Xəzər Dənizi ilə bağlı məsələlər
XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSUNA DAİR
A R A Y I Ş
Azərbaycan Respublikası sahilyanı dövlətlərin Xəzər dənizindən istifadə edilməsinin təşəkkül tapmış təcrübə əsasında müvafiq sektorlar çərçivəsində ənənəvi iqtisadi fəaliyyətin həyata keçirilməsinə istinad edir.
Azərbaycan Respublikasının konseptual mövqeyinə görə Xəzər dənizi sahilyanı dövlətlərin suveren hüquqları və yurisdiksiyası şamil olunan müvafiq sektorlara bölünməlidir. Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsi orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn ümumtanınmış prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməlidir.
Bütün bunlar Xəzər dənizinin hüquqi statusu haqqında vahid sənəddə öz əksini tapa bilər.
Sahilyanı dövlətlərin qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlıqlarından irəli gələn məsələlər hər bir sahilyanı dövlətin Xəzər dənizində müvafiq sektor üzrə ayrılmaz suveren hüquqlarını təsbit edən hüquqi status haqqında əsas sənədə əsaslana bilər.
Xəzər dənizinin hüquqi statusu haqqında vahid konvensiya qəbul olunana qədər Xəzəryanı dövlətlər Xəzər dənizində təşəkkül tapmış təcrübəyə əsasən öz suveren hüquqlarını həyata keçirirlər.
Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə Xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradılmışdır. İndiyədək XİQ-in 15 iclası olmuşdur. Son iclas 26-27 oktyabr 2004-cü ildə Moskvada keçirilmişdir. XİQ-in növbəti 16-cı iclasının Aşqabatda keçirilməsi nəzərdə tutulur.
Xəzərsahili dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq bütün sahilyanı ölkələr ümumiyyətlə Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.
Konvensiya layihəsi üzrə danışıqlarda Xəzər dənizinin dibinin sektorlara bölünməsi və bu bölgü əsasında yaranmış sektorlarda sahilyanı dövlətlərin dənizin dibindəki mineral ehtiyatların istifadəsi, həmçinin su səthinin istifadəsi – gəmiçilik, bioloji ehtiyatlarının qorunması, təhlükəsizlik məsələləri, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə olunur.
Xəzəryanı dövlətlər arasında beştərəfli formatda danışıqlarla yanaşı Azərbaycan Respublikası ikitərəfli əsasda İran və Türkmənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Həmin danışıqlarda dəniz dibinin bölünməsi ilə bağlı aspektlər müzakirə olunur.
Hal-hazırda Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi və istifadəsinə, habelə hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlara malikdirlər.
İndiyədək Xəzəryanı dövlətlər arasında aşağıdakı ikitərəfli və çoxtərəfli Sazişlər imzalanmışdır:
- Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş, 23 sentyabr 2002-ci il;
- Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Saziş, 29 noyabr 2001-ci il və ona əlavə 27 fevral 2003-cü il tarixli Protokol;
- Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında dəniz dibinin təkinin istifadəsinə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında 6 iyul 1998-ci il tarixli Saziş və ona əlavə 13 may 2002-ci il tarixli Protokol;
- Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş, 14 may 2003-cü il;
- Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası, 4 noyabr 2003-cü il Tehran.
24-25 yanvar 2005-ci il tarixində Aşqabad şəhərində “Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın “Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda aparılan fəaliyyətlərdən çirklənməsindən mühafizə olunması haqqında Protokol” layihəsinin hazırlanması üzrə Xəzəryanı dövlətlərin birinci görüşü keçirilmişdir.