Azərbaycan Respublikası və BMT-nin təsisatları

İnsan hüquqları

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələr Azərbaycan qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İnsan hüquq və azadlıqları Azərbaycan ərazisində birbaşa tətbiq gücünə malikdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.

Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur. Müxtəlif sahələr üzrə qəbul edilən qanun və məcəllələr Azərbaycan Respublikası qanunvericilik sisteminin güclənməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə ölüm hökmü ləğv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.

İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olmuşdur. Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilmişdir.

27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Proqram, əsasən, BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə Azərbaycanın birinci məruzəsi ilə bağlı verilmiş tövsiyələrdə əks olunan məsələləri özündə ehtiva edir. Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi (həmçinin, qanunların hazırlanması zamanı insan hüquq və azadlıqlarının əsas amil kimi götürülməsi vasitəsilə), dövlət qurumlarının işinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığın davam etdirilməsi, insan hüquqları sahəsində təlim, tədqitat və maarifləndirici tədbirlərin davam etdirilməsi, habelə insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsini nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İHŞ-yə üzv seçilməsi olmuşdur. BMT Baş Assambleyasının A/60/L.48 saylı Qətnaməsinə əsasən yaradılan İHŞ İnsan Hüquqları Komissiyasını əvəz etmişdir. Azərbaycan İHŞ-nin ilk 47 üzv-dövlətindən biri olmuşdur. İHŞ 19 iyun 2006-cı ildə fəaliyyətə başlamışdır.

2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 1-ci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurasına təqdim edilmişdir. Eyni zamanda, Universal Dövri İcmal üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurası mütəmadi olaraq məlumatlandırılmışdır.

Azərbaycan Respublikası İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları ilə məhsuldar əməkdaşlığını davam etdirir. Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarından ölkəyə səfər etməklə bağlı məktubla müraciətlərə müsbət cavab vermişdir. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, 2013-cü aprel ayında Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarına ölkəyə səfər etməklə bağlı daimi dəvət (“standing invitation”) göndərmişdir.

Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə BMT-nin xüsusi məruzəçisi A.Qrover regionlarda səhiyyə sahəsində mövcud vəziyyətlə tanış olmaq məqsədilə 16-23 may 2012-ci il tarixində Azərbaycana səfər etmişdir.

2013-cü ilin 30 aprel tarixində BMT İnsan Hüquqları Şurasının UDİ üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Sessiya çərçivəsində milli hesabatımız üzrə ümumilikdə 77 dövlət interaktiv dialoqda çıxış etmiş, sual və tövsiyələrini səsləndirilmişlər. İnteraktiv dialoq çərçivəsində nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası Hökumətinin insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə əldə edilən irəliləyişlər, həmçinin mövcud çətinliklər qeyd edilmişdir.

2013-cü ilin 3 may tarixində BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktı üzrə üçüncü dövri məruzəsi nəzərdən keçirilmişdir. Sessiya çərçivəsində Komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, nümayəndə heyətinin açılış nitqini və hesabatımızda iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini yüksək qiymətləndirmiş və sözügedən məsələləri Hökumətimizin iqtisadi, sosial və mədəni hüquqların təminatı sahəsindəki səylərinin bariz nümunəsi qismində səciyyələndirmişlər. Azərbaycan Respublikasının məruzəsi və interaktiv dialoqun gedişi Komitə üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktın yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının səylərinin təqdirəlayiq olduğu qeyd edilmişdir.

2013-cü ilin 20 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının 24-cü sessiyası çərçivəsində UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikası üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclas keçirilmişdir. Hesabata baxış zamanı təqdim edilən ümumilikdə 162 tövsiyədən 158-i Azərbaycan tərəfindən tam və ya qismın qəbul edilmiş, habelə mövcud tövsiyələrin müəyyən hissəsinin Azərbaycan Hökuməti tərəfindən artıq yerinə yetirildiyi, digər hissəsi ilə bağlı isə işlərin davam etdirildiyi qeyd olunmuşdur. İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı (A/HRC/24/13) İHŞ tərəfindən yekdilliklə qəbul olunmuşdur.

25 noyabr – 6 dekabr 2013-cü il tarixində BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi R.Manjunun ölkəmizə səfəri olmuşdur. Xüsusi Məruzəçi İnsan Hüquqları Şurasının 26-cı sessiyasına təqdim etdiyi hesabatın Azərbaycana səfəri ilə bağlı Əlavəsində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına məxsus olduğunu qeyd etmiş və münaqişə ilə bağlı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etmişdir. Eyni zamanda, Xüsusi Məruzəçi hesabatında münaqişə ilə bağlı aşağıdakı tövsiyəni vermişdir: “Xüsusi Məruzəçi torpağın işğalı məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsində əks olunan müddəalar əsasında tezliklə həlli ilə bağlı beynəlxalq ictimaiyyətə öz səylərini intensivləşdirməyi tövsiyə edir”.

Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/5) qismində yayılmışdır.

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən İHŞ-nin prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/14) qismində yayılmışdır.

1-2 aprel 2014-cü il tarixində Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyası üzrə Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinə dair həyata keçirdiyi tədbirlər barədə ilk məruzəsinə baxılmış və müvafiq tövsiyələr qəbul edilmişdir. Azərbaycan tərəfi sessiyada əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Komitə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ölkəmizin səylərini xüsusi qeyd edərək, 31 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun, habelə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi sahəsində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” və “İnkluziv təhsil üzrə Dövlət Proqramı”nın qəbul edilməsini təqdir etmişdir. Komitə həmçinin, ölkədə Konvensiyanın müddəalarının həyata keçirilməsini əlaqələndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət İşçi Qrupunun yaradılmasını yüksək qiymətləndirmişdir. Eyni zamanda, Konvensiyadan irəli gələn məsələlər üzrə ölkəmizin regionda Konvensiyanın digər tərəf-dövlətləri ilə beynəlxalq əməkdaşlığı təqdir edilmişdir. Bununla yanaşı, Konvensiya üzrə ölkəmizin növbəti hesabatının sadələşdirilmiş hesabat proseduruna (simplified reporting procedure) uyğun olaraq təqdim edilməsi barədə Komitənin təklifi Azərbaycan tərəfindən məqbul hesab edilmiş və ölkəmiz sözügedən prosedura qoşulmuşdur.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi eyni zamanda ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün sözügedən məsələlərə məsul olan qeyri-hökumət təşkilatları ilə təmaslarını davam etdirir. 2014-cü ilin 26 mart tarixində Daxili Yerdəyişmə üzrə Monitorinq Mərkəzi (IDMC) tərəfindən ölkəmiz üzrə hesabat buraxılmışdır. Hesabatda ölkəmizdəki məcburi köçkün vəziyyətinin Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişədən irəli gəldiyi, Ermənistanın Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu nəzarət altında saxlaması, məcburi köçkünlərin yaşadıqları torpaqların Ermənistan qoşunları tərəfindən işğal olunması və münaqişənin hazırda da cəbhə xətti boyunca davam etməkdə olması birmənalı şəkildə qeyd edilmişdir.

18-24 may 2014-cü il tarixində BMT-nin Məcburi köçkünlərin hüquqları üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyaninin Azərbaycana rəsmi səfər etmişdir. Xüsusi Məruzəçi Azərbaycana səfəri ilə bağlı tam hesabatını BMT İnsan Hüquqları Şurasının 2015-ci ilin iyun ayında keçiriləcək iclası zamanı təqdim edəcəkdir.

18-27 avqust 2014-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun və 8-17 sentyabr 2014-cü il tarixində BMT-nin İşgəncənin qarşısının alınması üzrə Alt-komitəsinin ölkəmizə ilk rəsmi səfəri nəzərdə tutulur.

Humanitar məsələlər

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana gəlmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan gəlmiş 50 min nəfərə qədər Məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.

1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun işğal olunmasına səbəb olmuş və Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış mənətəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkünə çevrilmişdir. Bu insanlar respublikanın 62 şəhər və rayonunda müvəqqəti olaraq məskunlaşmışlar.

Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.

Artıq uzunmüddətdir ki, məcburi köçkünlər çadır düşərgələrində, fin tipli yığma evlərdə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələri binaları və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və s. yerlərdə ağır şəraitdə yaşayırlar.

Ötən müddətdə ölkəmizdə qaçqınların, məcburi köçkünlərin, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 46 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 215 qərar və sərəncam, Milli Məclis isə 23 Qanun qəbul etmişdir.

1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», 1999-cu ildə isə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köcürülmüş şəxslərin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunlar qəbul edilmişdir. Qeyd etmək istəyirik ki, ilk iki qanuna uyğun olaraq Ermənistandan qovulmuş bütün qaçqınlara vətəndaşlıq statusu verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə» Dövlət Proqramı müvafiq sahədə həyata keçirilən işlərin yeni mərhələsini təşkil edir.

Münaqişənin həllinin uzandığı bir vəziyyətdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək istəyirik ki, Dövlət Neft Fondunun vəsaiti ilkin olaraq qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Ümumiyyətlə, 2001-2006-cı illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış vəsait hesabına 10586 ev tikilmişdir.

Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 9-u ləğv edilmişdir. 2007-ci ilin sonuna qədər isə qalan 3 çadır düşərgəsinin də ləğvi nəzərdə tutulmuşdur.

Aparılan səmərəli işlərin nəticəsi olaraq 1992-2006-cı illərdə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən layihələrə təxminən 700 milyon ABŞ dolları həcmində vəsait sərf edilmişdir.

Lakin həyata keçirilən tədbirlərə baxmayaraq, ölkəmizdə qaçqınların, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin və məcburi köçkünlərin humanitar vəziyyəti mürəkkəb olaraq qalmaqdadır və onların bütün problemlərinin həlli beynəlxalq ictimaiyyətin, donor ölkə və maliyyə qurumlarının köməyi olmadan çox çətindir.

Bir məqamı vurğulamaq istərdik ki, Azərbaycanda yoxsulluğun ən yüksək həddi məhz məcburi köçkünlər arasında qeydə alınmışdır.

Azərbaycan hökumətinin qarşısında duran vəzifələr yeni qəsəbələrin salınması işlərinin davam etdirilməsi, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə infrastrukturun yaxşılaşdırılması, məcburi köçkünlərin regionlarda həyata keçirilən yoxsulluğun azaldılması və iqtisadi inkişaf layihələrinə cəlb olunması, onların məşğulluğunun artırılması, donor ölkə, təşkilat, özəl şirkətlər və humanitar təşkilatlar tərəfindən humanitar yardım və inkişaf layihələrinin davam etdirilməsi, müvafiq təşkilatlar tərəfindən Azərbaycandakı real vəziyyətin həqiqi surətdə beynəlxalq aləmdə işıqlandırılması və bir növ təbliğati rol funksiyasının həyata keçirilməsi, Böyük Repatriasiya («Böyük Qayıdış») proqramının beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının iştirakı və maliyyə dəstəyi ilə hazırlanması və s.təşkil edir.

Ölkədə bir milyonadək qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial problemlərinin həlli ilə bağlı da hökumət, beynəlxalq və milli humanitar təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Hazırda Azərbaycanda 3119 nəfər «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və Fələstindən olan şəxslər təşkil edir.

Ölkəmizdə «Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası» təsdiq edilmiş, xarici ölkələrdən «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvafiq Qanuna uyğun hüquqlarının tənzimlənməsi məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi köməyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamenti yaradılmışdır.

2000-ci ilin may ayından etibarən BMT QAK-da qeydiyyatdan keçmiş «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə tibbi xidmət göstərilir. Eyni zamanda «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə status verilməsi, onların sosial problemlərinin həlli və məktəb yaşlı uşaqlarının təhsil almaları üçün BMT QAK və müvafiq dövlət orqanları ilə birgə lazımi işlər görülür.

«Qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə bağlı məsələlərin operativ həlli məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.

«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ölkəmizdə miqrasiya proseslərinə nəzarət mexanizminin təkmilləşdirilməsinə, bu sahədə aidiyyəti dövlət orqanlarının əlaqəli fəaliyyətinin tənzimlənməsinin təmin edilməsinə və işlərin müasir səviyyədə qurulmasına əlverişli şərait yaradacaqdır.

Bu sahədə hökumətin qarşısında duran vəzifələr «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin dövlət sərhədində və digər zəruri olan yerlərdə qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlanılmaları üçün müvəqqəti yerləşdirmə mərkəzlərinin yaradılması, fövqəladə hallarda xüsusilə bu kateqoriyadan olan qadın və uşaqların ilkin yerləşdirilməsi məqsədilə sığınacaq yerlərinin təşkili, onların sosial və digər problemlərinin həlli istiqamətində yerli və beynəlxalq humanitar təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsi kimi adddımlar təşkil edir.

Azərbaycan dövləti, donor ölkə, beynəlxalq maliyyə qurumları və humanitar təşkilatlar tərəfindən bütün mümkün olan tədbirlərin görülməsinə baxmayaraq, bu problemin fundamental həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və qaçqınların, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıtmalarıdır.

2012-ci ilin 26 aprel tarixində ölkəmiz BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə (BMTQAKİK) yekdilliklə üzv qəbul olunmuşdur.


Beynəlxalq Qırmızı Xaç Komitəsi

Azərbaycana qarşı Ermənistanın təcavüzü ilə əlaqədar olaraq BQXK 1992-ci ildən etibarən ölkəmizdə fəaliyyət göstərir. Təşkilat əsas diqqəti itkin düşmüş şəxslər və münaqişə və ya təhlükəsizlik səbəblərinə görə əsir götürülmüş şəxslərə verir və təmas xətti və Ermənistanla beynəlxalq sərhəd boyunca yaşayan icmalara yardım və onların dəstəklənməsi istiqamətində işləyir. BQXK beynəlxalq humanitar hüququn həyata keçirilməsi və onun silahlı və təhlükəsizlik qüvvələrinin treninqlər və tədris proqramlarında tətbiqini təşviq edir. BQXK Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə tərəfdaşlıq şəraitində işləyir və onun potensialının möhkəmləndirilməsini hədəfləyir.

Azərbaycan Qırmızı Aypara Cəmiyyəti və Böyük Britaniya Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə BQXK təmas xətti boyunca kəndlərdə yaşayan əhalinin məşğuliyyətlərini dəstəkləməyə davam etmişdir. Bura istehlak və suvarma üçün su ehtiyatlarından istifadə, yaşam imkanlarının verilməsi, evlərin təmiri vasitəsilə təmas xətti boyu atəş hallarına qarşı daha yaxşı müdafiənin təmin edilməsi aid olmuşdur.

Münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prioritet olaraq qalmışdır. BQXK Əsir və itkin düşmüş şəxslər üzrə Dövlət Komitəsinə itkin düşmüş şəxslərin ailələrindən müvafiq məlumatların toplanması üzrə mərkəzləşdirilmiş sistemin yaradılması və istifadəsi və bu proses boyunca texniki yardımın göstərilməsi istiqamətində yardım göstərmişdir.

Milli cəmiyyət/BQXK-nin nümayəndələri və Mina fəaliyyəti üzrə Azərbaycanın Milli Agentliyi mina ilə bağlı insidentlər və belə hadisələr zamanı ailə başçısını itirmiş ailələrin ehtiyacları üzrə məlumat toplamağa davam etmişdir. BQXK-nin məlumatına uyğun olaraq, Azərbaycanda ailə başçısını itirmiş 12 ailə müvafiq yardımlar nəticəsində mal-qara fəaliyyəti vasitəsilə gəlirlərini və ya ərzaq istehsalını artırmışlar.

İtkin düşmüş şəxslər ilə bağlı məsələlər Azərbaycan üçün vacibdir. Azərbaycandan 4046 şəxs itkin düşmüşdür. Yerli tərəfdaşlarla birlikdə BQXK itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardımlar göstərmiş, eyni zamanda onların pulsuz tibbi xidmət və digər imtiyazlardan yararlanmaları xüsusunda hakimiyyət orqanları təşviq etmişdir.

Ölkəmizin Cenevrədəki Daimi Nümayəndəliyi BQXK ilə əməkdaşlıq edir. Bu xüsusda, sözügedən qurumun hesabatlarının Azərbaycana aid hissələrində ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki müxtəlif məntəqələri (Ağdərə, Xocavənd və s.) Azərbaycan dilindəki tarixi adlarında əks olunmuş və eyni zamanda, ölkəmizin ərazisi ilə bağlı BQXK-nin yeni xəritəsi tərtib olunmuşdur. Xəritədə işğal olunmuş ərazilərimiz xüsusi işarələr ilə göstərilmişdir.


Beynəlxalq Mülki Müdafiə Təşkilatı

Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sözügedən təşkilat ilə sıx əməkdaşlıq etməkdədir. 2014-cü ildə ölkəmiz 2015-2018-ci illər üzrə sözügedən qurumun İcraiyyə Komitəsinə yekdilliklə üzv seçilmişdir.

 

BMT-nin fəlakət təhlükəsinin azaldılması üzrə Beynəlxalq Strategiyasının Katibliyi

Azərbaycan Respublikası BMT-nin fəlakət təhlükəsinin azaldılması üzrə Beynəlxalq Strategiyasının Katibliyi (UNISDR) ilə əməkdaşlığını davam etdirməkdədir. 2013-cü ilin mayında Daimi Nümayəndəlik Cenevrə şəhərində UNISDR-in təşkilatçılığı ilə keçirilmiş fəlakət təhlükəsinin azaldılması üzrə Qlobal Platformanın 4-cü sessiyasında, 14-15 iyul 2014-cü il tarixində isə Fəlakət təhlükəsinin azaldılması üzrə BMT-nin Üçüncü Beynəlxalq Konfransına Hazırlıq Komitəsinin iclasında iştirak etmişdir.


İqtisadi məsələlər


Azərbaycan Respublikası və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (BMTAİK)


Azərbaycan Respublikası 1993-cü ildən etibarən BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK) üzvüdür.

BMTAİK və onun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq Azərbaycan Respublikası üçün prioritet istiqamətlərdən hesab edilir. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən il ərzində BMTAİK çərçivəsində ətraf mühitin mühafizəsi, nəqliyyat, ticarət, enerji, iqtisadi əməkdaşlıq və inteqrasiya, gömrük, gender məsələləri, statistika, mənzil təsərrüfatı və torpaqdan istifadə və digər sahələr üzrə əməkdaşlıq davam etdirilir, habelə il ərzində BMTAİK çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilən tədbirlərdə iştirak təmin olunur.

BMTAİK rəhbərliyinin Azərbaycan Respublikasına səfərləri:

23 noyabr 2011-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMTAİK-in icraçı katibi Yan Kubişi qəbul etmişdir. Y.Kubiş Slovakiyanın Xarici İşlər Naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində çalışarkən Azərbaycana səfər etdiyini xatırlayaraq ötən dövr ərzində ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olduğunu demiş və qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etmişdir. Azərbaycanın enerji siyasətini və regional nəqliyyat layihələrini yüksək qiymətləndirən Y.Kubiş, BMT-nin xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən Avrasiya informasiya magistralı layihəsinin icrasına görə BMT rəhbərliyi adından Dövlətimizin Başçısına minnətdarlığını bildirmişdir. BMT-nin müxtəlif sahələr üzrə beynəlxalq mərkəzlər yaratdığını vurğulayan qonaq ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətli inkişafını nəzərə alaraq təmsil etdiyi qurumun bu sahə üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaratmağa maraqlı olduğunu demişdir. Dövlət Başçımız bildirmişdir ki, Azərbaycan enerji və regional nəqliyyat layihələrinin həyata keçirilməsi işində artıq özünü etibarlı tərəfdaş kimi göstərmişdir. Ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcək inkişafında bu sahənin rolunu yüksək qiymətləndirmişdir. BMT-nin həyata keçirdiyi müxtəlif layihələrin əhəmiyyətini qeyd edən Dövlət Başçımız BMT-nin informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaradılması fikrinin də önəmli olduğunu vurğulamışdır.

1-2 dekabr 2013-cü il tarixində BMTAİK-in icraçı katibi S.Alkalay Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində S.Alkalay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və BTİ-nin Baş katibi H.Ture ilə birlikdə “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olmuşdur. Səfər zamanı Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov 2 dekabr 2013-cü il tarixində BMTAİK-in icraçı katibi S.Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə edilmişdir. Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkəmizin bu təşkilat ilə əməkdaşlığında müsbət addım kimi xüsusi qeyd edilmişdir. S.Alkalay təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Tərəflər, həmçinin hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini vurğulamışlar. S.Alkalay Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes mühitin yaradılmasından məmnunluq ifadə etmiş və ölkə bazarının xarici iş adamları üçün cəlbedici olduğunu qeyd etmişdir.

4 dekabr 2013-cü il tarixində keçirilmiş BMTAİK-in İcraedici Komitəsinin 65-ci iclasında BMTAİK-in icraçı katibi Sven Alkalay, 1-2 dekabr 2013-cü il tarixində Azərbaycana etdiyi səfərindən bəhs etmiş və Azərbaycanın BMTAİK-lə səmərəli əməkdaşlığına görə xüsusi təşəkkürünü ifadə etmişdir. S.Alkalay səfəri zamanı, Bakıda informasiya və kommunikasiya texnologiyaları üçün dövlət-özəl tərəfdaşlığı üzrə mütəxəssis mərkəzinin yaradılması məqsədilə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMTAİK arasında 2014-cü ilin əvvəlində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu üzrə yekun danışıqların aparıldığını, eləcə də telekommunikasiya və informasiya texnologiyaları üzrə “BakuTel 2013” sərgisində iştirakını, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Xarici İşlər və Rabitə və İnformasiya Texnologiyaları Nazirləri tərəfindən qəbul edildiyini məmnunluqla ifadə etmişdir.

BMTAİK çərçivəsində müxtəlif istiqamətlər üzrə aparılmış fəaliyyətlər barədə qısa məlumat:

Ətraf mühitin mühafizəsi

BMTAİK çərçivəsində ətraf mühitin mühafizəsi sahəsi üzrə əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, il ərzində bu sahə üzrə BMTAİK çərçivəsində, o cümlədən Azərbaycan Respublikasının tərəfi olduğu “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” BMT Konvensiyası (Espoo Konvensiyası), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”, “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT Konvensiyası (Aarhus Konvensiyası), “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirməsi haqqında Konvensiya” üzrə keçirilən görüşlərdə iştirak edilir və sözügedən Konvensiyaların Katiblikləri ilə əməkdaşlıq davam etdirilir.

11 iyun 2012-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü xanım Leyla Əliyeva Cenevrədə səfərdə olmuşdur. Səfər zamanı BMT-nin Cenevrə bölməsində, UNICEF-in Cenevrə ofisində və UNEP-in Avropa üzrə regional ofisində görüşlər keçirilmişdir. Xanım Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin Baş direktoru Qasımcomərd Tokayevlə görüşmüşdür. Görüşdə xanım Leyla Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışmışdır. Q.Tokayev isə ölkəmizə səfərlərini xatırlamış, ölkəmizin uğurlarını və Azərbaycanın BMT sistemində səmərəli fəaliyyətini qeyd etmişdir. Görüşdə, həmçinin, ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisi tərəfindən həyata keçirilən layihələr barəsində fikir mübadiləsi olmuşdur.

Daha sonra BMT-nin Ətraf Mühit üzrə Proqramının Avropa üzrə regional Ofisinin Direktoru vəzifəsini icra edən cənab Yan Dusik ilə keçirilmiş görüş zamanı, xanım L.Əliyeva və Y.Dusik Xəzər dənizinin ekoloji aspektlərini, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual məsələlərini müzakirə etmişlər. Sözügedən layihə BMT-nin Ətraf Mühit Proqramının Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır. Bundan əlavə, ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işi aparılması məsələləri də görüş zamanı nəzərdən keçirilmişdir. Görüşdə, eyni zamanda, Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə və Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı barədə fikir mübadiləsi aparılmışdır.

“Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” BMT Konvensiyası(Espoo Konvensiyası):

Azərbaycan Respublikası 25 mart 1999-cu ildə BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sına (Espoo Konvensiyası) qoşulmuşdur. Azərbaycan tərəfi Espoo Konvensiyası üzrə öhdəliklərin həyata keçirilməsinin həyati əhəmiyyət kəsb etdiyi qənaətindədir. Bu baxımdan, Azərbaycan, sözügedən Konvensiya üzrə və Konvensiyanın Katibliyi ilə əməkdaşlığa böyük önəm verir və Konvensiya üzrə keçirilən görüşlərdə fəal iştirak edir.

2-5 iyun 2014-cü il tarixində Cenevrə şəhərində Espoo Konvensiyasına Tərəflərin 6-cı Görüşü keçirilmişdir.

Tədbirdə digər məsələlərlə yanaşı, Espoo Konvensiyası İmplementasiya Komitəsi çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Espoo Konvensiyası müddəalarının pozulması ilə bağlı Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına qarşı qaldırılmış iddia üzrə yekun qərar qəbul edilmişdir.

Beləliklə, Espoo Konvensiyasına Tərəflərin Görüşü, yekun olaraq, Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğu qərarına gəlmiş və Konvensiyanın İmplementasiya Komitəsinə məsələnin nəzarətdə saxlanılması və aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat vermişdir.


Nəqliyyat

BMTAİK çərçivəsində əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sahəsidir.

2013-cü il ərzində BMTAİK çərçivəsində nəqliyyat sahəsi üzrə təşkil edilən ən mühüm tədbir 26 fevral tarixində BMTAİK-in Daxili Nəqliyyat Komitəsinin 75 illik yubileyi çərçivəsində keçirilmiş Avro-Asiya nəqliyyat əlaqələri (EATL) üzrə Nəqliyyat Nazirlərinin 2-ci görüşü olmuşdur. Görüşdə Azərbaycan tərəfi nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak etmişdir. Görüşün sonunda “Avro-Asiya nəqliyyat əlaqələrinin gələcək inkişafı üçün Birgə Bəyanat” 32 ölkə və “Avro-Asiya dəmiryolu nəqliyyatının təşviqi və unifikasiya edilmiş dəmiryolu qanunu üçün fəaliyyət üzrə Birgə Bəyannamə” 37 ölkə tərəfindən imzalanmışdır. Hər 2 sənəd Azərbaycan Respublikası adından müvafiq bəyanatlarla imzalanmışdır. Görüşdən sonra “Transport in motion” adlı foto sərgi müsabiqəsi keçirilmişdir. Foto müsabiqədə “İnsan üzü” kateqoriyasında ölkəmiz qalib olmuşdur. Qələbə münasibətilə BMTAİK-in icraçı katibi S.Alkalay tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat Nazirinin müavini M.Pənahova müvafiq təsdiqnamə təqdim edilmişdir.

7-8 fevral 2013-cü il tarixində Cenevrə şəhərində "Beynəlxalq Yük Daşımaları kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük konvensiyası (TIR Konvensiyası) əsasında fəaliyyət göstərən TIR İnzibati Komitəsinin 55-ci sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin rəisi Ş.Bağırov İnzibati Komitənin 2013-cü ildə keçiriləcək iclaslarına sədr seçilmişdir.


Mənzil məsələləri

18 mart 2013-cü il tarixində Bişkek şəhərində təşkil edilmiş BMTAİK-in Torpaq idarəçiliyi üzrə İşçi Qrupunun 8-ci sessiyasında sözügedən İşçi Qrupun Bürosuna növbəti ikiillik müddət üçün üzvlər seçilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin investisiyalar və əməkdaşlıq şöbəsinin müdir müavini Elşad Xanəlibəyli İşçi Qrupun sədri seçilmişdir.

7-9 oktyabr 2013-cü il tarixində BMTAİK-in Mənzil və Torpaq İdarəçiliyi üzrə Komitəsinin 74-cü sessiyası və Nazirlər görüşü keçirilmiş, habelə Ümumdünya Məskunlaşma Günü qeyd edilmişdir. Azərbaycan tərəfi sözügedən tədbirlərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir M.Nəcəfbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dadaşov adına Elmi-Tədqiqat İnstitutunun rəsmiləri daxil olmuşlar. Komitənin iclası zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun şöbə müdiri Ə.Cəfərov BMTAİK-in Mənzil və Torpaq İdarəçiliyi üzrə Komitəsinin Bürosuna üzv seçilmişdir.

 

Meşəçilik

9-11 aprel 2013-cü il tarixində keçirilmiş BMTAİK-in 65-ci sessiyası çərçivəsində BMTAİK-in “Ağac materialı Komitəsi”nin adı dəyişdirilərək “Meşə və Meşə Sənayesi Komitəsi” olmuşdur.


Statistika

10-12 iyun 2013-cü il tarixində Cenevrə şəhərində keçirilmiş Avropa Statistika Mütəxəssisləri Konfransının 61-ci plenar iclasında Dövlət Statistika Komitəsinin nümayəndəsi və Daimi Nümayəndəlik iştirak etmişdir. Konfrans zamanı, əsasən, yoxsulluq üzrə statistik məlumatların nəzərdən keçirilməsi, habelə “Davamlı inkişafın ölçülməsi üçün təklif edilən göstəricilər şəbəkəsi üzrə konseptual çərçivə”, “İnsan kapitalının ölçülməsi üzrə təhlil hesabatı” və “Vaxtdan istifadə edilən sorğuların ahəngləşdirilməsi üzrə rəhbər müddəalar” sənədləri təsdiq edilmişdir. Konfransa paralel olaraq, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün “Davamlı inkişafın ölçülməsi və Rio+20-nin davamı” tədbiri təşkil edilmişdir.


Davamlı Enerji

19-21 noyabr 2008-ci il tarixində Sənaye və Energetika Naziri cənab Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti BMTAİK-in Davamlı Enerji Komitəsinin 17-ci illik sessiyasında iştirak etmişdir.

2009-cu ilin 16-20 noyabr tarixində Dövlət Gömrük Komitəsinin Sədri cənab Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti BMTAİK çərçivəsində Davamlı Enerji Komitəsinin 18-ci illik sessiyasında iştirak etmək məqsədilə Cenevrə şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrədə yerləşən bir sıra beynəlxalq təşkilatlarda görüşlər keçirmişdir.

2010-cu ilin 1 oktyabr tarixində Cenevrə şəhərində Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla BMTAİK-in icraçı katibi Yan Kubiş arasında görüş keçirilmişdir. Tərəflər Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu, BMTAİK çərçivəsində energetika, nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə uğurlu fəaliyyətin həyata keçirildiyini qeyd edib, gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində yeni layihələrin işlənib-hazırlanması və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulamışlar. Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası ilə bağlı Azərbaycan tərəfinin narahatlığını BMT-nin İqtisadi Komissiyasının rəhbərinin diqqətinə çatdıran nazir müavini köhnə “Metsamor” stansiyasının əsasında yeni nüvə enerjisi stansiyasının tikilməsinin regionun ekologiyasına və sosial-iqtisadi vəziyyətinə ciddi təhlükə və risklərin mənbəyi olacağını bildirmişdir.

 

BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA)

1-2 dekabr 2010-cu il tarixində Bakıda ticarət üçün yardım üzrə SPECA Nazirlərinin konfransı keçirilmiş və Bakı Bəyannaməsi qəbul olunmuşdur. BMTAİK-in icraçı katibinin müavini sözügedən tədbirdə iştirak etmişdir. Bununla yanaşı, 2 dekabr 2010-cu il tarixində Bakıda Ticarət üzrə SPECA Layihə İşçi Qrupunun 5-ci sessiyası keçirilmişdir.

SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə Layihə İşçi Qrupunun 5-ci sessiyası 4 dekabr 2013-cü il tarixində Bakıda keçirilmişdir.

 

Ticarət

2012-ci ildə ölkəmizin nümayəndəsi BMTAİK-in Ticarət Komitəsinin sədr müavini seçilmişdir.

14-15 noyabr 2012-ci il tarixində Bakıda BMTAİK ilə birlikdə Sahibkar Qadınların III Forumu keçirilmişdir.

Azərbaycanın nümayəndələri BMTAİK-in dövlət-özəl tərəfdaşlıq reyestrinə daxil edilmişlər.

 

Azərbaycan Respublikası və Ümumdünya Ticarət Təşkilatı (ÜTT)

Xronologiya:

Azərbaycan Respublikasının ÜTT-yə üzvolma istəyini əks etdirən ərizənin ÜTT Katibliyinə təqdim olunması 23 iyun 1997-ci il
ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupunun yaradılması 16 iyul 1997-ci il
Azərbaycan Respublikasının xarici ticarət rejimi haqqında Memorandumun ÜTT Katibliyinə təqdim olunması 22 aprel 1999-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 226s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesinin sürətləndirilməsi işləri üzrə təşkilatlararası Əlaqələndirmə Qrupunun yaradılması 19 noyabr 1999-cu il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 1-ci İclasının keçirilməsi 03 - 07 iyun 2002-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın yaradılması 22 avqust 2003-cü il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 2-ci İclasının keçirilməsi 14 oktyabr 2004-cü il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 3-cü İclasının keçirilməsi 30 iyun 2005-ci il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 4-cü İclasının keçirilməsi 30 mart 2006-cı il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 5-ci İclasının keçirilməsi 6 may 2008-ci il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 6-cı İclasının keçirilməsi 11 dekabr 2008-cı il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 7-ci İclasının keçirilməsi 24 iyul 2009-cu il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Səkkizinci İclasının keçirilməsi 18 oktyabr 2010-cu il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Doqquzuncu İclasının keçirilməsi 24 fevral 2012-ci il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Onuncu İclasının keçirilməsi 7 dekabr 2012-ci il
Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 11-ci İclasının keçirilməsi 21 fevral 2014-cü il

İşçi Qrupun iclasları:

1-ci iclas: 7 iyun 2002-ci il. Cenevrə, ÜTT Katibliyi.

7 iyun 2002-ci il tarixində ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 1-ci İclasının keçirilməsi ilə Respublikamızın ÜTT-yə üzv olması prosesinin növbəti mərhələsi – danışıqlar mərhələsi başlanmışdır. Cenevrədə ÜTT-nin 28 üzv ölkəsinin iştirakı ilə keçirilmiş Azərbaycan üzrə İşçi Qrupunun 1-ci İclasında xarici ticarət rejimi haqqında memorandum və üzv ölkələrin suallarına verilmiş cavablar müzakirə edilmişdir. Üzv ölkələr üzvolma istiqamətində aparılan işlərdə Azərbaycana hər cür köməyin göstərilməsinə hazır olduqlarını bildirmişlər. Türkiyə, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və eləcə də bir sıra beynəlxalq təşkilatların xətti ilə Azərbaycana texniki və institusional yardımın göstərilməsi xüsusilə qeyd olunmuşdur. Keçirilmiş iclasda, Kanada, Avstraliya, Avropa Birliyi, eləcə də ABŞ tərəfindən yenidən çoxsaylı suallar təqdim olunmuşdur. İclas zamanı ÜTT-nin 9 üzv ölkəsi – Avstraliya, ABŞ, Litva, Moldova, Gürcüstan, Avropa Birliyi, İsveçrə, Kanada və Türkiyə nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.

2-ci iclas: 12 – 15 oktyabr 2004-cü il. Cenevrə, ÜTT Katibliyi.

İclasda Azərbaycan tərəfindən təqdim olunmuş sənədlər müzakirə olunmuşdur. Səfər zamanı ÜTT-nin baş direktoru Supaçay Paniçpakti, ÜTT Katibliyinin üzvolma şöbəsinin rəhbəri Arif Hüseyn, ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri Valter Levalter, Türkiyə və Pakistanın ÜTT yanındakı Daimi Nümayəndələri, eləcə də ÜTT Katibliyinin mütəxəssisləri ilə görüşlər keçirilmişdir.

3-cü iclas: 27 iyun – 1 iyul 2005-ci il. Cenevrə, ÜTT Katibliyi.

Üçüncü iclas ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri cənab V.Levalterin rəhbərliyi ilə keçirilmişdir. Azərbaycanın ÜTT-yə üzv olması üzrə Danışıqlar Qrupunun rəhbəri cənab M.Məmməd-Quliyev ÜTT Katibliyinə təqdim olunmuş sənədlər və bütövlükdə ölkənin iqtisadi durumu haqqında ümumi məlumat vermişdir. Prosedura uyğun olaraq İşçi Qrupunun üzvlərinin (ABŞ, Avropa Birliyi, Avstraliya, Yaponiya, Kanada və s.) sualları cavablandırılmışdır. İclasda iştirak etmək üçün Cenevrəyə getmiş Danışıqlar Qrupu kənd təsərrüfatı üzrə çoxtərəfli (ABŞ, Avstraliya, Kanada, Malayziya), ABŞ (xidmətlər və tariflər üzrə ayrılıqda), Avropa Birliyi (xidmətlər və tariflər üzrə) və Kanada (xidmətlər və tariflər) ilə ikitərəfli görüşlər keçirmişdir. Səfər zamanı Moldova, Pakistan, Misir, Türkiyə, Bolqarıstan və s. ölkələrin ÜTT yanındakı nümayəndələri ilə görüşlər keçirilmiş, eləcə də UNCTAD-ın mütəxəssisləri ilə müzakirələr aparılmışdır.

4-cü iclas: 30 mart 2006-cı il. Cenevrə, ÜTT Katibliyi.

Təqdim olunmuş sənədlər ətrafında danışıqlar aparmaq məqsədilə İşçi Qrupunun 4-cü iclası 2006-cı ilin 30 mart tarixində keçirilmişdir. Həmin iclasda və digər ikitərəfli və çoxtərəfli görüşlərdə Azərbaycan tərəfini təmsil etmək üçün Azərbaycanın Nümayəndə Heyəti 26-31 mart tarixlərində Cenevrəyə səfər etmişdir. Səfər zamanı Nümayəndə Heyəti İşçi Qrupunun iclası, kənd təsərrüfatı üzrə çoxtərəfli görüş və ABŞ, Avropa Birliyi, Türkiyə, Çinin Tayvan Əyaləti, Kanada və Yaponiya ilə ikitərəfli danışıqlar aparmışdır. Artıq Gürcüstan və Moldova ilə ikitərəfli səviyyədə Protokolların imzalanması haqqında razılıq əldə olunmuşdur.

5-ci iclas: 6 may 2008-ci il. Cenevrə, ÜTT Katibliyi.

2008-ci il 5 may tarixində Azərbaycanın ÜTT-yə üzv olması məqsədilə yaradılmış İşçi Qrupun 5-ci iclası keçirilmişdir. İşçi Qrupun adıçəkilən iclasının keçirilməsi üçün zəruri sənədlər (mallar və xidmətlərə dair təkmilləşdirilmiş təkliflər, milli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanmış 30-a yaxın normativ-hüquqi sənədlərin layihələri, spesifik rüsumların “ad valor” ekvivalenti və s.) təqdim edilmişdir. İşçi Qrupunun 5-ci iclasında İqtisadi İnkişaf Naziri iştirak etmiş və Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində son dövrlərdə Azərbaycanda görülmüş işlər haqqında ətraflı nitq söyləmişdir. Azərbaycanı həmin iclasda İqtisadi İnkişaf, Xarici İşlər, Ədliyyə, Vergilər, Kənd Təsərrüfatı Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Müəllif Hüquqları Agentliyinin nümayəndələri təmsil etmişlər. İclasın sonunda Faktlar İcmalının hazırlanmasına dair qərar qəbul edilmişdir.

6-cı iclas: 11 dekabr 2008-ci il. Cenevrə, ÜTT Katibliyi.

Ölkəmizin nümayəndə heyətinin rəhbəri öz çıxışında Azərbaycan Hökumətinin son dövrdə qeyri-neft sektorunun inkişafına və ümumiyyətlə ölkə iqtisadiyyatının diversifikasiya edilməsi məsələsinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə kimi Azərbaycan sosial-iqtisadi inkişafını təmin etmək üçün əlverişli şərtlərlə çoxtərəfli ticarət sisteminə inteqrasiya etməyi qarşısına əsas məqsədlərdən biri kimi qoymuşdur. Bu baxımdan, qısa müddət ərzində mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunmuş və onların əsasında növbəti ikitərəfli danışıqlar keçirilmişdir. Bununla yanaşı, Azərbaycanın milli qanunvericiliyinin ÜTT-nin Sazişlərinə uyğunlaşdırılması sahəsində ölkədə görülən və gələcəkdə görüləcək işlərlə bağlı üzv ölkələrə məlumat verilmişdir. İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələri çıxış edərək Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləmiş, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndirmişlər. Bu xüsusda, Braziliya, Hindistan və Paraqvay Azərbaycanın ÜTT-yə açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə kimi üzv olmasını dəstəklədiklərini vurğulamışlar. Qeyd olunanlarla yanaşı, iclasda ÜTT Katibliyində hazırlanmış Faktlar İcmalının layihəsinin ilkin müzakirəsi keçirilmişdir.

7-ci iclas: 24 iyul 2009-cu il. Cenevrə, ÜTT Katibliyi.

2009-cu il 20-24 iyul tarixlərində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupunun 7-ci iclası keçirilmişdir.
21 iyulda ABŞ, 22 iyul tarixində isə Avropa İttifaqının nümayəndələri ilə mallar və xidmətlərə dair ikitərəfli görüşlər keçirilmişdir. Görüşlər zamanı həm ABŞ, həm də Aİ tərəfi öz çıxışlarında xidmətlər sahəsində bazara giriş şərtlərinin tam liberallaşdırılması, xidmətlərə dair cədvəldə göstərilən bir sıra məhdudiyyətlərin aradan qaldırılmasını, mallara dair danışıqlarda isə hazırda tətbiq edilən tarif dərəcələrinin aşağı salınmasını, bound tariflərinin isə bir çox mövqelərdə ən yüksək həddinin tətbiq edilən maksimal tariflər səviyyəsinə qədər endirilməsini istəmişlər. Azərbaycan tərəfi isə xidmətlər bazarının kifayət qədər liberal olduğunu, “bound” tariflərinin isə tələb edilən səviyyəyədək endirilməsinin dövlətin milli və iqtisadi maraqlarına zidd olduğunu növbəti dəfə bildirmişdir.
23 iyul tarixində kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqların növbəti raundu keçirildi. Görüş zamanı İşçi Qrupunun üzvləri, xüsusən də ABŞ və Aİ Kənd Təsərrüfatına Daxili Dəstəklə bağlı Azərbaycanı tətbiq etdiyi subsidiyaları aradan qaldırmağa dəvət etmişlər. Azərbaycan nümayəndəsi isə kənd təsərrüfatının prioritet və potensial sahə olduğunu qeyd edərək, bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. 24 iyul tarixində isə İşçi Qrupunun 7-ci iclası baş tutmuşdur. İclasda Nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin davamlı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycanın milli iqtisadi maraqlarını və həssaslıqlarını özündə təsbit edən mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunduğunu və növbəti ikitərəfli danışıqların keçirildiyi söylənilmişdir. İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələri (Misir, Türkiyə, Paraqvay, həmçinin Çin, Braziliya, Pakistan, İordaniya) çıxış edərək Azərbaycan üçün əlverişli şərtlərlə ÜTT-yə üzvlüyünü dəstəkləyib, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndirmişlər. ABŞ və Aİ kənd təsərrüfatı üzrə çoxtərəfli görüşdə olduğu kimi bu dəfə də Azərbaycanın təşkilata İEÖ kimi qəbul edilməsi haqqında mövqelərini bildirsələr də, Azərbaycan bunun öz milli və iqtisadi maraqlarına uyğun olmadığını və ÜTT-yə İEOÖ statusu ilə qəbul edilməsində israrlı olduğunu iclas iştirakçılarına çatdırmışdır. İclas zamanı üzv ölkələr tərəfindən verilən əlavə suallar cavablandırılmış və tədbirin yekununda Azərbaycanın xarici ticarət rejiminə dair yeni sualların üzv ölkələr tərəfindən 2009-cu ilin 14 sentyabr tarixinədək təqdim olunması və İşçi Qrupunun növbəti iclasının cari ilin sonunda, yaxud 2010-cu ilin ilk rübünə keçirilməsinə dair qərar qəbul edilmişdir.

8-ci iclas: 18 oktyabr 2010-cu il. Cenevrə, ÜTT Katibliyi.

2010-cu ilin 18 oktyabr tarixində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə İşçi Qrupunun 8-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət Danışıqlar Qrupu iştirak etmişdir. İşçi Qrupun iclasında Danışıqlar Qrupunun rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin davamlı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycanın milli iqtisadi maraqlarını və həssaslıqlarını özündə təsbit edən mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunduğunu və növbəti ikitərəfli danışıqların keçirilməsinin planlaşdırıldığı bildirilmişdir. Eyni zamanda, Azərbaycan tərəfindən hazırlanmış “inkişaf etməkdə olan ölkə” statusu ilə əlaqədar əsaslandırma, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinin ÜTT qaydalarına uyğunlaşdırılması istiqamətində aparılan işlər haqqında, son il ərzində hazırlanan və təsdiq olunan normativ-hüquqi sənədlər haqqında məlumat verilmişdir (sənədlərin surətləri ÜTT Katibliyinə təqdim olunmuşdur). İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələrin (Türkiyə, ABŞ, Aİ, Kanada, Hindistan, Pakistan, Norveç, Yaponiya) çıxışlarında Azərbaycanın ÜTT-yə üzvlüyünün dəstəkləndiyi, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirlər və onların nəticələrinin müsbət qiymətləndirildiyi bildirilmişdir. İclas zamanı üzv ölkələr tərəfindən verilən əlavə suallar cavablandırılmış və tədbirin yekununda Azərbaycanın xarici ticarət rejiminə dair yeni sualların üzv ölkələr tərəfindən 2010-cu ilin sonunadək təqdim olunmasına dair qərar qəbul edilmişdir.

9-cu iclas: 24 fevral 2012-ci il. Cenevrə, ÜTT Katibliyi.

2012-ci il 20-24 fevral tarixlərində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupun 9-cu iclası keçirilmişdir.
İkitərəfli danışıqlar 20-24 fevral tarixlərində ABŞ, Avropa İttifaqı, Norveç, Kanada və Yaponiya ilə mallar və xidmətlər üzrə, Ekvador ilə mallar üzrə keçirilmişdir. Danışıqlar zamanı qarşı tərəf bir çox mal mövqeləri üzrə “bound” tarif dərəcələrinin aşağı salınmasını, sektorial təşəbbüslərə tam qoşulmanı, xidmətlər sektorunda bazara girişlə bağlı daha liberal təkliflərin verilməsini istəmişdir. 23 fevral tarixində kənd təsərrüfatında daxili dəstək üzrə çoxtərəfli danışıqların növbəti raundu baş tutmuşdur. İclasda Azərbaycan tərəfinin təqdim etdiyi daxili dəstək üzrə cədvəllər (ACC/4) müzakirə edilmişdir. Görüş zamanı İşçi Qrupun üzvləri, xüsusilə də Kanada və Avstraliya İttifaqı Kənd Təsərrüfatına Daxili Dəstəklə bağlı Azərbaycanın 10%-lik “de minimis” hüququnun əldə edilməsi imkanlarının az olduğunu qeyd etmiş, Azərbaycanın kənd təsərrüfatında tətbiq etdiyi güzəştləri azaltmağa dəvət etmişlər. Azərbaycan nümayəndəsi isə kənd təsərrüfatının prioritet və potensial sahə olduğunu qeyd edərək, bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, son zamanlar qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları, bu sahədə əhəmiyyətli statistik göstəriciləri qarşı tərəfin diqqətinə çatdırmışdır. 24 fevral tarixində İşçi Qrupun 9-cu iclası baş tutmuşdur. İclasda Azərbaycan Nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin davamlı sosial-iqtisadi inkişaf, neft və qaz sektorundan asılılığı azaltmaq məqsədilə ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun, regionların sosial-iqtisadi inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın milli və iqtisadi maraqlarını özündə təsbit edən mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlərin hazırlanaraq ÜTT Katibliyinə, həmçinin aidiyyəti ölkələrə təqdim olunduğu söylənilmişdir. İclasda iştirak edən ölkələrin nümayəndələri Azərbaycanın xarici ticarət rejimi ilə əlaqədar olan qiymət siyasəti, ticarətlə əlaqəli dövlət müəssisələri, rəqabət siyasəti, investisiya rejimi, kənd təsərrüfatı siyasəti, ixrac məhdudiyyətləri, azad iqtisadi zonalar, əqli mülkiyyət hüquqları, sanitar-fitosanitar tədbirlər, ticarətdə texniki maneələr haqqında suallar vermiş və həmin suallar Azərbaycan nümayəndələri tərəfindən cavablandırılmışdır. Bundan əlavə, Azərbaycan üzrə İşçi Qrupun sədri Valter Levalterlə görüş keçirilmişdir.

10-cu iclas: 7 dekabr 2012-ci il. Cenevrə, ÜTT Katibliyi.

2012-ci il 3-7 dekabr tarixlərində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupun 10-cu iclası keçirilmişdir.
İkitərəfli danışıqlar 3-6 dekabr tarixlərində ABŞ, Avropa İttifaqı, Norveç, Kanada və Yaponiya ilə mallar və xidmətlər, Braziliya ilə mallar üzrə keçirilmişdir. Mallar üzrə danışıqlar zamanı qarşı tərəf Kağız və Mülki Aviasiya üzrə “Sektoral” Təşəbbüslərə qoşulmanı, bir sıra kənd təsərrüfatı və sənaye məhsulları üzrə “bound” tarif dərəcələrinin aşağı salınmasını istəmiş, xidmətlər üzrə danışıqlarda isə əsasən xarici mütəxəssislərin Azərbaycanda işə qəbul olunması ilə bağlı mövcud kvota şərtləri müzakirə edilmişdir.
6 dekabr tarixində Kənd təsərrüfatında daxili dəstək üzrə çoxtərəfli danışıqların növbəti raundu baş tutmuşdur. Görüşdə, Azərbaycan tərəfi, kənd təsərrüfatına daxili dəstəkdə 10%-lik “de minimis” hüququnun əldə edilməsini, eləcə də hər il 2 milyard ABŞ Dolları həcmində birdəfəlik yardımın verilməsi güzəştini istəmişdir. Görüşdə iştirak edən Avropa İttifaqı, ABŞ, Kanada, Avstraliya İttifaqı və Braziliya nümayəndələri Azərbaycana 10%-lik “de minimis” hüququnun keçid müddəti ilə verilməsi məsələsinə baxıla biləcəyini qeyd etmişlər. Ümumilikdə isə kənd təsərrüfatı üzrə çoxtərəfli görüş çox səmərəli keçmişdir.
7 dekabr tarixində İşçi Qrupun 10-cu iclası baş tutmuşdur ki, bu da cari ildə sayca 2-ci iclasdır (bundan öncəki iclas 24 fevral 2012-ci il tarixdə baş tutmuşdur). İclasda Azərbaycan Nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin neft və qaz sektorundan asılılığı azaltmaq məqsədilə ölkə iqtisadiyyatının diversifikasiyası məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər, Qırğız Respublikası ilə imzalanmış ikitərəfli protokol və Çinlə başa çatdırılması nəzərdə tutulan ikitərəfli danışıqlar haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır. İclasda iştirak edən ölkələrin (Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Norveç, ABŞ, Pakistan, İsveçrə, Türkiyə və s.) nümayəndələri Azərbaycanın təşkilata üzvlüklə bağlı addımlarını dəstəkləmişlər. Görüş zamanı üzv ölkələrin nümayəndələri Azərbaycandan götürülməsi zəruri olan öhdəliklər və ticarət siyasəti ilə bağlı olan aşağıdakı digər məsələləri müzakirə etmişlər: ixrac qadağalarının ləğvi, aksizlərin uyğunlaşdırılması, göstərilən xidmətlərə görə alınan xərclərin uyğunlaşdırılması, kənd təsərrüfatında ixrac subsidiyalarının tətbiq edilməməsi, sanitar və fitosanitar tədbirlər və texniki tənzimləmə ilə bağlı işlərin beynəlxalq standartlara uyğunlaşdırılması və müvafiq qanunvericiliyin qəbulu və s. Görüşün sonunda İşçi Qrupun rəhbəri cənab Valter Levalter müzakirələrin faydalı keçdiyini bildirmiş, eyni zamanda Azərbaycanın üzv olma prosesində səylərinin daha da səmərəli şəkildə həyata keçirilməsini istəmiş və bununla bağlı təşkilatın katibliyi və bütün üzv-dövlətlər tərəfindən zəruri yardımın göstəriləcəyini bildirmişdir.

11-ci iclas, 17-21 fevral 2014-cü il. Cenevrə, ÜTT Katibliyi

2014-cü il 17-21 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupun 11-ci iclası keçirilmişdir.
İkitərəfli danışıqlar 18-21 fevral tarixlərində ABŞ, Avropa İttifaqı, Norveç, Kanada, Cənubi Koreya, Yaponiya, Çinin Tayvan Əyaləti ilə mallar və xidmətlər, Braziliya, Şri Lanka, İsveçrə, Ekvador ilə mallar üzrə keçirilmişdir. Mallar üzrə danışıqlar zamanı qarşı tərəf Kağız və Mülki Aviasiya üzrə Sektoral Təşəbbüslərə qoşulmanı, bir sıra kənd təsərrüfatı və sənaye məhsulları üzrə “bound” tarif dərəcələrinin aşağı salınmasını istəmiş, onlar üçün prioritet sayılan mal mövqelərini bildirmişdir. Xidmətlər üzrə danışıqlarda isə əsasən xarici mütəxəssislərin Azərbaycanda işə qəbul olunması ilə bağlı mövcud kvota şərtləri, enerji ilə əlaqədar xidmətlərin, nəqliyyat, təhsil və tikinti xidmətlərinin liberallaşması, boru kəmərlərinə çıxış məsələsi müzakirə edilmişdir. 20 fevral tarixində kənd təsərrüfatında daxili dəstək üzrə çoxtərəfli danışıqların növbəti raundu baş tutmuşdur. Görüşdə Azərbaycanın üzv ölkələrə təqdim etdiyi 2010-2012-ci illərdə kənd təsərrüfatına daxili dəstəklə bağlı cədvəli, bu sektorda subsidiyalaşdırma məsələsi müzakirə edilmişdir. Sonda Azərbaycan tərəfinin 2011-2013-cü illər üçün daxili dəstək cədvəlinin hazırlanaraq üzv ölkələrə təqdim ediləcəyi qərara alınmışdır. 21 fevral tarixində İşçi Qrupun 11-ci iclası baş tutmuşdur. İclasda Azərbaycan Nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkənin son sosial-iqtisadi göstəriciləri, mallar və xidmətlər üzrə ikitərəfli danışıqlarla bağlı son vəziyyəti, ticarət rejiminin ÜTT qaydalarına uyğunlaşdırılması ilə bağlı aparılan işləri, üzv ölkələrə göndərilməsi üçün ÜTT Katibliyinə təqdim olunmuş son sənədlər (Qanunvericilik Fəaliyyət Planının icra vəziyyəti, SPS və TBT üzrə cədvəllər, mallar və xidmətlər üzrə ümumi təkliflər) haqqında məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. İclasda iştirak edən ölkələrin (Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Norveç, ABŞ, Pakistan, İsveçrə, Türkiyə, Kanada, C.Koreya, Braziliya, Qırğız Respublikası, Tacikistan və s.) nümayəndələri Azərbaycanın təşkilata üzvlüklə bağlı addımlarını və qısa zamanda üzvlüyünü dəstəkləmişlər. Görüş zamanı üzv ölkələrin nümayəndələri Azərbaycan üzrə hazırlanmış İşçi Qrup Hesabatının Layihəsini nəzərdən keçirmiş və ticarət siyasəti ilə bağlı olan aşağıdakı bəzi məsələləri müzakirə etmişlər: vergi azadolmaları, investisiya sahəsində güzəştlər, xarici şirkətlərin fəaliyyəti, özəlləşdirmə, sanitar və fitosanitar tədbirlər, ticarətdə texniki baryerlər, əqli mülkiyyət məsələləri, subsidiyalaşdırma, tranzit. Görüşün sonunda İşçi Qrupun rəhbəri cənab Valter Levalter müzakirələrin faydalı keçdiyini bildirmiş, növbəti addım olaraq üzv ölkələrin sual və şərhlərinin Azərbaycan tərəfinə ünvanlanacağı qeyd olunmuşdur.

AR Xarici İşlər Nazirinin Müavini cənab M.Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 30 iyun – 4 iyul 2014-cü il tarixində Cenevrə şəhərində olmuş, səfər çərçivəsində ÜTT-nin baş direktoru və onun müavini, o cümlədən UNCTAD-ın mütəxəssisi Ralf Peters ilə görüşlər keçirilmişdir. Bununla yanaşı, Çin, Braziliya, Dominikan Respublikası, Kanada, Malayziya, Honduras, ABŞ, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı ilə ikitərəfli görüşlər keçirilmişdir.


Azərbaycan Respublikası və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT)

Azərbaycan Respublikası 1995-ci ildə ÜƏMT-yə üzv olmuşdur. Hazırda, Azərbaycan, ÜƏMT-nin aşağıdakı sazişlərinə tərəfdir:

• Bern İttifaqı
• Budapeşt Sazişi
• Haaqa Sazişi
• Lokarno Sazişi
• Madrid Sazişi (Nişanlar)
• Madrid Protokolu
• Nayrobi Sazişi
• Nis Sazişi
• Paris Konvensiyası
• Patent Əməkdaşlığı Sazişi
• Fonoqramlar Konvensiyası
• Roma Konvensiyası
• Strasburq Sazişi
• UPOV Konvensiyası
• ÜƏMT Konvensiyası
• ÜƏMT Əməkdaşlıq Sazişi
• ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişi

2006-cı ilin 3 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ÜƏMT-nin baş direktoru Kamil İdrisi qəbul etmişdir. Dövlət Başçımız Azərbaycan Hökuməti ilə ÜƏMT arasında imzalanmış razılaşmanı tərəflər arasındakı münasibətlərdə irəliyə doğru ciddi addım kimi qiymətləndirmişdir.

ÜƏMT-nın baş direktoru K.İdris bildirmişdir ki, imzalanmaq üçün nəzərdə tutulan sənədin yerinə yetirilməsinin bütün tələbi ondan ibarətdir ki, bu, xalqın, ölkənin və hökumətin maraqlarına xidmət etsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sənədin təşkilatla möhkəm hüquq çərçivəsində əməkdaşlığın davam etdirilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.

"Azərbaycan bir çox sahələrdə, o cümlədən elm, təhsil və digər sahələrdə böyük əqli potensiala malikdir", bu barədə ÜƏMT-nin baş direktoru K.İdris Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovla görüşündə bəyan etmişdir.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açan K.İdris, insan əqlinin inkişafının əhəmiyyətini ən yüksək dəyər və sərvətlərlə müqayisə edərək insan əqlinin imkanlarının tükənməz olduğunu qeyd etmişdir. O, Azərbaycan Respublikası ilə ÜƏMT arasında Əməkdaşlıq Proqramının imzalanmasını yüksək qiymətləndirmişdir.

Elmar Məmmədyarov həmsöhbətinin nəzərinə çatdırmışdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması bir çox sahələrin, o cümlədən təhsilin inkişafına mənfi təsir göstərir. Bu münaqişə nəticəsində Azərbaycanın 20% torpaqlarının işğal edildiyini, təxminən 1 milyona qədər insanın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayan cənab Nazir problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barəsində qarşı tərəfə ətraflı məlumat vermişdir.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Sülhməramlı Səfiri, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva ÜƏMT-nin qızıl medalına layiq görülmüşdür. Bakıda medalın təqdimetmə mərasimində ÜƏMT-nin baş direktoru K.İdris bildirmişdir ki, hələ Bakıya səfərə gəlməzdən əvvəl Azərbaycanın Birinci Xanımının xeyriyyəçilik fəaliyyəti, elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə çox qiymətli layihələrin işlənib hazırlanması barədə məlumatlı idi. Onun sözlərinə əsasən, ÜƏMT-nın ən yüksək mükafatı olan qızıl medalına mədəni, mənəvi dəyərlərin qorunmasında çox mühüm əməyi olan və bu işə praktiki olaraq yardım göstərən yüksək intellektə malik şəxsiyyətlər layiq görülürlər. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Sülhməramlı Səfiri, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva ÜƏMT-nın baş direktoruna xoş sözlərə və yüksək mükafata görə minnətdarlığını bildirmişdir.

Hər il, Azərbaycanın yüksək-səviyyəli nümayəndə heyəti ÜƏMT-nin Baş Assambleyasının iclaslarında iştirak edir, ÜƏMT-nin baş direktoru və ÜƏMT-nin Keçid İqtisadiyyatlı və İnkişaf Etmiş Ölkələr Şöbəsinin rəhbəri ilə görüşürlər.

Azərbaycanın nümayəndələri mütəmadi olaraq ÜƏMT-nin müxtəlif Komitələrinin sessiyalarında və ÜƏMT-nin Akademiyası tərəfindən təşkil olunan təlimlərdə və kurslarda iştirak edirlər.

ÜƏMT-nin himayəsi ilə ölkəmizin nümayəndələri İtalyanın Turin Universitetində əqli mülkiyyət üzrə magistratura proqramını bitirmişlər.

2010-2011-ci illərdə, ölkəmiz, ÜƏMT-dəki regional qrupumuzun əlaqələndiricisi olmuşdur.

2012-ci ildə Azərbaycanın Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilmişdir.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində ÜƏMT-nin Depozitariya Kitabxanası yaradılmışdır.

ÜƏMT-nin dəstəyi ilə ölkəmizdə müxtəlif beynəlxalq və milli tədbirlər təşkil olunmuşdur. Həmin tədbirlərdə iştirak etmək üçün ÜƏMT-nin mütəxəssisləri ölkəmizdə səfərdə olmuşlar.

2014-cü ilin 13 yanvar tarixində Daimi Nümayəndə, Səfir M.Nəcəfbəyli ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru F.Qarri arasında görüş keçirilmişdir. Qarri qeyd etmişdir ki, son illər ərzində onun rəhbərliyi altında, ÜƏMT çərçivəsində bir sıra irəliləyişlər olmuş, 2 yeni çoxtərəfli saziş qəbul olunmuş, qlobal əqli mülkiyyət sistemi güclənmiş, əqli mülkiyyət xidmətləri genişlənmiş, ÜƏMT-nin maliyyə resursları möhkəmlənmiş, məhsuldarlıq və səmərəlilik artmış, bütün ölkələri birləşdirmək üçün mükəmməl informasiya texnologiyaları sistemi formalaşdırılmışdır. F.Qarri vurğulamışdır ki, ÜƏMT ilə ölkəmiz arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda qeyd edilmişdir ki, ölkəmiz sürətlə inkişaf edir, bu müstəvidə əqli mülkiyyət ilə iqtisadi inkişaf məqsədlərinin birləşdirilməsi əqli mülkiyyətin Azərbaycanın davamlı inkişafına və bilik iqtisadiyyatının inkişafına müsbət töhfə verə bilər. Daimi Nümayəndəmiz ölkəmizdə son illər ərzində əqli mülkiyyət sahəsində görülmüş işləri vurğulamış, əqli mülkiyyətin iqtisadiyyatımızın inkişafında oynadığı rolu qeyd etmiş, ÜƏMT ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin yüksək olduğunu bildirmişdir. Daimi Nümayəndəmiz həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qarşı tərəfə məlumat vermişdir. 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri 13-15 may 2014-cü il tarixində Azərbaycana səfər etmişdir. Qarri ölkəmizə səfəri çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür. Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd etmişdir. Dövlətimizin Başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğulamışdır. Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Ölkəmizə səfəri çərçivəsində, Qarri həmçinin Nazirlər Kabinetində və Xarici İşlər Nazirliyində görüşlər keçirmişdir. Səfərin nəticəsi olaraq, Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüş olmuş və qonağa Akademiyanın fəxri doktoru adı verilmişdir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabat (http://www.wipo.int/export/sites/www/freepublications/en/economics/gii/gii_2014.pdf) nəşr edilmişdir. Sözügedən hesabatda 143 ölkə arasında 81 göstərici üzrə müqayisəli təhlil aparılmışdır. Qlobal innovasiya indeksi aşağıdakı meyarları özündə ehtiva edir: institutlar; insan kapitalı və tədqiqat; infrastruktur; bazarın mükəmməlliyi; biznesin mükəmməlliyi; bilik və texnologiya səmərəliliyi; yaradıcı səmərəlilik.

Ölkəmiz biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer almışdır.

Adıçəkilən hesabatın məqsədi dünya iqtisadiyyatlarının innovasiya bacarıqlarının və yekunlarının sıralanmasından ibarətdir. Qlobal innovasiya indeksi innovasiya üzrə müraciət edilən ən başlıca istinaddır.


Azərbaycan Respublikası və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 iyul 2010-cu il tarixində Bakı şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. S.Paniçpakdi, UNCTAD-ın Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinə yaradılan şəraitə görə Dövlətimizin Başçısına minnətdarlığını bildirmişdir. S.Paniçpakdi, təmsil etdiyi təşkilatın Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığından məmnun olduğunu qeyd etmişdir. Regionun əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın bu regionda ən aparıcı ölkəyə çevrildiyini vurğulayan qonaq əldə olunan nailiyyətlərlə bağlı Dövlətimizin Başçısını təbrik etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. Dövlət Başçısı bu tədbirdə maraqlı müzakirələrin aparılacağına və tədbirin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Nazir Elmar Məmmədyarov 20 iyul 2010-cu il tarixində S.Paniçpakdini qəbul etmişdir. UNCTAD ilə Azərbaycan Diplomatik Akademiyası tərəfindən Bakıda keçirilən Avropa və MDB üzrə növbəti XIX regional kurslarının açılışında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan S.Paniçpakdi, ölkəmizin dinamik inkişafının şahidi olduğunu və xüsusilə qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirmişdir. Nazir Elmar Məmmədyarov ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyünü qeyd etmişdir. Görüş əsnasında Nazir qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesi barədə məlumat vermiş və bu münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı mümkünlüyünü vurğulamışdır. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

2008-2013-cü illərdə, Azərbaycan, UNCTAD-ın Etimad Fondunda maliyyə töhfəsi etmişdir.

Bu xüsusda, UNCTAD-ın baş katibi tərəfindən Daimi Nümayəndəliyimizə məktub ünvanlanaraq, UNCTAD çərçivəsində təşkil olunan mütəxəssis iclaslarında inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin nümayəndələrinin iştirakını maliyyələşdirmək üçün ölkəmiz tərəfindən müvafiq Etimad Fonduna töhfə edilmiş vəsait yüksək qiymətləndirilmiş və bu məqamın növbəti dövr üçün də davam etdirilməsi imkanının müsbət nəzərdən keçirilməsi xahiş edilmişdir.

UNCTAD-ın Beynəlxalq Ticarət və Əmtəələr Bölməsinin dəstəyi ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olma üzrə danışıqlar qrupunun üzvləri dəfələrlə Cenevrə şəhərində səfərdə olmuş və ÜTT-yə üzvlük ilə bağlı maraq doğuran məsələlər UNCTAD Katibliyinin müvafiq mütəxəssisləri ilə məsləhətləşmələr keçirilmişdir.


Azərbaycan Respublikası və Beynəlxalq Telekommunikasiya İttifaqı

Azərbaycan Respublikasının beynəlxalq telekommunikasiya sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqıdır (BTİ).

17 may 1865-ci il tarixində Beynəlxalq Teleqraf İttifaqı adı ilə təsis olunmuş BTİ-nin əsas vəzifəsi harada yaşamasından asılı olmayaraq bütün dünya üzrə insanlar arasında rabitə əlaqələrin yaradılmasına nail olmaqdır. BTİ öz fəaliyyəti ilə hər bir şəxsin rabitə əlaqəsi yaratmaq hüququnu müdafiə edir və dəstəkləyir. BTİ BMT-nin ixtisaslaşmış agentlikləri sistemində özünəməxsus xüsusiyyətə malikdir, belə ki, BTİ-nin həm ictimai, həm də özəl sektordan olan üzvləri mövcuddur. BTİ-yə 193 üzv-dövlətlə yanaşı, akademik institutlar, tənzimləyicilər və təxminən 700 özəl şirkət üzvdür. BTİ-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. BTİ dünya üzrə 12 regional və sahə ofislərinə malikdir.

Hökumətlər (üzv-dövlətlər) və özəl sektor (sektor üzvləri, assosiasiyalar və akademiyalar) arasında beynəlxalq əməkdaşlıq prinsipi əsasında yaradılan BTİ İKT sahəsinin geniş əhatəli məsələlərinin müzakirə edildiyi və konsensus əsasında həll edildiyi qlobal forumdur.

Azərbaycan Respublikası 10 aprel 1992-ci il tarixində BTİ-yə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının BTİ ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətləri il ərzində BTİ çərçivəsində keçirilən iclaslarda iştirak edir. Eyni zamanda, BTİ nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına rəsmi səfərləri olmuşdur.

5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmiş və ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, xidmətlər, o cümlədən problemlərin həlli yolları barədə məlumatlar Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir.

16-20 may 2011-ci il tarixində keçirilmiş İnformasiya Cəmiyyətləri üzrə Ümumdünya Sammitinin illik forumunda Azərbaycan tərəfi Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak etmişdir. Tədbirdə dünyanın 140 ölkəsini təmsil edən rabitə və informasiya texnologiyaları nazirləri, nazir müavinləri, səfirlər və dünyanın tanınmış telekommunikasiya şirkətlərinin rəhbərləri də daxil olmaqla, 1150 nəfər iştirak etmiş, 6 paralel istiqamətdə, 12 müxtəlif mövzuda 100-dən artıq fərdi sessiya, o cümlədən 5 yüksək-səviyyəli seqment və dialoq toplantısı, 17 interaktiv iclas, 25 tematik seminar, 6 ölkə təqdimatı, sərgi, açıq məsləhətləşmələr, biliklərin mübadiləsi toplantıları və digər tədbirlər təşkil olunmuşdur. Forumun yüksək seqmenti çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini panelçi qismində çıxış etmiş, ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində görülmüş işlər və həyata keçirilməkdə olan layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Tədbir çərçivəsində geniş zolaqlı komissiya çərçivəsində təşkil olunan sessiyada Daimi Nümayəndəlik tərəfindən Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verilmişdir.

24-27 oktyabr 2011-ci il tarixində “ITU Telecom World 2011” ümumdünya telekommunikasiya sərgi-konfransı keçirilmiş, tədbirdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasovun rəhbərliyi ilə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən şirkətlər, həmçinin bir sıra dövlət qurumlarımızın bu sahə üzrə mütəxəssisləri də daxil olmaqla, ümumilikdə 65 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir. “ITU Telecom 2011” çərçivəsində, həmçinin, qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr edilən sərgi keçirilmişdir. Azərbaycan sərgidə ayrıca milli pavilyonla təmsil olunmuşdur. Azərbaycan tərəfi “ITU Telecom World 2011” tədbirinin media sponsoru qismində çıxış etmiş və bununla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən mətbuat konfransı təşkil edilmişdir.

24 oktyabr 2011-ci il tarixində BTİ-nin Genişzolaqlı İnkişafa dair Komissiyasının 4-cü toplantısı və Genişzolaqlı çıxış üzrə liderlərin zirvə toplantısı keçirilmişdir. Tədbir çərçivəsində panel sessiyasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri genişzolaqlı inkişafa dair qlobal komissiyanın komissarı olaraq, əsas məruzəçi qismində çıxış edərək ölkəmizdə İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM (Trans-Avrasiya super informasiya magistralı) layihəsi, ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat vermişdir.

BTİ ilə əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricilərindən biri kimi BTİ-nin Baş katibi cənab H.Turenin təşkilata rəhbərliyi dövrü ərzində bir neçə dəfə Azərbaycan Respublikasına rəsmi səfər etməsi qeyd edilməlidir. Bu səfərlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev H.Tureni qəbul edərək onunla ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apararaq dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğunu nümayiş etdirmişdir.

22-26 noyabr 2011-ci ilin tarixində BTİ-nin Baş katibi H.Ture “BakuTel” beynəlxalq telekommunikasiya sərgi-konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasovla görüşmüş, ölkəmizlə BTİ arasındakı münasibətlər barədə ətraflı fikir mübadiləsi aparmışdır.

BTİ ilə əməkdaşlığın yüksək səviyyəsinin nəticəsi olaraq BTİ-nin Baş katibi H.Turenin 4-7 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasına növbəti rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində H.Ture Bakıda təşkil olunan Rabitə Regional Birliyi Şurasının 47-ci sessiyası və MDB Üzv-Dövlətlərinin Məlumatlandırma üzrə Əlaqələndirmə Şurasının 18-ci birgə sessiyası, həmçinin 18-ci Azərbaycan Beynəlxalq BakuTel-2012 Sərgisi və İnternet İdarəçilik Forumunda iştirak etmişdir. Səfər çərçivəsində noyabrın 6–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BTİ-nin Baş katibi H.Tureni qəbul etmişdir. H.Ture 2003–cü ildən başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğulamışdır. Prezident İlham Əliyevin BTİ-nin Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan kapitalına çevirəcəyəm” sözlərini xatırlayan H.Ture həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd etmişdir. Eyni zamanda, H.Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. H.Ture ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğulamışdır. Dövlətimizin başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini vurğulamışdır. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini nəzərə alaraq, BTİ ilə əməkdaşlıq 2013-cü il ərzində Daimi Nümayəndəlik tərəfindən prioritet istiqamətlərdən biri olaraq müəyyən edilmişdir.

BTİ ilə əməkdaşlığın yüksək səviyyəsinin nəticəsi olaraq, BTİ-nin Baş katibi H.Turenin 1-3 dekabr 2013-cü il tarixində Azərbaycana növbəti rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində H.Ture Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə birlikdə “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olmuşdur. Eyni zamanda, BTİ-nin Baş katibi H.Ture tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlanaraq “BTİ Telekom-2013” tədbirinə Azərbaycan tərəfindən verilmiş töhfələrə görə Ölkə Başçımıza böyük minnətdarlıq ifadə edilmişdir.

13-17 may 2013-cü il tarixində Cenevrə şəhərində İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumu keçirilmişdir. Sammit çərçivəsində Azərbaycan tərəfinin təşkilatçılığı ilə “TASİM/EuraCA: Avrasiya regionunda rabitə bağlantısının yaxşılaşdırılması üçün yeni platformalar” mövzusunda tematik seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini E.Vəlizadə çıxış edərək BTİ-nin Baş katibi H.Ture, eləcə də digər iştirakçıları Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında məlumatlandırmışdır.

11-21 iyun 2013-cü il tarixində və 6-15 may 2014-cü il tarixində Cenevrə şəhərində BTİ Şurasının növbəti sessiyası, 1-26 iyul 2013-cü il tarixində isə BMT-nin İqtisadi və Sosial Şurasının substantiv sessiyası çərçivəsində yüksək səviyyəli seqmentdə “Davamlı inkişafın təşviqi və Minilliyin İnkişaf Məqsədlərinə nail olunması üçün elm, texnologiya və innovasiya, mədəniyyət potensialı” mövzusu üzrə illik Nazirlər icmalı keçirilmişdir. Bundan əlavə, 10-13 iyun 2014-cü il tarixində Cenevrədə “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti+10 Yüksək Səviyyəli Tədbiri” keçirilmişdir. Sözügedən tədbir çərçivəsində İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin nəticələri (2003 and 2005) nəzərdən keçirilmiş və 2 mühüm sənəd - “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin nəticələrinin implementasiyası barədə Bəyanat” və “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti+10-un 2015-ci ildən sonraya baxışı” təsdiqlənmişdir.

Telekommunikasiya sahəsi üzrə Azərbaycan Respublikasının tarixi ərzində ən mühüm hadisə 2013-cü il ərzində baş vermişdir. Belə ki, Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır. Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulmuşdur.

“Azerspace-1” peykinin vəd etdiyi üstünlüklər:

Ümumi üstünlüklər:

• İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı;
• İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi;
• Yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi;
• Nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması;
• Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi;
• Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsi;
• Ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi;
• Teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları;
• Ölkənin ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, elektron hökumət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsi;
• Ölkənin mümkün informasiya blokadası riskindən qorunması və Azərbaycanın informasiya mövqelərinin möhkəmlənməsi;
• Telekommunikasiya peyki xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılması.

Spesifik üstünlüklər:

• Peyk rabitəsinin əhəmiyyəti. (Alternativlik rabitə üçün vacib məqamdır və ölkəmizdə hazırkı rabitə infrastrukturuna yeganə alternativ olaraq peyk rabitəsinin əhəmiyyəti böyükdür. Azərbaycan kimi dağlıq ərazilərdə yerləşən ölkələrdə yüksək keyfiyyətli və nisbətən daha ucuz başa gələn rabitə əlaqəsinin təmin edilməsi üçün peyk rabitəsinin əhəmiyyəti böyükdür);

• Peykin istismara verilməsi bütün ölkə ərazisinin keyfiyyətli və sürətli internet xidmətləri ilə təmin edilməsinə əlavə təkan verəcəkdir;

• Peykin istismara verilməsi nəticəsində xərclərin azalması ilə əlaqədar rabitə xidməti tariflərinin mümkün azalması müşahidə olunacaqdır;

• Peyk ölkə ərazisində rəqəmli televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini mümkün edəcək, yüksək keyfiyyətli televiziya (HD) yayımının təşkilinə dəstək olacaqdır;

• Peyk ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılması və “Elektron hökumət”in daha üstün keyfiyyətlə təşkili üçün vacib infrastruktur olacaqdır;

• Peyk rabitəsi ölkəmizdə məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin təşkilinə əlavə dəstək verəcəkdir;

• Peyk mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha səmərəli idarə edilməsinə töhfə verəcəkdir.

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf səviyyəsini əks etdirən bəzi mühüm göstəricilər aşağıdakılardır:

• BTİ-nin 11 oktyabr 2012-ci il tarixində dərc olunmuş “İnformasiya cəmiyyətinin ölçülməsi 2012” adlı ənənəvi məcmuədə “İKT inkişaf göstəricisi”nə görə 155 ölkə arasında 68, “İKT qiymət səbəti göstəricisi”nə görə isə 161 ölkə arasında 52-ci yerə yüksəlmişdir;

• BTİ-nin “İKT verilənlər və statistika” (1960-2011) bazasında internet göstəricilərinə görə Azərbaycan son illər regionda birincidir. 2012-ci ilin statistik məlumatlarına əsasən, Azərbaycan Respublikası əhalisinin 67%-i internetə qoşulmuş, 30%-i geniş zolaqlı internet abunəçiləridir;

• Dünya İqtisadi Forumunun “The Global Information Technologies Report 2013” hesabatında Azərbaycan Respublikası “şəbəkə hazırlığı göstəricisi”nə görə 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir;

• Dünya İqtisadi Forumunun “Global Competitiveness 2013-2014” hesabatında “Qlobal rəqabət qabiliyyəti göstəricisi”nə görə Azərbaycan 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuşdur.


Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı

Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurum Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST).
ÜST 7 aprel 1948-ci il tarixində yaradılmışdır. ÜST BMT sistemi çərçivəsində beynəlxalq səhiyyə məsələlərini əlaqələndirən beynəlxalq təşkilatdır. ÜST ekspertləri səhiyyə üzrə rəhbər müddəa və standartlar hazırlayır və dövlətlərə səhiyyə sahəsindəki problemlərin həllində köməklik göstərir. ÜST, habelə səhiyyə sahəsində elmi tədqiqatları dəstəkləyir və təşviq edir.

ÜST-nin 194 üzv-dövləti var. Təşkilatın əsas orqanları Ümumdünya Səhiyyə Assambleyası, İcraiyyə Şurası və Katiblikdir. Təşkilata İcraiyyə Şurasının təqdimatı əsasında Assambleya tərəfindən təyin olunan Baş direktor rəhbərlik edir. Hal-hazırda, ÜST-nin Baş Direktoru Çin Xalq Respublikasının nümayəndəsi Marqaret Çandır (2006-cı ildən etibarən). ÜST-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

ÜST üzv-dövlətlərlə əlaqələrini regional ofisləri vasitəsilə həyata keçirir. Təşkilatın 6 regional ofisi var:
• Afrika üzrə Regional Ofis – qərargahı Brazzavil (Konqo);
• Avropa üzrə Regional Ofis – qərargahı Kopenhagen (Danimarka)
• Cənub-şərqi Asiya üzrə Regional Ofis – qərargahı Yeni-Dehli (Hindistan)
• Amerika üzrə Regional Ofis – qərargahı Vaşinqton (ABŞ)
• Şərqi Aralıq dənizi sahili üzrə Regional Ofis – qərargahı Qahirə (Misir)
• Qərbi Sakit okean üzrə Regional Ofis – qərargahı Manila (Filippin)

Azərbaycan Respublikası 1992-ci il 2 oktyabr tarixində ÜST-ə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın Baş qərargahı və Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-nin ölkəmizdə ofisi mövcuddur.

Azərbaycan Respublikasının ÜST ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əməkdaşlıq münasibətləri ilk olaraq özünü, Ümumdünya Səhiyyə Assambleyası, ÜST-nin İcraiyyə Şurası, ÜST-nin Avropa Regional Ofisinin sessiyalarında, o cümlədən il ərzində ÜST çərçivəsində keçirilən iclaslarda Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətlərinin iştirakında və ÜST nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına etdikləri rəsmi səfərlərdə göstərir.

2000 və 2004-cü illərdə ÜST-nin Avropa Regional Ofisinin Direktoru Mark Danzon Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

16-25 may 2005-ci il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilmişdir. Şuraya 192 ölkədən 32 ölkə üzv qismində seçilmişdir.

25-26 aprel 2006-cı il tarixində ÜST-nin keçmiş Baş direktoru Li Yonq Vuk Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. L.Y.Vuk Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, eləcə də Heydər Əliyev Fondunda keçirilmiş görüşlərdə iştirak etmişdir. Sözügedən səfər çərçivəsində əsas diqqət quş qripi xəstəliyi və vərəm xəstəliyi ilə mübarizə, eşitmə qabiliyyəti olmayan və zəif olan insanların cəmiyyətdə rolunun artırılması, ÜST ilə əməkdaşlıq, aclıq və yoxsulluğun aradan qaldırılması və səhiyyə sektorunda islahatlar kimi məsələlərə yönəlmişdir.

6-8 noyabr 2006-cı il tarixində Cenevrədə ÜST-nin İcraiyyə Şurasının 119-cu sessiyası, 9 noyabrda isə Ümumdünya Səhiyyə Assambleyasının 1-ci fövqəladə toplantısı keçirilmişdir və tədbirlərdə Azərbaycan Respublikasının Səhiyyə Naziri O.Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. İclasların nəticəsi olaraq, ÜST-nin yeni Baş direktoru Çin Xalq Respublikasının nümayəndəsi Marqaret Çan seçilmişdir.

30 yanvar – 1 fevral 2008-ci ilin tarixində M.Çan Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığının mühüm nümunəsi kimi 12-15 sentyabr 2011-ci il tarixində Avropa regionu ölkələrinin 50-dən artıq səhiyyə nazirinin iştirakı ilə ÜST-nin Avropa Regional Komitəsinin 61-ci illik sessiyasının Bakı şəhərində keçirilməsi qeyd edilməlidir. Tədbir zamanı, bir sıra qlobal səhiyyə problemləri ətrafında müzakirələr aparılmış, “Səhiyyə 2020” adlanan yeni Avropa səhiyyə siyasəti sənədi qəbul edilmiş, 21-ci əsrdə səhiyyənin strateji istiqamətləri, səhiyyənin qlobal səviyyədə sosial təsiri, ÜST-nin Avropa regionunda səhiyyə sisteminin möhkəmləndirilməsi, Avropada 2012-2016-cı illərdə qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə strategiya sənədi və digər qlobal səhiyyə məsələləri ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir.

16 noyabr 2012-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ÜST-nin birgə təşkilatçılığı ilə Avropa Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü görüşü keçirilmişdir. Tədbirdə ÜST-nin Avropa üzrə regional Direktoru Jujanna Yakob və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri çıxış etmişdir. Eyni zamanda, görüş zamanı Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva çıxış edərək 2011-ci ildə irəli sürdüyü “IDEA” (“International Dialogue for Environmental Action”) təşəbbüsü barədə qonaqlara məlumat vermişdir.

20-28 may 2013-cü il tarixində Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyası və 29-30 may 2013-cü il tarixində isə ÜST-nin İcraedici Şurasının 133-cü sessiyası keçirilmişdir. Sözügedən tədbirlərdə Azərbaycan tərəfi Səhiyyə Naziri O.Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. İcraedici Şuranın iclası zamanı O.Şirəliyev Şuranın vitse-sədri vəzifəsinə seçilmişdir.

20-25 yanvar 2014-cü il tarixində Cenevrə şəhərində ÜST-nin İcraedici Şurasının 134-cü, 26-27 may 2014-cü il tarixində 135-ci sessiyası, 19-24 may 2014-cü il tarixində isə Ümumdünya Səhiyyə Assambleyasının 67-ci sessiyası keçirilmişdir. Sözügedən tədbirlərdə Azərbaycan tərəfi Səhiyyə Naziri O.Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Ümumdünya Səhiyyə Assambleyası və ÜST-nin İcraiyyə Şurasının iclaslarında ölkəmiz mütəmadi olaraq yüksək səviyyədə - Azərbaycan Respublikası Səhiyyə Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Sözügedən iclaslarda çoxtərəfli danışıqlarla yanaşı, Azərbaycan nümayəndə heyəti bir çox ölkələrin səhiyyə qurumlarının rəhbərləri, eyni zamanda ÜST-nin Baş direktoru M.Çan, ÜST-nin Avropa Regional Ofisinin direktoru J.Jakab və ÜST-nin bir sıra digər rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirir və səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi, səhiyyənin maliyyələşdirilməsi və səhiyyə sahəsində digər əlaqədar mövzular ətrafında fikir mübadiləsi aparır.

ÜST ilə əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricilərindən biri kimi Azərbaycan Respublikasının mütəmadi olaraq ÜST orqanlarına üzv seçilməsi qeyd edilməlidir. Belə ki, ÜST-nin Avropa Regional Komitəsinin 14-17 sentyabr 2009-cu ildə Kopenhagendə keçirilmiş 59-cu sessiyasında Azərbaycan 3 il müddətinə (2009-2012-ci illər) qurumun Daimi Komitəsinə üzv seçilmişdir. 16-25 may 2005-ci il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilmişdir. Daha sonra isə Azərbaycan Respublikası 2012-2015-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilmişdir. Öncə qeyd edildiyi kimi, 29-30 may 2013-cü il tarixli ÜST İcraiyyə Şurasının 133-cü iclasında Azərbaycan Respublikasının Səhiyyə Naziri Şuranın vitse-sədri vəzifəsinə seçilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin fəaliyyətinin prioritetlərindən biri kimi ÜST ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ÜST-nin müxtəlif bölmələri ilə sıx əməkdaşlıq münasibətləri qurulmuş, Ümumdünya Səhiyyə Assambleyası, ÜST-nin İcraiyyə Şurası, ÜST-nin Avropa Regional Ofisinin sessiyalarında, ÜST Komitələrinin iclaslarında, o cümlədən il ərzində ÜST çərçivəsində keçirilən digər çoxsaylı iclaslarda fəal iştirak təmin edilir, səhiyyə ilə bağlı ölkəmizlə təşkilat arasında əməkdaşlıq münasibətlərinin əlaqələndirilməsi ilə yanaşı, səhiyyənin müxtəlif istiqamətləri üzrə ÜST-nin nümayəndələri ilə çoxsaylı görüşlər keçirilir.

ÜST-nin Avropa Regional Ofisinin Baş direktoru və Azərbaycan Respublikasının Səhiyyə Naziri arasında imzalanmış 2012-2013-cü illər üzrə 2-illik əməkdaşlıq sazişi səhiyyə sistemi və ictimai sağlamlığın gücləndirilməsi, qeyri-yoluxucu xəstəliklər, sağlamlığın təşviqi və sağlam həyat tərzi, yoluxucu xəstəliklər, səhiyyə təhlükəsizliyi və ətraf mühit, habelə səhiyyə informasiyası, tədqiqatlar və innovasiya kimi sahələri 2012-2013-cü illər üçün əməkdaşlığın prioritet istiqamətləri qismində müəyyən etmişdir.

Eyni zamanda, ÜST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı çoxsaylı layihələr həyata keçirilmiş və ya hal-hazırda keçirilməkdədir:
1. DOTs (Directly Observed Treatment-short course) layihəsi – Layihə vərəm xəstəliyi ilə bağlı birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kurslarının keçirilməsini nəzərdə tutur. Layihə çərçivəsində Bakı, Naxçıvan, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt, Sabirabad, Şəki və Mingəçevir şəhərlərindəki vərəm dispanserləri vərəm əleyhinə dərman vasitələri, diaqnoz üçün rentgen aparatları, mikroskoplar və digər avadanlıqlar şəklində humanitar yardımlar alır. Bu proqrama bir sıra qeyri-hökumət təşkilatları da qoşulmuşdur.
2. MECACAR – poliomielitin ləğv edilməsi üzrə proqram. Bu genişmiqyaslı proqram 1995-ci ildən həyata keçirilməyə başlanmışdır. Proqrama BMT-nin Uşaq Fondu (UNICEF) də qoşulmuşdur.
3. CARAK – uşaq və anaların qorunması üzrə proqram.
4. Difteriyaya nəzarət üzrə proqram - Proqram çərçivəsində Respublikanın müxtəlif rayonlarının tibbi heyəti üçün tədris kursları təşkil edilir.
5. Ailə planlaşdırılması üzrə proqram – Proqramın həyata keçirilməsi üçün iki şəhər – Gəncə və Sumqayıt şəhərləri seçilmişdir.
6. Ruhi sağlamlıq üzrə Proqram – Proqram çərçivəsində ölkəmizə humanitar yardım şəklində müxtəlif dərmanlar daxil olur. Yardım Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən pilot şəhər qismində seçilmiş Quba rayonuna və digər rayonlara göndərilir.
7. Cənubi Qafqaz Səhiyyə İnformasiya Sistemi – layihənin məqsədi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə özünün Səhiyyə İnformasiya Sisteminin yenidən qurulmasında və inkişafında köməklik göstərməkdir.


Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı

Azərbaycan Respublikasının əmək məsələləri sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat Beynəlxalq Əmək Təşkilatıdır (BƏT).

BƏT I Dünya Müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi olaraq 1919-cu ildə yaradılmışdır. BƏT-in yaradılmasının əsas məqsədi “universal və davamlı sülhə yalnız sosial ədalətin bərqərar olunması ilə nail olmaq mümkündür” inamını əks etdirmək olmuşdur. BƏT-in Konstitusiyası 1919-cu il yanvar-aprel tarixləri arasında əvvəl Parisdə, daha sonra isə Versalda görüşmüş Sülh Konfransı tərəfindən təsis edilmiş Əmək Komissiyası tərəfindən hazırlanmışdır. 1946-cı ildən isə BƏT yeni yaradılmış BMT-nin ixtisaslaşmış təşkilatı olmuşdur. 185 üzv-dövlətə malik olan BƏT-in hazırkı Baş direktoru 1 oktyabr 2012-ci il tarixindən etibarən Böyük Britaniyalı Q.Rayderdir.

BƏT beynəlxalq əmək standartlarının hazırlanmasına və onlara nəzarət edilməsinə məsul olan beynəlxalq təşkilatdır. BƏT BMT sistemində hökumət nümayəndələri, işəgötürənlər və işçiləri bir araya gətirən yeganə “üçtərəfli” təşkilatdır. Bununla da, BƏT “Hamıya layiqli əməyi” təşviq edən siyasət və proqramlar hazırlayır. Bu özünəməxsus mexanizm BƏT-ə əmək və işlə bağlı “real dünya” məlumatlarını özündə ehtiva etməyə imkan yaradır.

BƏT öz fəaliyyətini hökumət, işəgötürən və işçilərin nümayəndələrindən ibarət olan üç əsas orqanı (Beynəlxalq Əmək Konfransı, Rəhbər orqan və Ofis (Katiblik funksiyalarını yerinə yetirir) ) vasitəsilə həyata keçirir. Eyni zamanda, BƏT-in Afrika, Latın Amerikası və Karib, Ərəb dövlətləri, Asiya və Sakit okean regionu və Avropa və Mərkəzi Asiya regionlarında regional ofisləri mövcuddur.

Azərbaycan Respublikası 1992-ci ilin may ayından etibarən BƏT-in tam hüquqlu üzvüdür.

Ötən dövr ərzində Azərbaycan Respublikası ilə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daima genişlənməsi amili ilə müşahidə olunan fəal əlaqələr yaradılmışdır. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndə heyətləri il ərzində BƏT çərçivəsində keçirilən iclaslarda, habelə əmək, məşğulluq, əməyin mühafizəsi, təhlükəsizliyi və əhalinin sosial müdafiəsi sahələrinə aid mövzulara dair müxtəlif ölkələrdə keçirilən iclas, seminar, təlim, konfrans və digər tədbirlərdə iştirak edirlər. Eyni zamanda, BƏT nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına rəsmi səfərləri olmuşdur.

Azərbaycan Respublikasının BƏT-lə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildə Azərbaycanda BƏT-in yerli nümayəndəliyi açılmışdır. Ötən müddət ərzində Azərbaycan BƏT-in 50-dən çox Konvensiyasına tərəf olmuş, nəticə etibarı ilə milli əmək qanunvericiliyi ən mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bu sahə üzrə qanunvericilik mütəmadi olaraq təkmilləşdirilməkdədir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair hazırlanan Hökumət hesabatları müntəzəm olaraq BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur. Azərbaycan Respublikasının BƏT-lə mövcud səmərəli əməkdaşlığı əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə, ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

Azərbaycan Respublikasının BƏT-lə olan sıx əməkdaşlığının nəticəsi olaraq Azərbaycan Respublikasında bu sahə üzrə bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Müfəttişliklərinin Regional Alyansına sədrliyi ilə əlaqədar olaraq, 18-19 noyabr 2010-cu il tarixində Bakı şəhərində Əmək Müfəttişliklərinin Regional Alyansının üçüncü konfransı keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyası, BƏT və Dünya Bankının dəstəyi ilə təşkil olunmuşdur. İki gün davam edən konfransda təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, işçilərin əmək hüquqlarının qorunması, qanunvericilik və beynəlxalq standartların vahid qaydada icrası və sosial tərəfdaşların fəallığının artırılması məsələləri müzakirə olunmuşdur.

26 aprel 2011-ci il tarixində BƏT və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin dəstəyi ilə “Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunda “Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaradılması, Azərbaycanda əməyin təftişi işinin təkmilləşdirilməsi istiqamətində Dünya Bankının layihəsinin müvafiq komponentləri üzrə Avropa İttifaqına üzv-dövlətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyan Tvininq layihəsinin başlaması ilə bağlı təqdimatlar nümayiş etdirilmişdir.

30 may - 14 iyun 2012-ci il tarixində Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 101-ci sessiyası keçirilmişdir. Azərbaycan Respublikası sözügedən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin başçılıq etdiyi və ölkəmizin Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və digər dövlət rəsmilərimizdən ibarət üçtərəfli nümayəndə heyəti iştirak etmişdir. Konfrans ərəfəsində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri BƏT-in yeni seçilmiş Baş direktoru Q.Rayder və İş Yerində Fundamental Prinsiplər və Hüquqlar üzrə Bəyanatın Təşviqi Proqramının direktoru K.Fənnizadə ilə görüşlər keçirmişdir.

5-20 iyun 2013-cü il tarixində Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Əmək Konfransının növbəti sessiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin başçılıq etdiyi və ölkəmizin Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və digər dövlət rəsmilərimizdən ibarət üçtərəfli nümayəndə heyəti iştirak etmişdir. Konfrans zamanı Nazir əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan Respublikasında görülmüş işlər barədə ətraflı çıxış etmişdir.

Eyni zamanda, 2013-cü il ərzində BƏT çərçivəsində aşağıdakı mühüm tədbirlər təşkil edilmiş və müvafiq tədbirlərdə Azərbaycan nümayəndə heyətlərinin iştirakları təmin edilmişdir: 8-11 aprel 2013-cü il tarixində Oslo şəhərində keçirilmiş 9-cu Avropa Regional Görüşü, 15-17 may 2013-cü il tarixində BƏT-in 188 saylı Balıqçılıq Fəaliyyəti Konvensiyasının təşviq edilməsi məqsədilə keçirilmiş Qlobal Dialoq Forumu, 17-21 iyun 2013-cü il tarixində Turin şəhərində keçirilmiş Dəniz Əməyi Konvensiyasının milli hüquqi implementasiyası üzrə seminar, 2-11 oktyabr 2013-cü il tarixli Əmək Statistikası Mütəxəssislərinin 19-cu beynəlxalq konfransı, 8-10 oktyabr 2013-cü il tarixində Braziliyada keçirilmiş Uşaq Əməyi üzrə III Qlobal Konfrans, 12-15 noyabr 2013-cü il tarixli Erkən uşaq təhsili heyəti üçün layiqli əməyin təşviqinə dair siyasi rəhbər müddəalar üzrə mütəxəssislər görüşü və 26-28 noyabr 2013-cü il tarixli “Kimya sənayesində layiqli əməyin təşviqi üzrə təşəbbüslərə dair Qlobal Dialoq Forumu”.

28 may-12 iyun 2014-cü il tarixində Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin başçılıq etdiyi və ölkəmizin Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və digər dövlət rəsmilərimizdən ibarət üçtərəfli nümayəndə heyəti iştirak etmişdir. Konfrans zamanı Nazir əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan Respublikasında görülmüş işlər barədə ətraflı çıxış etmişdir.

Azərbaycan Respublikası və Ümumdünya Meteorologiya Təşkilatı

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 1873-cü ildə yaradılmış Beynəlxalq Meteorologiya Təşkilatının əsasında 1950-ci ildə təsis edilmiş və 1951-ci ildən etibarən BMT-nin meteorologiya (hava və iqlim), hidrologiya və əlaqədar geofiziki elmlər üzrə ixtisaslaşmış təşkilatı olmuşdur. ÜMT atmosferin vəziyyəti və onun okeanlarla qarşılıqlı təsiri, iqlim və onun su ehtiyatlarına təsiri üzrə BMT sisteminin əsas səlahiyyətli orqanıdır.

ÜMT 185 üzv-dövlətdən ibarətdir. Təşkilat struktur etibarilə ali orqan olan Konqres, İcraiyyə Şurası və Katiblik, o cümlədən 6 regional assosiasiya və 8 texniki komissiyadan ibarətdir. Təşkilatın, eyni zamanda, prezident və 3 vitse-prezidenti, habelə Baş katibi mövcuddur. ÜMT-nin hal-hazırda Prezidenti (2011-ci ildən etibarən) Kanadalı David Grimes, Baş katibi isə (2004-ci ildən etibarən) Fransalı Michel Jarrauddur. ÜMT-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Azərbaycan Respublikası 1993-cü il 27 dekabr tarixində ÜMT-yə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının ÜMT ilə əməkdaşlığı ÜMT-nin Baş qərargahı və ÜMT-nin Avropa üzrə Regional Assosiasiyası vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasının ÜMT ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əməkdaşlıq münasibətləri ilk olaraq özünü, Ümumdünya Meteorologiya Konqresi, ÜMT-nin İcraiyyə Şurası, ÜMT-nin Avropa Regional Assosiasiyasının sessiyalarında, o cümlədən il ərzində ÜMT çərçivəsində keçirilən iclaslarda Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətlərinin iştirakında və ÜMT nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına etdikləri rəsmi səfərlərdə göstərir.

30 iyun 2003-cü il tarixində Azərbaycan Respublikası ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında əməkdaşlığın həyata keçirilməsinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Sərəncam imzalanmışdır. Sözügedən Sərəncamla Azərbaycan Respublikası ilə ÜMT arasında əməkdaşlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir.

11-15 mart 2013-cü il tarixində Cenevrə şəhərində ÜMT, “Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə BMT Konvensiyası”nın Katibliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən təşkil edilmiş milli quraqlıq siyasəti üzrə yüksək səviyyəli iclas, 15-23 may 2013-cü il tarixində Cenevrə şəhərində keçirilmiş ÜMT İcraedici Şurasının 65-ci sessiyası, 1-5 iyul 2013-cü il tarixində keçirilmiş İqlim Xidmətləri üzrə Beynəlxalq Şuranın 1-ci sessiyası, 20-26 noyabr 2013-cü il tarixində Antalya şəhərində keçirilmiş Atmosfer Elmləri üzrə Komissiyanın 16-cı sessiyasında və 16-17 iyul 2014-cü il tarixində Monreal şəhərində ÜMT-nin Aeronaviqasiya Meteorologiyası üzrə Komissiyasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının Meteorologiya bölməsi ilə birgə keçirilmiş 15-ci sessiyasında Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət nümayəndə heyəti iştirak etmişdir.


Azərbaycan Respublikası və Beynəlxalq Miqrasiya Təşkilatı

Azərbaycan Respublikasının miqrasiya sahəsində çoxtərəfli formatda əməkdaşlıq etdiyi əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) çıxış edir. BMqT 1951-ci ildə təsis edilmiş beynəlxalq hökumətlərarası təşkilatdır və mənzil qərargahı Cenevrə şəhərində yerləşir. Hazırda BMqT 156 üzv-dövləti və 11 müşahidəçi-dövləti özündə birləşdirir.

Azərbaycan Respublikası Hökuməti və BMqT arasında 8 dekabr 1999-cu ildə Bakı şəhərində imzalanmış Əməkdaşlıq Sazişi təşkilat və ölkəmiz arasında əlaqələrə böyük töhfə vermişdir. 2000-ci ilin oktyabrında Təşkilatın Baş direktoru Brunson Mak Kinli ilk dəfə olaraq Azərbaycana rəsmi səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüşmüşdür. Həmin ilin dekabr ayında Azərbaycan Respublikası təşkilatın təsis aktı olan BMqT-nin Konstitusiyasına (1953-cü il) qoşulmuş və həyata keçirilən sözügedən əməkdaşlıq fəaliyyətinin nəticəsi olaraq 2001-ci ilin iyun ayında Azərbaycan BMqT-yə üzv qəbul olunmuşdur.

1996-cı ildə BMqT-nin Bakı ofisi yarandıqdan sonra Azərbaycanda miqrasiya sahəsi üzrə müxtəlif yardım və texniki layihələr həyata keçirilmişdir. Bu layihələr miqrasiya haqqında maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, sərhəd idarəçiliyi, qayıdış və reinteqrasiya, insan alverinə qarşı mübarizə və s. sahələri əhatə etmişdir. Bu gün ölkədə BMqT-nin Bakı ofisi ilə yanaşı, 1998-ci ildə təsis edilmiş Naxçıvan ofisi və 2006-cı ildə təsis edilmiş Mingəçevir ofisi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il iyunun 20-də BMqT-nin Baş direktoru Brunson Mak Kinlini qəbul etmişdir. Baş direktor Azərbaycanda gedən iqtisadi inkişafı xüsusilə vurğulamış və Bakıya əvvəlki səfəri zamanı Heydər Əliyevlə görüşünü məmnuniyyətlə xatırlayaraq onun miqrasiya məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən BMqT ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulamışdır.

Hazırda, Azərbaycanda BMqT ilə birgə bir sıra layihələr, o cümlədən “Təhsil vasitəsilə insan alverinə dair maarifləndirmənin gücləndirilməsi - Faza III”, “Azərbaycanda potensialın artırılması və texniki yardım vasitəsilə insan alverinə qarşı səmərəli mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi - Faza III”, “Azərbaycanda miqranların hüquqlarını qoruyan səmərəli mexanizmlərin yaradılması”, “Kəhrizlərin bərpası”, “Miqrasiya və ali təhsil: bacarıq və qabiliyyətlərin artırılması (UNIMIG)” və “Səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihələri həyata keçirilir.

Azərbaycan BMqT ilə sıx əməkdaşlıq edir və təşkilatın Cenevrədə keçrilən rəhbər orqanlarının iclaslarında müntəzəm olaraq iştirak edir.
4 iyul 2014-cü il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini M.Məmməd-Quliyev Cenevrəyə işgüzar səfəri çərçivəsində BMqT-nin Baş direktoru L.Svinqlə görüşmüşdür. Görüş zamanı BMqT və Azərbaycan arasında mövcud olan əməkdaşlıq məsələləri müzakirə olunmuş və Baş direktor Azərbaycana səfər etməyə dəvət olunmuşdur.


Son yenilənmə tarixi: 09.09.2014