Səhiyyə
Azərbaycanda səhiyyə məsələləri
Səhiyyə
Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurum Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST).
ÜST 1948-ci il aprelin 7-də yaradılmışdır. Təşkilatın 192 üzvü var. Təşkilatın əsas orqanları Ümumdünya Səhiyyə Assambleyası, İcraiyyə Şurası və Katiblikdir. Katibliyə Baş Katib rəhbərlik edir. Hazırda ÜST-nın Baş Katibi Cin nümayəndəsi Marqaret Çandır (2006-cı ildə seçilmişdir). ÜST-nın Katibliyi Cenevrə şəhərində yerləşir.
ÜST üzv dövlətlərlə əlaqələrini regional ofisləri vasitəsilə həyata keçirir. Təşkilatın 6 regional ofisi var:
Afrika üzrə Regional Ofis – qərargahı Brazzavil (Konqo);
Avropa üzrə Regional Ofis – qərargahı Kopenhagen (Danimarka)
Cənub-şərqi Asiya üzrə Regional Ofis – qərargahı Dehli (Hindistan)
Amerika üzrə Regional Ofis – qərargahı Vaşinqton (ABŞ)
Şərqi Aralıq dənizi sahili üzrə Regional Ofis – qərargahı Qahirə (Misir)
Qərbi Sakit okean üzrə Regional Ofis – qərargahı Manila (Filippin)
Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı Avropa üzrə Regional Ofis vasitəsilə həyata keçirilir. Avropa Regional Komitəsinin Direktoru Mark Danzon 2000-ci və 2004-cü illərdə Azərbaycana səfər etmişdir. Azərbaycan ÜST-ə 1992-ci il oktyabr ayının 2-də üzv olmuşdur. 1994-cü ildə ölkəmizdə ÜST-ün ofisi açılıb. Hal-hazırda ofisin rəhbəri Kəmran Qaraxanovdur (15 yanvar 2007-ci ildən etibarən).
ÜST Azərbaycanda bir sıra layihələr həyata keçirmiş və keçirməkdədir. Bunlar aşağıdakılardır:
1. DOTs (Directly Observed Treatment-short course) layihəsi. – Layihə vərəm xəstəliyinin birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kurslarının keçirilməsini nəzərdə tutur. Layihə çərçivəsində Bakı, Naxçıvan, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt, Sabirabad, Şəki və Mingəçevir şəhərlərindəki vərəm dispanserləri vərəm əleyhinə dərman vasitələri, diaqnoz üçün rentgen aparatları, mikroskoplar və digər avadanlıqlar şəklində humanitar yardım alır. Bu proqrama bir sıra qeyri-hökumət təşkilatları da qoşulmuşdur.
2. MECACAR – poliomielitin ləğv edilməsi üzrə proqram. Bu genişmiqyaslı proqram 1995-ci ildən həyata keçirilməyə başlanmışdır. Proqrama UNİSEF də qoşulmuşdur.
3. CARAK- uşaq və ananın qorunması üzrə proqram.
4. Difteriyaya nəzarət üzrə proqram - Proqram çərçivəsində respublikanın müxtəlif rayonlarının tibbi heyəti üçün tədris kursları keçirilir.
5. Ailə planlaşdırılması üzrə proqram – Proqramın həyata keçirilməsi üçün iki şəhər – Gəncə və Sumqayıt şəhərləri seçilmişlər.
6. Ruhi sağlamlıq üzrə Proqram – Proqram çərçivəsində ölkəmizə humanitar yardım şəklində müxtəlif psixotrop maddələr daxil olur. Yardım Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən pilot şəhəri kimi seçilmiş Quba rayonuna və digər rayonlara göndərilir.
7. Cənubi Qafqaz Səhiyyə İnformasiya Sistemi – layihənin məqsədi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə özünün Səhiyyə İnformasiya Sisteminin yenidən qurulmasında və inkişafında kömək göstərməkdir.
Azərbaycan Respublikası səhiyyə sahəsində UNİSEF-lə də əməkdaşlıq edir. UNİSEF-in dəstəyi ilə ölkəmizdə aşağıdakı layihələr həyata keçirilir:
1. İlkin tibbi xidmətin islahatları - layihənin əsas məqsədi rayonların səhiyyə sisteminin vəziyyətini qiymətləndirmək və səmərəliləşdirmək, tibb müəssisələrinin tibbi və ofis avadanlığını təkmilləşdirmək və heyətinin imkanlarını artırmaqdır.
2. Səhiyyə İnformasiya Sistemi – layihənin məqsədi SİS-i beynəlxalq standartlara yaxınlaşdırmaq və ölkənin ehtiyaclarına uyğunlaşdırmaqdır.
3. Kəskin Nəfəs yolları İnfeksiyaları və Diarreya Xəstəliklərinə Nəzarət – layihənin əsasən ailədə uşağın qayğısına qalmaq məsələsinə yönəlmişdir.
4. Ananın və Yeni doğulmuş uşaqların Qorunması – Analığın və yeni doğulmuş uşağın qorunması xidmətini təkmilləşdirmək.
5. Uşaq Xəstəliklərinin İnteqrə edilmiş İdarəçiliyi – icma komponentinə xüsusi diqqət yetirməklə uşaq xəstəliklərinin azaldılmasını inteqrativ yanaşmaq
6. Malyariyaya nəzarət – epidemiyanın yayıldığı ərazilərdə nəzarət proqramının həyata keçirilməsində cəmiyyətin iştirakını artırmaq
7. Ana südü ilə qidalanma və Körpəyə qayğı ilə yanaşma Təşəbbüsü (Breastfeeding and Baby Friendly Hospital Initiative) – ana südü ilə qidalanmanı 6 ay müddətinə qədər davam etdirilməsini qorumaq və təşviq etmək və bu prosesin 2 ilə qədər uzatmaq, bütün uşaqlar üçün qidalanmanı təmin etmək.
8. Yod çatışmamazlığı Xəstəlikləri və Duzun Ümumi Yodlaşdırılması – insan və heyvan qidasında istifadə edilən duzun tam yodlaşdırılmasını təmin etmək.
9. İmmunlaşdırma üzrə Genişləndirilmiş Proqram – proqramın məqsədi əhalinin yüksək immunlaşdırma səviyyəsinə (90%) nail olmaqdır.
10. Gənclərin sağlamlığı və İnkişafı
Bu təşkilatlarla yanaşı Azərbaycan Respublikası Avropa Şurasının səhiyyə məsələləri ilə məşğul olan müxtəlif ekspert komitələrinin də işində iştirak edir.
2005-ci il aprelin 21-də ölkəmizdə İİVQİÇS ilə mübarizə məqsədilə “Azərbaycanda İİV/QİÇS ilə mübarizənin gücləndirilməsi” adlı 5 illik proqramının iki ilinin maliyyələşdirilməsinə dair QİÇS, malyariya və vərəmə qarşı mübarizə üzrə Qlobal Fond ilə Qrant Sazişi imzalanmışdır. Bu məqsədlə Qlobal Fond tərəfindən Azərbaycana 6 milyon 98 min 600 ABŞ dolları həcmində qrant ayrılmışdır. Bundan əlavə, Azərbaycan tərəfi Fonda 2005 payızında malyariya və vərəmlə bağlı təkliflər təqdim etmiş, vərəmlə mübarizə üzrə layihə Qlobal Fond tərəfindən qəbul edilmiş (müqayisə üçün: təqdim edilmiş 179 layihədən yalnız 5-i qəbul edilmişdir) və ölkəmizdə bu xəstəliklə mübarizəyə 9.5 mln ABŞ dolları həcmində qrant ayrılması barədə qərar qəbul edilmişdir. Malyariyaya qarşı mübarizə layihəsi Ölkə əlaqələndirmə komissiyası tərəfindən 2006-cı il iyulun 28-də Qlobal Fonda təqdim edilmiş, lakin müəyyən səbəblər üzündə qəbul olunmamışdır. Yeniləşdirilmiş və təkmilləşdirilmiş layihənin 2007-ci il ərzində yenidən Fonda təqdim olunması gözlənilir.
Səhiyyə sahəsində ölkəmizin qazandığı digər uğur isə 2005-ci il mayın 16-25-də Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası çərçivəsində Azərbaycanın Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-nın İcraiyyə Şurasına üzv seçilməsi olmuşdur. Şuraya 192 ölkədən 32 ölkə seçilir. Azərbaycanla yanaşı, Şuraya Avropa regionundan Portuqaliya da seçilmişdir.
2006-cı il aprelin 25-26-da ÜST-nin keçmiş Baş Direktoru Li Yonq Vuk Azərbaycan Respublikasına səfər etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Nazirlər Kabineti, Səhiyyə nazirliyi, eləcə də Heydər Əliyev Fondunda görüşlərdə iştirak etmişdir. Sözügedən səfər çərçivəsində əsas diqqət quş qripi və vərəm ilə mübarizə, kar və eşitmə qabiliyyəti zəif olanların cəmiyyətdə rolunun artırılması, ÜST ilə əməkdaşlıq, aclıq və yoxsulluğun aradan qaldırılması və səhiyyə sektorunda islahatlar kimi məsələlərə yönəlmişdir.
Lakin 2006-cı ilin may ayında Baş Direktor Li Yonq Vukun gözlənilməz vəfatından sonra baş direktor vəzifəsinə qalmış vakant yerə seçkilərin keçirilmə tarixləri ətrafında müzakirələr başlanmışdır. Müzakirələrə əsasən 2006-cı ilin noyabr ayında ÜST-nin İcraiyyə Şurasının 119-cu növbədən kənar sessiyasının, eləcə də Ümumdünya Səhiyyə Assambleyasının 1-ci fövqəladə toplantısının keçirilməsi planlaşdırılmışdır. Seçkilər ərəfəsində bir çox dövlətlər seçkilərdə onların namizədlərinin dəstəklənməsi ilə əlaqədar XİN-ə müraciət etmiş və ya namizədlər Azərbaycana səfər edərək XİN-də görüşlər keçirmişlər.
2006-cı il noyabrın 6-8-də Cenevrədə ÜST-nin İcraiyyə Şurasının 119-cu sessiyası, noyabrın 9-da isə Ümumdünya Səhiyyə Assambleyasının 1-ci fövqəladə toplantısı keçirilmişdir və tədbirlərdə Azərbaycan Respublikasının Səhiyyə Naziri O.Şirəliyev iştirak etmişdir. İclasların nəticəsi olaraq ÜST-nin yeni Baş Direktoru Çindən Marqaret Çan seçilmişdir.
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində bir çox dövlətlərlə səhiyyə sahəsində fəal əməkdaşlıq etməklə yanaşı, onların bəzilərində müəyyən xəstəliklərin qarşısının alınmasına öz tövhəsini də vermişdir. Məsələn, İKT-nın üzv ölkələrinin Xarici İşlər Nazirlərinin Bakıda keçirilmiş 33-cü konfransından (iyun, 2006) öncə ÜST Azərbaycanın İKT-də sədrliyi çərçivəsində qeyd olunan təşkilatın üzv dövlətlərinin bəzilərində poliomielitin yayılması, eləcə də bu xəstəliyin aradan qaldırılması məqsədilə ölkəmizin daxili imkanları çərçivəsində maliyyə yardımın edilməsinə dair təşəbbüs ilə çıxış etmişdir. XİN-nin Azərbaycan Respublikasının Hökuməti qarşısında qaldırılmış sorğusuna cavab olaraq Maliyyə Nazirliyi tərəfindən ÜST kimi nüfuzlu bir təşkilatın təşəbbüsünün dəstəklənildiyi və 2007-ci ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı bu məqsəd üçün 20 min yeni manat məbləğində vəsaitin ayrılmasının nəzərdə tutulduğu bildirilmişdir.
Məlumat üçün qeyd etmək lazımdır ki, ümumiyyətlə, poliomielit xəstəliyi Azərbaycanda 1996-cı ildən etibarən tamamilə ləğv edilmişdir.
Azərbaycanda quş qripi virusunun aşkarlandığı andan etibarən XİN sözügedən xəstəlik ilə mübarizə tədbirlərini daha səmərəli həyata keçirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti tərəfindən tərtib edilmiş lazımı avadanlıq, cihaz, avtonəqliyyat və s. əks etdirən siyahını Aİ, ÜST, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi qurumlar, eləcə də Azərbaycan Respublikasının Amerikada, Kanada, Avropanın bir sıra ölkələri, eləcə də Yaponiya və Çindəki səfirliklərinə göndərilmiş və eyni zamanda diplomatik kanallar vasitəsilə keçirilən görüşlərdə adı çəkilən siyahı ilə məhdudlaşmamaq və daha geniş imkanların araşdırılmasını təmin etmişdir. Buna cavab olaraq yuxarıda qeyd edilmiş beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlər tərəfindən ölkəmizə müvafiq yardım (lazımı avadanlıqların çatdırılması, maliyyə yardımı, bu sahədə çalışan ekspert qruplarının ölkəmizə səfərləri və onlar tərəfindən yerli mütəxəssislərimiz üçün təlimlərin təşkili və s.) göstərilmişdir.