 |
| Diplomatik Nümayəndəliklər |
|
|
|
|
|
|
|
|
 |
Sosial məsələlər
Azərbaycan Respublikası sosial sahədə beynəlxalq əməkdaşlığı ikitərəfli səviyyədə ayrı-ayrı dövlətlərlə və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirir. İkitərəfli əməkdaşlıq hökumətlərarası müqavilələr, həmçinin idarələrarası, yəni müvafiq nazirliklərarası sazişlər və memorandumların imzalanması formasında baş verir.
Sosial sahədə çoxtərəfli əməkdaşlıq əsasən BMT (müvafiq funksional və regional komissiyalar vasitəsilə), BMT-nin müvafiq proqramları (UNDP, UNFPA və UN-Habitat), Avropa Şurası və BƏT çərçivəsində həyata keçirilir.
Sosial əməkdaşlıq – BMT çərçivəsində
BMT-nin müvafiq funksional komissiyaları
BMT-nin Əhali Komissiyası İqtisadi və Sosial Şuranın (ECOSOC) 1946-cı il 3 oktyabr tarixli qətnaməsi ilə yaradılmış, Baş Assambleyanın 1994-cü il 19 dekabr tarixli qətnaməsi ilə adı dəyişdirilərək - Əhali və İnkişaf üzrə Komissiya (Commission on Population and Development) olmuşdur.
Qətnaməyə əsasən ECOSOC-un funksional komissiyası olan Əhali və İnkişaf üzrə Komissiya (ƏİK) Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Planının milli, regional və beynəlxalq səviyyədə icrasına nəzarət, icmal və qiymətləndirilməni həyata keçirir. Bununla yanaşı, ƏİK, mandatına uyğun olaraq, ECOSOC-a münasibətdə aşağıdakı funksiyaları həyata keçirir:
1. Aşağıdakı məsələlər üzrə araşdırmalar aparır və ECOSOC-a məsləhət verir:
a) əhali məsələləri və ümumi istiqamətlər
b) əhali və inkişaf strategiyalarının inteqrasiyası
c) əhali və müvafiq inkişaf siyasəti və proqramları
d) inkişaf edən ölkələrə, onların müraciətləri əsasında və keçid iqtisadiyyatı olan dövlətlərə müvəqqəti əsasda müvafiq əhali məsələləri ilə bağlı yardımın göstərilməsi
e) BMT-nin əsas və ya köməkçi orqanları və ya ixtisaslaşmış təsisatlarının əhali və inkişaf məsələləri ilə bağlı hər hansı digər sualları və müraciətləri
2. Fəaliyyət Planının icrası ilə bağlı məsələ və məruzələri ətraflı nəzərdən keçirdikdən sonra ECOSOC-a müvafiq tövsiyələr verir.
Komissiya ECOSOC tərəfindən 4 il müddətinə ədalətli coğrafi bölgü prinsipi əsasında seçilən 47 üzv dövlətdən ibarətdir. İldə bir dəfə toplaşır. Azərbaycan Respublikası Komissiyanın üzvü olmadığından onun sessiyalarında müşahidəçi qismində iştirak edir. Bununla belə, sessiya çərçivəsində müzakirələr zamanı və qətnamələrin mətnlərinin razılaşdırılması prosesində fəal çıxış edir.
Komissiyanın son 40-cı sessiyası 2007-ci ilin 9-13 aprel tarixlərində keçirilmişdir.
BMT-nin Sosial İnkişaf üzrə Komissiyası (Commission for Social Development) müvafiq məsələlərlə məşğul olan ECOSOC-un ikinci funksional komissiyasıdır. 46 üzv dövlətdən ibarətdir. İldə bir dəfə toplaşır.
1995-ci ildə Kopenhagendə keçirilmiş Sosial İnkişaf üzrə Dünya Sammitindən sonra bu komissiya Kopenhagen Bəyannaməsi və Fəaliyyət Planının həyata keçirilməsi üzrə BMT-nin əsas orqanına çevrilmişdir.
2002-ci ildən etibarən müxtəlif vacib sosial inkişaf məsələlərini (sosial və iqtisadi siyasətlərin inteqrasiyası, sosial inkişafda milli və beynəlxalq əməkdaşlıq, dövlət sektorunun səmərəliliyinin artırılması, Kopenhagen Bəyannaməsi və Fəaliyyət Planının icrasının 10 illik icmalı, Yoxsulluğun aradan qaldırılması üzrə BMT-nin ilk 10 illiyinin icmalı) öz sessiyaları üçün əsas mövzu müəyyən edən Sosial İnkişaf üzrə Komissiyanın 2007-ci il 7-16 fevral tarixlərində keçirilmiş 45-ci sessiyası üçün mövzu “Tam məşğulluğun və hamı üçün layiqli əməyin təmin edilməsi” olmuşdur.
ECOSOC-un 2005/11 saylı qətnaməsinə əsasən 45-ci sessiyasından başlayaraq, Komissiyanın işi iki illik dövrdən ibarət formada həyata keçirilir. Belə ki, bir mövzu Komissiyada iki il ərzində müzakirə olunur, birinci il həmin mövzu üzrə dünyada əldə edilmiş nailiyyətlər və mövcud problemlərin müzakirəsi aparılır, ikinci ildə isə bu müzakirələrin nəticələri nəzərdən keçirilir və gələcək tədbirlər üzrə yekun sənəd qəbul olunur.
Komissiyanın son sessiyasında əsas mövzu ilə yanaşı “BMT-nin sosial qruplara aid planları və proqramlarının icmalı” adı altında aşağıdakı məsələlər müzakirə olunmuşdur: Əlil insanlar üzrə Ümumdünya Fəaliyyət Proqramı; Gənclər üzrə Ümumdünya Fəaliyyət Proqramı; Yaşlaşma üzrə 2002-ci il Madrid Beynəlxalq Fəaliyyət Planı; Ailələrə aid məsələlər, siyasətlər və proqramlar. Həmçinin komissiyanın bu sessiyasında Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının icmalının birinci mərhələsi başlanmışdır.
Azərbaycan Respublikası Sosial İnkişaf üzrə Komissiyada müşahidəçi statusuna malikdir, bununla belə, müvafiq mövzuların əhəmiyyəti nəzərə alınaraq, Komissiyanın işində sessiya çərçivəsində müzakirələr zamanı və qətnamələrin mətnlərinin razılaşdırılması prosesində fəal iştirak edir.
BMT-nin müvafiq proqramları
BMT-nin Əhali Fondu (UNFPA)
BMT-nin Əhali fondu 1969-cu ildə BMT-nin Əhali məsələləri üzrə Fondu (United Nations Fund for Population Activities) kimi fəaliyyətə başlamış və fəaliyyətinin ilk dövründə BMT-nin İnkişaf Proqramı tərəfindən idarə edilmişdir. 1972-ci ildən BMT Baş Assambleyasının qərarı ilə UNFPA bilavasitə BA-nın tabeçiliyinə keçmiş və bununla da, o UNDP və UNİCEF-lə bərabər status qazanmışdır. UNDP-nin İcraiyyə Şurası həm də UNFPA-in rəhbər orqanı qismində fəaliyyət göstərir.
1987-ci ildə UNFPA-in adı dəyişdirilərək, United Nations Population Fund (indiki adı) müəyyən edilir, lakin adın ixtisarı olduğu kimi (UNFPA) saxlanılmışdır.
Hal-hazırda Əhali Fondunun təşkilati strukturu ilə bağlı islahatların həyata keçirilməsi məsələləri gündəmdədir. Belə ki, təşkilatın regional səviyyədə fəaliyyətinin effektivliyinin artırılması ilə bağlı bir sıra təkliflər nəzərdən keçirilir.
Əhali Fondu dünyanın 140-dan çox ölkəsində dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqəli işləyir. O qadınlara, kişilərə və gənclərə yönələn proqramları dəstəkləyir. UNFPA kasıb, eləcə də ehtiyacı olan ölkələrdə hökumətlərə əhali ilə bağlı siyasətlərinin və davamlı inkişaf strategiyalarının işlənib hazırlanmasında köməklik göstərir. Əhali Fondunun bütün layihələrində gender bərabərliyi məsələsi öz əksini tapır. Təşkilat əhali probleminə diqqət yetirərək problemlərin həlli üçün resursların cəmləşdirilməsi prosesinə köməklik göstərir. 1969-cu ildən bu günə qədər inkişaf edən ölkələrdə ailə planlaşdırılması proqramlarının sayı artırılmış, əhali artımı ikiqat azalmışdır.
BMT-nin Əhali Fondunun işi 179 dövlət tərəfindən 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq konfransda qəbul edilmiş Fəaliyyət Planı ilə tənzimlənir. Bu konfrans təhsil və reproduktiv sağlamlıq da daxil olmaqla, səhiyyəni davamlı inkişafın əsas elementi elan etdi. Fəaliyyət Proqramının əsas məqsədləri aşağıdakılardan ibarətdir:
- 2015-ci ilə qədər hamının reproduktiv sağlamlıq xidmətinə çıxışına nail olmaq
- 2015-ci ilə qədər hamı üçün ibtidai təhsil və təhsildə gender bərabərsizliyini aradan qaldırmaq
- 2015-ci ilə qədər ana ölümünü 75 % azaltmaq
- Uşaq ölümünü azaltmaq
- Orta ömür müddətini uzatmaq
Sonradan ona bir sıra əlavələr də edilmişdir. Onlardan ən mühümlərindən biri QİÇS ilə bağlıdır:
- Xəstəliyin ən çox tüğyan etdiyi ölkələrdə 2005-ci ilə qədər 25%, bütün dünya üzrə isə 2010-cu ilədək 25 % azaldılması
BMT-nin Əhali Fondu 1994-cü ildən başlayaraq Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlar əldə edilmişdir. Bunlardan ən mühümlərindən biri təşkilat tərəfindən həyata keçirilən Reproduktiv sağlamlıq və Ailə planlaşdırılması layihələridir. Onların reallaşdırılması çərçivəsində 20-dən çox reproduktiv sağlamlıq mərkəzləri yaradılmış və ölkəmiz tibbi yardım və materiallarla təchiz edilmişdir.
Əhali Fondu eyni zamanda 1999-cu ildə, Azərbaycan müstəqillik qazanandan sonra keçirilmiş əhalinin ilk siyahıyaalınmasına öz köməkliyini göstərmişdir. Fond siyahıyaalınmanın nəticələrinin nəşr olunması və yayılması məqsədilə maliyyə yardımı ayırmışdır.
BMT-nin Əhali Fondunun Azərbaycandakı Ölkə Ofisinin 2000-2004-cü illər üçün qəbul etdiyi Ölkə Proqramının məqsədi reproduktiv sağlamlıq, gender bərabərliyi məsələlərinə böyük önəm verilməsi; ailə planlaşdırılması; Hökumətə milli inkişafın planlaşdırılması üzrə düzgün məlumatların toplanması və əhali və inkişaf üzrə proqramlar və siyasətin formalaşması və icrası məsələlərində yardım göstərilməsi olmuşdur.
Hal-hazırda Təşkilat tərəfindən həyata keçirilən 2004-2009-cu illər üçün nəzərdə tutulmuş Ölkə proqramı bundan öncəki proqramın nəticələrinə əsasən hazırlanmış, qadın, kişi və gənclər üçün reproduktiv səhiyyə informasiyaları və xidmətlərinin təkmilləşdirilməsi ilə yanaşı, məcburi köçkün və qaçqınlar arasında müvafiq sahələr üzrə işlərin aparılması, gender bərabərliyinin təşviq edilməsi və gənclər arasında səhiyyə və gender məsələləri üzrə məlumatlılığın artırılması kimi yeni məqsədlər müəyyən etmişdir.
UNFPA-ın Azərbaycanda həyata keçirdiyi son layihələr aşağıdakılardır:
- Reproduktiv sağlamlıq və reproduktiv hüquqlarla bağlı qanunvericiliyin hazırlanması, icrası və dəstəklənməsi;
- Reproduktiv səhiyyə xidməti və imkanlarına çıxışın asanlaşdırılması və keyfiyyətinin artırılması;
- Reproduktiv səhiyyə xidməti göstərən təsisatların inzibati və texniki imkanlarının gücləndirilməsi;
- Qadın, kişi və gənclərə təhlükəsiz və sağlam cinsi və reproduktiv davranışın aşılanması üzrə biliklərin genişləndirilməsi;
- Gənclər arasında gender bərabərliyi üzrə tərbiyəvi kompaniyalar;
- Dövlət təsisatlarının inzibati və təsisat imkanlarının gücləndirilməsi.
UN-Habitat
BMT-nin Əhali məskunlaşması üzrə Proqramı (United Nations Human Settlements Programme - UN-Habitat) 1978-ci ildə Vankuver şəhərində keçirilmiş BMT-nin şəhərlər üzrə ilk konfransı nəticəsində yaradılmışdır və iqamətgahı BMT-nin Nayrobi şəhərindəki (Keniya) ofisində yerləşir. BMT Baş Assambleyası tərəfindən hamı üçün adekvat sığınacaqla (evlə) təmin etmə məqsədilə sosial və ekoloji cəhətdən dayanıqlı şəhər və şəhərtipli yaşayış məntəqələrinin təşviqi üçün səlahiyyətləndirilmişdir.
UN-Habitat-ın fəaliyyətinin əsas məqsədi inkişaf etməkdə olan urbanizasiya prosesinin kor-koranə şəkildə deyil, düzgün istiqamətdə aparılmasına və prioritetlərin müəyyən edilməsi yolu ilə şəhərlərin məqbul inkişafına yardım etməkdir.
2002-ci ildə BMT Baş Assambleyasının qətnaməsi (A/56/206) ilə bu agentliyin səlahiyyətləri daha da möhkəmləndirilmişdir. Bununla da, UN-Habitat, yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təşviq etdirilməsi kimi BMT sisteminin əsas məqsədlərinə öz töhfəsini verir. Proqram həm hökumətlər və yerli hakimiyyət orqanları, həmçinin də QHT-lər və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edir.
UN-Habitat-ın 2006-cı il hesabatına əsasən 2007-ci ilin ortaları üçün tarixdə ilk dəfə olaraq, dünya əhalisinin əksəriyyəti şəhərlərdə məskunlaşmış olacaq. Bu “şəhər erasının” gəlişi kimi qiymətləndirilir. Həmçinin 2007-ci ildə dünya üzrə gecəqondularda yaşayan əhalinin sayının 1 milyarda çatacağı gözlənilir. Hesablamalara görə urbanizasiya prosesi Asiya və Afrika ölkələrində daha yüksək göstəriciyə çatacaqdır.
UN-Habitat-ın İcraiyyə Şurası Proqramın işini və tərəfdaşları ilə əlaqələrini yoxlamaq məqsədilə iki ildən bir sessiyalarını keçirir. 2007-ci il 16-20 aprel tarixlərində keçirilmiş 21-ci sessiyasında əsas mövzu “Dayanıqlı Urbanizasiya: maliyyə və planlaşdırmaya əsaslanaraq, şəhər yoxsulluğunun azaldılması üzrə yerli fəaliyyət” olamuşdur. Şura 58 üzv dövlətdən ibarətdir (Azərbaycan üzv dövlətlər sırasında deyil). Şura nazirlər səviyyəsində hökumətlərin yüksək səviyyəli forumu qismində çıxış edir. Şura BMT İqtisadi və Sosial Şurası (ECOSOC) vasitəsilə Baş Assambleyaya məruzə edir.
Bundan başqa, Nayrobidə Daimi Nümayəndələr Komitəsi də mövcuddur ki, bu komitə vasitəsilə il ərzində mütəmadi olaraq, dövlətlərin Nayrobidəki nümayəndələri ilə UN-Habitat-ın əsas rəsmi şəxsləri arasında görüşlər keçirilir.
|
|