yoxsulluğun gənclərə təsiri, gənclərin məşğulluğu, Ermənistanla hərbi münaqişənin gənclərə təsiri və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla gənclərin iştirakı məsələlərinə toxunulmuşdur. İclasda Şərgi Avropa regionu və MDB ölkələrindən yalnız Azərbaycan, Gürcüstan və Xorvatiya gənc nümayəndələrlə təmsil olunmuşdur.

Bundan savayı, ölkəmiz Avropa Şurasının “Hamı fərqlidir-hamı bərabərdir”: Müxtəliflik, insan hüquqları və iştirak üçün Avropa Gənclər Kampaniyasına qoşulmuşdur. Bununla əlaqədar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, kütləvi informasiya vasitələri və s. nümayəndələrindən ibarət Milli Kampaniya Komitəsi yaradılmışdır. Komitənin məqsədi Avropa Şurası ilə əməkdaşlıq edərək kampaniya çərçivəsində keçiriləcək tədbirlər planının tərtib edilməsi və həyata keçirilməsindən ibarətdir. 2006-cı il noyabr ayının 26-dan 30-dək Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi Avropa Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hamı fərqlidir-hamı bərabərdir” kampaniyası çərçivəsində təlim kursları keçirmişdir. Kurslarda Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxış edərək, gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Azərbaycanda gənclərlə iş sahəsi ilə yanaşı, idmanın inkişafına da böyük önəm verilir. Belə ki, Milli Məclisin 28 oktyabr 1999-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası “İdman tədbirləri, xüsusən futbol oyunları zamanı tamaşaçıların nalayiq hərəkətlərinə qarşı Avropa Konvensiyası”na qoşulmuşdur.

İdman, tolerantlıq və ədalətli oyun, həmçinin idman vasitəsilə demokratiyanın inkişafı mövzusunda 1997-1999-cu illərdə keçirilən seminar və dəyirmi masalarda nümayəndələrimiz iştirak etmişlər. Bu tədbirlər Avropa Şurasının İdmanın İnkişafı Komitəsinin qarşılıqlı əməkdaşlıq üçün hazırladığı “İdman hamı üçün və həmrəylik tədbirləri” (SPRİNT) proqramı əsasında həyata keçirilmişdir. Bu proqram yeni üzv ölkələrə idman sahəsində qanunvericilik, idmanın maliyyələşdirilməsi, rəhbər kadrların hazırlanması, könüllü iştirakın inkişafı kimi sahələrdə islahatlar aparılması məqsədini daşıyırdı.

Lakin, İdman sahəsində son dövr ərzində baş vermiş ən böyük dəyişiklik SPRİNT-in Avropa Şurasının büdcəsindən çıxarılması olmuşdur. Bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi və XİN qeyd olunan addımın idmanın inkişafına mənfi təsir göstərəcəyinə istinad edərək Avropa Şurasına bir neçə dəfə müraciət etmiş, Azərbaycan tərəfinin idmanla bağlı tədbirlərin təşkilatın ümumi büdcəsindən çıxarılmasına dair ciddi narahatçılıq keçirdiyini bildirilmişdir. Buna cavab olaraq, Avropa Şurasının rəsmiləri təşkilatın üzv dövlətlərinin 3-cü Zirvə Toplantısı (2005-ci il mayın 16-17) zamanı qəbul olunmuş Fəaliyyət Planında əks olunmuş tədbirlərin və prioritet sahələrin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaitin tələb olunmasına istinad edərək, yeni prioritet sahələrinin maliyyələşdirilməsinin yalnız bu yolla mümkün olduğunu qeyd etmişlər. Bundan belə AŞ çərçivəsində idmanla bağlı tədbirlər AŞ-nın İdmanla bağlı Genişləndirilmiş Hissəvi Sazişi çərçivəsində tənzimlənəcək və ölkəmiz idman sahəsinin inkişafında maraqlı olduğu baxımından bu Sazişə qoşulmaq qərarını qəbul etmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman sahəsində Avropa Şurası ilə yanaşı YUNESKO ilə də fəal əməkdaşlıq edir. YUNESKO-nun dövlətlərarası Bədən tərbiyəsi və İdman komitəsinin 1998-ci ilin oktyabrında Parisdə keçirdiyi müşavirədə, 1999-cu ilin dekabr ayında Uruqvayın Punta-del Este şəhərində keçirdiyi bədən tərbiyəsi və idman nazirlərinin 3-cü ümumdünya konfransında, 1999-cu ilin noyabr ayında Parisdə keçirilən Gənclər Forumunda Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri fəal iştirak etmişlər.

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində Bədən tərbiyəsi və idmanın inkişafı” üzrə Dövlət Proqramı hazırlanmışdır.

2004-cü il 2 fevral tarixində Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Naziri Ə.Qarayev İdmanda Antidopinq üzrə Kopenhagen Bəyannaməsini imzalamışdır.

2003-cü il noyabr ayında BMT tərəfindən idmanın insanın və sağlam uşaqlığın inkişafında rolunun tanınmasına dair 58/5 saylı «İdman – təhsil, səhiyyə, inkişaf və sülhün təşviqində bir vasitə kimi» adlı qətnamə qəbul edilmişdir. Sözügedən qətnaməyə əsasən, 2005-ci il Beynəlxalq idman və bədən tərbiyəsi ili elan olunmuşdur. İlin ölkəmizdə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi xüsusi Fəaliyyət Planı tərtib etmişdir. Ona əsasən nazirlik tərəfindən “İdman inkişaf və sülh üçün” təşəbbüsü haqqında məlumatlılığın artırılmasına yönəlmiş təbirlər, eləcə də “İdman sülhü dəstəkləyir” şüarı altında idmanın müxtəlif sahələri üzrə yarışlar təşkil olunmuşdur.



pxl Home Top pxl
pxl