İNSAN HAQLARI
Son illərdə Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.
Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur.
Son bir neçə il ərzində Azərbaycan Respublikasının Mülki, Mülki-Prosessual, Ailə, Əmək, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcra edilməsi haqqında, Gömrük və Vergi Məcəllələri, Yığıncaq azadlığı, Kütləvi informasiya vasitələri, Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondla r) və Vəkillik haqqında mühüm əhəmiyyətə malik olan qanunları qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında, eləcə də ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.
İşgəncələr və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilmiş tövsiyələrin Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülmüş, yeni Cinayət Məcəlləsinə işgəncəyə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutan müvafiq maddə daxil edilmiş, təhqiqat, ibtidai istintaq dövründə və ya cəza çəkilərkən, habelə hərbi xidmət dövründə vəzifəli şəxslər tərəfindən vətəndaşların və ya, həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin işgəncə və ləyaqəti alçaldan qeyri-insani rəftar və cəza növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllər kimi müəyyənləşdirilmişdir.
Bu gün Azərbaycanda 600-dən artıq informasiya agentlikləri və qəzetlər rəsmi olaraq qeydiyyatdan keçmişlər. Siyasi partiyaların əksəriyyəti öz qəzetlərini nəşr etdirirlər.
Penitensiar sistemdə islahatlar sahəsində də böyük işlər görülmüşdür. Avropa Şurası qarşısında götürülmüş öhdəliyə uyğun olaraq, Azərbaycan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bağlanılmış sazişə əsasən, BQXK nümayəndələri azadlıqdan məhrumetmə yerlərinə baş çəkə bilərlər.
Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeçiliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir.
Məhkəmə və hakimlər haqqında qanun bütün şəxslərin məhkəmə qarşısında bərabərliyi, müstəqil məhkəmələr tərəfindən ədalət mühakiməsinin ədalətlə və maneəsiz həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının açıq, çəkişmə qaydası əsasında həyata keçirilməsi kimi ədalət mühakiməsi prinsiplərini müəyyənləşdirmişdir.
Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Ölkədə bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycanda din dövlətdən ayrıdır.
İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olmuşdur. Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT , Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir.
Layihənin 3-cü mərhələsi 2005-ci ildə imzalanmış razılığa əsasən həyata keçirilir. Bu mərhələdə, 2005-ci il dekabrın 5-7-də Bakıda müqavilələrin implementasiyası üzrə nəzarət qurumlarına dövrü hesabatların təqdim edilməsi mövzusuna həsr edilmiş seminar uğurla təşkil olunmuşdur. 2006-cı ildə isə layihə çərçivəsində hakimlər və prokurorlar üçün ikinci seminar təşkil olunmuşdur. Hazırda layihə çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunur.
2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsi olmuşdur. 2006-cı il martın 15-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş A/60/L.48 saylı qətnaməyə əsasən İnsan hüquqları Komissiyasının əvəzinə BMT Baş Assambleyasının köməkçi orqanı olan İnsan Hüquqları Şurası (İHŞ) yaradılmışdır. İHŞ-nın üzvlərinin sayı 47-dir. BMT-yə üzv olan 65 dövlət Şuraya öz namizədliyini irəli sürmüş, Azərbaycanın aid olduğu Şərqi Avropa qrupu namizədlərin sayının (13) ayrılmış yerlərin sayı (6) ilə müqayisədə çoxluğuna görə rəqabətin ən güclü olduğu qrup olmuşdur. Buna baxmayaraq, həm Nazirliyin mərkəzi aparatının, həm də müvafiq səfirlik və nümayəndəliklərimizin fəaliyyəti sayəsində 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilərin nəticəsində Azərbaycan bu quruma seçilmiş ilk 47 ölkədən biri olmuşdur.
Şura 2006-cı ilin iyunun 19-da fəaliyyətə başlamış, onun ilk sessiyasının yüksək səviyyəli seqmentində AR-in Xarici işlər nazirinin müavini cənab M.Məmməd-Quliyev iştirak edərək İHŞ-nın üzvü kimi ölkəmizin bu qurumun gələcək fəaliyyəti ilə bağlı mövqeyini açıqlamışdır.
Azərbaycan Respublikasının 2001-ci ildə Avropa Şurasına üzv olmasından sonra, ölkədə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin gücləndirilməsi və demokratikləşdirmə məsələlərinə istər hökumətin, istər vətəndaş cəmiyyətinin, istərsə də dünya ictimaiyyətinin diqqəti artmışdır. Bu, bir tərəfdən ölkəmizin öz iradəsi ilə Avropa Şurası qarşısında üzərinə müvafiq öhdəliklər götürməsindən irəli gəlirsə, digər tərəfdən həyatın müxtəlif sahələrinə aid daim təkmilləşən və özünü müxtəlif sənədlərdə əks etdirən Avropa standartlarına uyğunlaşma tələbi ilə bağlıdır.
Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görmüşdür.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in Fəaliyyətdə olan Sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir. 2002-2005-ci illərdə ATƏT-in DTİHB Avropa Komissiyası ilə birlikdə Cənubi Qafqaz ölkələrində 3 illik Münaqişələrin qarşısının alınması və insan hüquqları sahəsində imkan quruculuğu adlı proqram həyata keçirmişdir. Proqram penitensiar sistemin islahatı və penitensiar sistem işçilərinin treninqi, insan hüquqları sahəsində yerli QHT-ləri treninqi, insan alverinə qarşı mübarizə sahəsində QHT-lərə dəstək göstəriməsini əhatə etmişdir.
ATƏT insan hüquqları sahəsində maarifləndirmə istiqamətində də ölkəmizdə əhəmiyyətli tədbirlər görmüşdür. 2005-ci ilin sentyabr-dekabr aylarında ATƏT sədrliyi çərçivəsində Uşaq Hüquqları Konvensiyasına əsaslanan 10-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş İnsan Hüquqlarının Tədrisi üzrə Xüsusi Pilot Layihə həyata keçirilmişdir. Layihənin tətbiqinə başlamazdan öncə Sloveniya Xarici İşlər Nazirinin müşaviri, ATƏT məsələlərinə məsul Blanka Yamnişek 2005-ci il sentyabrın 20-22-də ölkəmizə səfərdə olmuşdur. Səfər çərçivəsində B.Yamnişek bir sıra dövlət rəsmiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri ilə görüşlər keçirmişdir. 2005-ci il dekabrın sonunda bitən layihə 5 məktəb, 14 müəllim və 476 şagirdi əhatə etmişdir.
İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Bu baxımdan, xüsusilə 2006-cı il noyabrın 14-də qəbul olunmuş, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmin edilməsi və eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planın icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramında insan hüquqları sahəsində konkret əməkdaşlıq fəaliyyətlərinin müəyyən edilməsi nəzərdə tutulur.
Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşdirmə bu sahədə fəaliyyət göstərən təsisatların imkan quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir prosesdir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşdirmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımı səmərə verə bilməz.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaratmış və Hökumətin gündəliyinə yeni vəzifələr daxil etmişdir. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə vermişdir. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxili və xarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaratmışdır.