MİQRASİYA MƏSƏLƏLƏRİ
Azərbaycan Respublikası 1991-ci ildə əldə etdiyi müstəqilliyinin xüsusilə ilk illərində mənşə ölkəsi kimi, əhəmiyyətli sayda vətəndaşlarının xarici ölkələrə emiqrasiyasının şahidi olmuşdur. Bu emiqrasiyanın əsasında keçid dövrünün yaratdığı çətinliklərlə yanaşı, xüsusən qonşu Ermənistan Respublikasının Azərbaycan torpaqlarına təcavüzü və işğalının ağır iqtisadi nəticələri və 1 milyona yaxın qaçqın və məcburi köçkün əhalinin yaranması dayanırdı. Daha sonra nəqliyyat şəbəkəsinin inkişafı ilə əlaqədar və coğrafi mövqeyi səbəbindən Azərbaycan tranzit ölkəsi rolunu da oynamağa başlamışdır. Nəhayət son illər ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf və enerji, nəqliyyat və s. sahələrdə həyata keçirilən böyük layihələr nəticəsində Azərbaycan artıq miqrantlar üçün cəlbedici bir təyinat ölkəsinə çevrilməkdədir.
Çoxşaxəli xarakter daşıyan miqrasiya proseslərinin məlum təzahürlərinin əksəriyyəti ilə qarşılaşan Azərbaycan Respublikası bu proseslərin ardıcıl şəkildə idarə olunması və tənzimlənməsi məqsədilə son illər ərzində həm qanunvericilik, həm də institusional sahədə bir sıra ciddi addımlar atmış və əsaslı tədbirlər həyata keçirmişdir. Bu fəaliyyətlərin əsasında 2004-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası dayanır ki, həmin konsepsiyada hökumət qurumları qarşısında duran əsas məqsədlər müəyyən edilir.
Dövlət Miqrasiya Siyasəti Konsepsiyasını gerçəkləşdirmək və qoyulmuş məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Prezidentinin 1575 saylı, 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində işlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər ölkələrin miqrasiya xidmətləri və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur. Dövlət Miqrasiya Proqramının həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir.
Bu günədək Azərbaycan Respublikasında miqrasiya məsələlərinə aid olan 20-dən artıq qanun və normativ akt, o cümlədən, “İmmiqrasiya haqqında Qanun” və “Əmək Miqrasiyası haqqında Qanun” qəbul edilmişdir. Miqrantların hüquq və azadlıqlarının təmin edilməsi baxımından Azərbaycan Respublikasının BMT-nin “Bütün əməkçi miqrantlar və onların ailələrinin hüquqlarının qorunması haqqında beynəlxalq konvensiya”ya qoşulduğunu qeyd etmək lazımdır. Digər tərəfdən, Azərbaycan Respublikası insan alveri və miqrantların qanunsuz daşınmasına qarşı mübarizəyə dair Palermo Protokollarına qoşulmuşdur
Qeyri-qanuni miqrasiyanın bir təzahürü kimi qəbul edilən insan alveri ilə mübarizəyə dair 2004-cü ildə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planı təsdiq edilmiş və eləcə də 28 iyun 2005-ci il tarixdə insan alverinə qarşı mübarizə üzrə milli qanunvericilik bazasını təmin edən “İnsan Alverinə qarşı Mübarizə haqqında Qanun” qəbul edilmişdir.
Bundan əlavə, miqrasiya proseslərinin asanlaşdırılması və eləcə də qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə biometriyanın tətbiqi istiqamətində vacib addımlar atılmışdır. Belə ki, biometrik eyniləşdirmə üzrə əlaqədar dövlət qurumlarının təmsilçilərindən ibarət xüsusi işçi qrupu təsis edilmiş və həmin qrupun tərtib etdiyi təkliflər əsasında “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” tərtib edilərək, Respublika Prezidentinin 1963 saylı, 13 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Miqrasiya proseslərinin idarə olunması baxımından Azərbaycan Respublikasında miqrasiyanın müxtəlif aspektləri üzrə ayrı-ayrı dövlət qurumları məşğuldur. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 560 saylı, 19 mart 2007-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti”nin təsis edilməsi qərarlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, Respublika Prezidentinin 254 saylı, 29 iyun 2005-ci il tarixli digər bir Fərmanı ilə Daxili İşlər Nazirliyinin nəzdində Miqrasiya Xidmətinin yaradılması qərarlaşdırılmış və bu Xidmət 2006-cı il may ayının 16-dan etibarən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasında miqrasiya proseslərinin birbaşa idarə olunmasında Xarici İşlər Nazirliyinin üzərinə əsasən aşağıdakı vəzifələr düşür:
- Əcnəbilərin ölkəyə gəlməsi üçün dünya üzrə 50-dək səfirlik və konsulluqlar vasitəsi ilə viza alınması üçün müraciətləri cavablandırmaq;
- xaricdə yaşayan Azərbaycan vətəndaşlarını konsulluq xidmətləri ilə təmin etmək;
- xaricdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmaq;
- miqrasiya sahəsində beynəlxalq təşkilatar və maraqlı dövlətlərlə əməkdaşlığı təşviq və təmin etmək,
Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikasının əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) çıxış edir. Azərbaycan Respublikası 2001-ci ildən etibarən BMqT-nin üzvüdür, təşkilat tərəfindən isə hələ 1996-cı ildən bəri Azərbaycanda müxtəlif yardım və texniki layihələr həyata keçirilir. Eyni zamanda, miqrasiyanın müxtəlif aspektləri üzrə Avropa Şurası və ATƏT ilə birgə bir sıra texniki dəstək fəaliyyətləri gerçəkləşdirilir. Bundan əlavə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında 2006-cı il noyabr ayının 14-də qəbul olunmuş Fəaliyyət Planında miqrasiya ilə bağlı geniş spektrli məsələlərə - sərhədlərin idarə olunması, sərhəd-keçid məntəqələrinin səmərəliliyinin artırılması, miqrasiyanın idarə olunması, sığınacaq məsələləri və qeyri-qanuni miqrasiyanın qarşısının alınması, readmissiya sahəsində saziş, geri qaytarılmış miqrantların reinteqrasiyası, viza və bir çox digər məsələlərə istinad olunur və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Həmçinin ikitərəfli əsasda bir sıra dövlətlərlə miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə davamlı iş aparılır.