English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
Narkomaniya və cinayətkarlıq


     1. Mütəşəkkil cinayətkarlıq
     Müasir dövrdə çox böyük bir problemə çevrilən mütəşəkkil cinayətkarlığın qarşısının alınması bütün dövlətlərin bu istiqamətdə səmərəli əməkdaşlığını zəruri edir. Bu əməkdaşlığın mühüm elementlərindən biri dövlətlər arasında hüquqi yardımın təmin edilməsidir. Azərbaycan Respublikasında cinayət işlərinə dair hüquqi yardım göstərilməsi Azərbaycan Respublikasının Konstitusiyası, cinayət-prosessual qanunvericiliyi, digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Cinayət işləri üzrə hüquqi yardım haqqında və ekstradisiya haqqında çoxtərəfli və ikitərəfli müqavilələrə əsasən Azərbaycan Respublikası tərəfindən xarici dövlətlərə hüquqi yardım göstərilə bilər. Azərbaycan Respublikası ilə müqavilə münasibətlərində olmayan dövlətlər isə
     2001-ci ildə qəbul edilmiş “Cinayət işləri üzrə hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi yardım sorğusu edə bilər.
     Cinayət işlərinə dair hüquqi yardım göstərilməsi ilə bağlı Azərbaycan Respublikası bir sıra ölkələrlə, o cümlədən MDB ölkələri, Bolqarıstan, Türkiyə, İran İslam Respublikası ilə sazişlər imzalamışdır. Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası ilə müqavilələr imzalamış ölkələrdən Azərbaycan Respublikasına daxil olmuş sorğuların icrası, müqavilələrin şərtlərinə uyğun olaraq, vaxtında və keyfiyyətlə yerinə yetirilir.
     Azərbaycan Respublikası mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair bir çox sənədlərdə iştirak edir və bunlardan ən başlıcaları olan “Mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyası”nı və onun iki Protokolunu - “İnsanlarla, xüsusilə də qadın və uşaqlarla ticarətin qarşısının alınması, qadağan edilməsi və cəzalandırılması haqqında Protokol”u və “Mühacirlərin quru, su və hava ilə qaçaqmalçılığına qarşı Protokol”u 2003-cü ildə imzalamış və ratifikasiya etmişdir.
     Bundan başqa, milli və beynəlxalq səviyyədə əməkdaşlıq zəminində atılmış addımlardan biri də Azərbaycan Respublikasının 2001-ci ilin noyabrında qoşulduğu 1957-ci il “Ekstradisiya haqqında” Avropa Konvensiyası və həmin Konvensiyaya 1975-ci və 1978-ci ildə edilmiş Əlavə Protokollar olmuşdur. Bununla əlaqədar 15 may 2001-ci il tarixdə “Ekstradisiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.


     2. Terrorizmə qarşı mübarizə
     Azərbaycan Respublikası terrorizmdən ən çox əziyyət çəkən ölkələrdəndir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi başlayandan Ermənistan Azərbaycan ərazisində 32 terror aktı həyata keçirmişdir ki, bunların nəticəsində 2000-dən çox insan həlak olmuş, minlərlə insan yaralanmışdır. Təəssüf ki, ABŞ-da 2001-ci ilin 11 sentyabr hadisələrinə qədər terrorizmin necə böyük bir təhlükə olması o qədər də ciddi qəbul edilməmişdir. Ərazi işğalları nəticəsində yaranan nəzarətsiz zonaların terrorizmlə mübarizəni çətinləşdirdiyini və həmin nəzarətsiz zonaların insan ticarəti, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və s. bu kimi beynəlxalq mütəşəkkil cinayət növlərinə səbəb olması fikrini təsdiqləyən Azərbaycanın 20% ərazisinin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində onun nəzarət edə bilmədiyi ərazilərdə terrorizmlə mübarizəyə dair beynəlxalq müqavilələrin müddəalarının həyata keçirməsi imkanları aradan qalxmışdır. Azərbaycan Respublikası terrorizmə qarşı həm milli, həm də beynəlxalq səviyyədə aktiv mübarizə aparır. 1999-cu ildə “Terrorizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilmişdir və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrin milli qanunvericiliyə implementasiyası həyata keçirilir.
      Terrorizmə qarşı mübarizə sahəsində həm universal (BMT), həm də regional təşkilatlar (Avropa Şurası, MDB və s.) çərçivəsində qəbul edilmiş sənədlərdə iştirak edən, ABŞ-ın Əfqanıstan və İraqda terrorizmə qarşı mübarizəsinə böyük dəstək verən, eləcə də beynəlxalq qurumlarla, o cümlədən BMT-nin Terrorizmə Qarşı Mübarizə Komitəsi ilə əməkdaşlıq gücləndirən Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizəyə öz töhfələrini verir.
     Cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən yayınmasının qarşısını almaq məqsədilə 2001-ci ildə “Ekstradisiya haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanuna görə, terrorçuların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə onların əməllərinin siyasi xarakterli cinayətlər kimi təfsir edilməsi qadağan olunur. Bundan əlavə, fəaliyyətdə olan qanunvericilikdə nəzərdə tutulan əsaslara görə terrorçuların ekstradisiyasından imtina edildikdə, onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb oluna bilərlər. Beləliklə də, bütün digər beynəlxalq cinayətlərə münasibətdə olduğu kimi terrorizmə münasibətdə də Azərbaycan Respublikasının Milli Qanunvericiliyi aut dedere, aut judicare (ya təqdim et, ya mühakimə et) prinsipindən çıxış edir və universal yurisdiksiyanı nəzərdə tutur (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə uyğun olaraq, terror aktı törətmiş şəxslər cinayətin törədilməsi yerindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilə və hazırkı Məcəllə ilə cəzalandırıla bilərlər).
     2001-ci il sentyabr hadisələrindən sonra Azərbaycan beynəlxalq terror şəbəkəsi ilə bağlı olan onlarla terrorçunu ölkə ərazisində həbs etmiş və aidiyyəti dövlətlərə təhvil vermişdir.


     3. Çirkli pulların yuyulmasına qarşı mübarizə
     Azərbaycan Respublikası 1990-cı il “Cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması), aşkar olunması, götürülməsi və müsadirəsi haqqında”Avropa Konvensiyasına və 1974-cü il "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Avropa Konvensiyasına qoşulmuşdur.
     Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli Qanunu ilə “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklər edilmişdir.
     Eyni zamanda, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində əldə edilmiş pul vəsaitini və ya digər əmlakı leqallaşdırmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur.


     4. Korrupsiya ilə mübarizə
     Avropa Şurasının rəyi nəzərə alınmaqla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu 13 yanvar 2004-cü ildə qəbul edilmişdir.
     Bununla yanaşı, ölkədə korrupsiyaya qarşı mübarizə siyasətinin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq maddələr daxil edilmişdir.
     Hazırda “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiya”nın Azərbaycan Respublikası tərəfindən imzalanması nəzərdə tutulmuşdur.


     5. Narkomaniya
     Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün çox əlverişlidir. Bundan əlavə, keçid dövrünün sosial-iqtisadi problemləri, miqrasiya prosesləri narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə mənfi təsir göstərir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20% ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistanın silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropaya, o cümlədən Qara Dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan Respublikasına məxsus ərazilərdə narkotiklərin istehsal edilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır.
     Azərbaycan Respublikası narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin 1961-ci il “Narkotik vasitələr haqqında”, 1971-ci il “Psixotrop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlanın qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli konvensiyalarına qoşulmuş, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlamış, memorandumlar imzalamışdır. 1992-ci ildə Azərbaycan Respublikası 1988-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT Konvensiyasına qoşulduqdan sonra üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində bir sıra müvafiq əməli tədbirlər həyata keçirmişdir. Belə ki, 18 iyun 1999-cu il tarixdə “Narkotik vasitələrin, psıxotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunun tətbiqi barədə 4 avqust 1999-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti Fərman vermişdir. Sözügedən Qanun ölkəmizdə narkotik vasitələrin qeyri-qanuni ticarəti ilə mübarizənin əsasını təşkil edir.
     Azərbaycan Respublikasının Milli Məclisi narkotik vasitələrdən həkimin təyinatı olmadan istifadə edilməsi və belə vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Avropa Şurasının Pompidu qrupu barədə Parsial Sazişə qoşulmaq ilə əlaqədar 2001-ci ildə Qanun qəbul etmişdir.
     Azərbaycan Respublikası BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsi, BMT-nin Narkotiklərə Beynəlxalq Nəzarət Komitəsi və digər beynəlxalq strukturlarla əməkdaşlığı da çox yüksək qiymətləndirir.
     Qeyd edilənlərdən əlavə Müstəqil Dövlətlər Birliyi məkanında narkotiklərlə əlaqəli cinayət məsuliyyətinə cəlb edilən vətəndaşlar barədə 1992-ci il Kiyev Sazişinə müvafiq olaraq Rusiya Federasiyası DİN-in nəzdində Moskva şəhərində yerləşən Mərkəzləşdirilmiş Məlumat Bankı fəaliyyət göstərir ki, üzv dövlət kimi Azərbaycan Respublikası da həmin məlumatlardan səmərəli istifadə edir.
     Eyni zamanda respublika ərazisində narkotiklərlə bağlı tutulan əcnəbilər haqqında İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə ST sistemi üzrə mənsub olduqları dövlətlərə məlumatlar göndərilir.
     Respublika Prezidentinin 1997-ci il tarixli Sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” yaradılmış Dövlət Komissiyası ölkədə bu sahədə aparılan işlərə xüsusi təkan vermişdir.
     Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə aparılması Azərbaycan Respublikasının Cinayət Qanununda da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-241-ci maddələri məhz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə aid edilmişdir.
pxl Home Top pxl
pxl