English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
SEÇKİLƏR



Azad və demokratik seçkilərin keçirilməsi və belə seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik özülü formalaşmışdır.

Seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə, aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış və müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirən, cəmiyyətin geniş dairələrinin də müzakirəsinə cəlb edildiyi Seçki Məcəlləsi vasitəsilə möhkəm hüquqi özül yaradılmışdır.

Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. 2002-ci ilin dekabrında Azərbaycan hökumətinin nümayəndələri, müxalifət nümayəndələri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT/DTİHB tərəfindən təşkil olunmuş dəyirmi masalarda Məcəllənin layihəsi ətrafında müzakirələr aparılmışdır. Televiziya vasitəsilə yayımlanan dəyirmi masalar nəticəsində ictimaiyyət Seçki Məcəlləsinin layihəsi ilə bağlı məlumat əldə etmişdir. Aparılan işlərin məntiqi nəticəsi kimi, Seçki Məcəlləsi 2003-cü ilin mayında qəbul olunmuş və ölkə Prezidentinin sənədi imzalamasından sonra qüvvəyə minmişdir.

Seçki Məcəlləsi ölkədə Prezident, Parlament və bələdiyyə seçkilərinin, eləcə də referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Eyni zamanda, Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının və seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Bu sahədə əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazis yaradaraq, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.

Seçki Məcəlləsinin qəbulundan sonra ilk olaraq 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasında Prezident seçkiləri keçirilmişdir. Müsbət amil kimi, yüksək siyasi fəallıqla müşahidə olunan seçki kampaniyası dövrünün dinc və sabit mühitlə səciyyələndiyini də ayrıca qeyd etmək lazımdır. Azərbaycan Respublikası Prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını müvafiq şəkildə aparmaq üçün lazımi səviyyədə bərabər imkanlar yaradılmışdır. Qeyd etmək lazımdır ki, bu məqam, eyni zamanda, aktiv seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlıq və Mərkəzi Seçki Komissiyası və seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT/DTİHB, Avropa Şurası və ATƏT Parlament Assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində öz əksini tapmışdır.

Eyni zamanda, Azərbaycan hökuməti seçkilərin gedişində müəyyən qüsurlara təsadüf olunması faktını da qəbul etmişdir. Lakin, bu qüsurlar ümumilikdə tendensiya səciyyəsi daşımayaraq, bəzi hallarda təhrikçilik əməllərinin nəticəsi kimi meydana çıxmışdır. Beynəlxalq müşahidəçilərin də qeydə aldığı konkret qanun pozuntuları ilə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Bunun nəticəsi kimi, 694 seçki məntəqəsində müşahidə olunmuş qüsurlara görə seçkilərin nəticələri ləğv edilmişdi.

Keçirilmiş seçkilərlə bağlı ATƏT/DTİHB-nin Yekun Hesabatı dərc olunmuşdur. Hesabatda seçkilərlə bağlı müxtəlif məqamlar öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti hesabatda öz əksini tapmış müddəalarla bağlı ətraflı araşdırmalar aparmış və bu araşdırmaların nəticəsi kimi Yekun Hesabata dair Azərbaycan tərəfinin şərhləri hazırlanaraq Avropa Şurası və ATƏT-ə təqdim olunmuşdur.

Sözügedən Seçki Məcəlləsi əsasında 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçirilmişdir.

47%-ə yaxın seçicilərin iştirakı və Azərbaycanın 15 illik müstəqillik tarixində ilk dəfə tətbiq olunan bir sıra yeniliklərlə, bu seçkilər keçmişin metod və təcrübələrindən qətiyyətli uzaqlaşmanı bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr Sərəncamlarının əhəmiyyətli dərəcədə təkmilləşdirdiyi möhkəm qanunvericilik bazası ilə bu seçkiləri, Azərbaycanda ilk dəfə tətbiq olunan seçici vəsiqələrinin istifadəsi, seçici siyahılarının dərc edilməsi, çox qat səsvermənin qarşısının alınması məqsədilə seçicilərinin barmaqlarının mürəkkəblə işarələnməsi, müstəqil “exit-poll”arın keçirilməsi, xaricdən maliyyələşən bəzi yerli QHT-lər üzərindən seçkilərin müşahidəsi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi və s. kimi təkmil demokratik mahiyyətə malik bir sıra seçki öncəsi və seçki günü praktikaları səciyyələndirmişdir.

Hökumətin atdığı təşviq edici addımlara, həmçinin müxalifət və iqtidar partiyalarına bərabər şəraitdə ictimai yürüşlərin keçirilməsinə icazə verilməsi, bütün namizədlərə onların baxışları və siyasi mənsubiyyətindən asılı olmayaraq həm ödənişsiz, həm də ödənişli efir vaxtının təmin edilməsi, prosesə istənilən müdaxiləyə qarşı yerli icra hakimiyyəti orqanlarının xəbərdar edilməsi də daxil idi və bu şəffaflıq və ədalət mühitinin yaradılması ilə nəticələndi ki, bu da 2000-ə yaxın namizədin qeydiyyatdan keçməsinə imkan yaratdı.

1500 beynəlxalq və 17 minə yaxın yerli müşahidəçi tərəfindən izlənilmiş parlament seçkiləri, bəzi qanun pozuntusu hallarına baxmayaraq Beynəlxalq Seçkiləri Müşahidə Missiyasının müşahidəçilərinin də göstərdiyi kimi əvvəlki seçkilərlə müqayisədə təkmilləşməni nümayiş etdirmişdir.

Eyni zamanda seçkilərdə yol verilmiş pozuntulara görə 10 seçki dairəsində seçkilərin nəticələri etibarsız hesab edilmiş, bəzi seçki dairələrində səslər yenidən hesablanmış, işlərində yol verdikləri pozuntulara və 11 may və 25 oktyabr sərəncamlarını pozduqlarına görə üç icra hakimi vəzifəsindən azad edilmiş, bir sıra seçki komissiyalarının sədrləri həbs edilmişdir. Azərbaycan tarixində ilk olan belə tədbirlər gələcəkdə qanun pozuntularına yol verilməməsi üçün vacib, habelə həlledici nümunə rolunu oynayacaqdır.

Nəticələri ləğv olunmuş 10 dairədə təkrar seçkilər isə 2006-cı il mayın 13-də keçirilmişdir. Təkrar seçkilər xalqın iradəsini tam əks etdirmiş, bunu seçki günü keçirilən exit-polların nəticələrinin rəsmi nəticələrlə 100% üst-üstə düşməsi sübut edir.

Artıq qeyd edildiyi kimi, Azərbaycan hökuməti ölkədə demokratik və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daim bu əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirir. Azərbaycan hökuməti seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir.



Azərbaycan Respublikasında Seçki praktikasının təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 11 may 2005-ci il

pxl Home Top pxl
pxl