Azərbaycan və NATO əməkdaşlığı haqqında arayış

Azərbaycan-NATO ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. 

Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapmışıdır. 

Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. 

1996-cı il SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO üzv və bəzi tərəfdaş ölkələri tərəfindən təşkil edilən, təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır. Digər mühüm mexanizm, hərbi islahatlar, təlim və təhsil, standartların tətbiqi, NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). PAP tərəfdaş ölkəyə NATO təcrübəsinə uyğun müdafiə planlamasının təşkil edilməsinə yardım edir. Azərbaycan hazırda əməliyyatlara hazırlıq və müdafiə planlaması üzrə “tərəfdaşlıq məqsədi” adlanan bir çox konkret tədbirləri həyata keçirir. 

Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (FTƏP) ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran istənilən məsələ ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir. Azərbaycan 2005-2007-ci illəri əhatə edən I dövr və 2008-2010-cu illəri əhatə edən II dövr FTƏP-i başa çatdırmış, hazırda 2012-2013-cü illəri əhatə edən III dövrə sənədini yerinə yetirir. 

 

Siyasi dialoq

Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO  ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir.

 

NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak

Azərbaycan Respublikası Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. 

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmişdir. 

2003-cü ildən Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatında (ISAF) iştirak edir. Hazırda Azərbaycanın 94 nəfərlik birliyi ISAF əməliyyatının tərkibində xidmət edir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və Əfqanıstan hökuməti ilə müntəzəm təmaslar saxlayır. Azərbaycanın töhfəsi siyasi, hərbi, logistik dəstək / hava və yer tranziti, habelə müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri kimi sahələrdən ibarətdir.  

2010-cu ildən başlayaraq əfqanlara keçid kontekstində idarəçiliyin yaxşılaşdırılmasına töhfə qismində Azərbaycan Diplomatik Akademiyası GSCP (İsveçrə) ilə birgə əfqan rəsmiləri üçün iki həftəlik təlim keçirir. 2010-cu ilin noyabrında, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Əfqan xüsusi xidmət orqanlarının nümayəndələri üçün müasir terror təhdidləri ilə mübarizə mövzusunda iki həftəlik təlim keçirmişdir. 2011-ci ilin noyabrında, Azərbaycan Dövlət Sərhəd Xidməti NATO-nun dəstəyi ilə Əfqanıstan və Mərkəzi Asiya dövlətləri üçün sərhəd təhlükəsizliyi və narkotik maddələrin yayılması mövzusunda seminar keçirmişdir. Xarici İşlər, Daxili İşlər, Müdafiə, Səhiyyə nazirlikləri və DSX tərəfindən treninq və təhsil təklifləri əfqan hökumətinə təqdim olunmuşdur.  

ANAMA humanitar mina təmizləmə sahəsində Əfqanıstana fəal cəlb olunmasını davam etdirmişdir. Görülən işlərə əfqanların treninqi və onlara mentorluq edilməsi, ofis avadanlığının ianə edilməsi, yerli dillərdə mina agahlığının artırılması üçün kitab və materialların hazırlanması və onların əfqan orqanlarına təhvili, minalara dair məlumatlandırma sahəsində müəllimlərin treninqi daxildir. 

Azərbaycan 2014-cü ildən sonrakı dövrdə NATO-nun Əfqanıstandakı yeni təlim, məsləhət və dəstək missiyasına da öz töhfəsini bəyan etmişdir. 

 

Müdafiə və təhlükəsizlik sektoru islahatları 

Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Milli Təhlükəsizlik Konsepsiyasında (2007), habelə həmin konsepsiyanın hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada (2010) əks olunur.

Müdafiə və təhlükəsizlik sahəsində islahatlarda əsas məqsəd NATO-nun ekspertiza xarakterli yardımı və NATO standartlarının tətbiqi ilə mülki-demokratik nəzarət altında, effektiv və ölkənin ehtiyaclarına uyğun ölçüdə müdafiə və təhlükəsizlik sektorunu inkişaf etdirməkdir. Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda aparılan islahatlar nəticəsində ölkəmiz meydana çıxan təhlükəsizlik təhdidlərinə adekvat cavab vermək əzmindədir.

Silahlı Qüvvələrin yeni J/G/S strukturuna keçidi ümumi transformasiya prosesində mühüm rol oynayır və bütövlükdə müdafiə sahəsində islahatların aparılması üçün zəmin yaradır. Aşağı səviyyədə (korpus və briqadalarda) yeni struktura uyğun olaraq, yenidən təşkilatlanma başa çatmışdır. Müdafiə Nazirliyi və Baş Qərargah 1 avqust 2009-cu il tarixdən etibarən yeni ştat struktura uyğun olaraq təşkilatlanmışdır. 

Azərbaycan NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramının treninq, qiymətləndirmə və rəy alətlərindən istifadə etməyə davam edir. Azərbaycanın piyada bölüyü ƏİK prosesi çərçivəsində 2008-ci ildə 1-ci səviyyəli NATO qiymətləndirməsindən 2009-cu ildə isə 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimindən müvəffəqiyyətlə keçmişdir. Azərbaycan 2010-cu ildə piyada taborunu ƏİK Qiymətləndirmə və Rəy prosesinə elan etmişdir. 2011-ci ildə taborun 1-ci səviyyəli özünü qiymətləndirmə təlimini,  2012-ci ildə 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi müvəffəqiyyətlə keçirilmişdir. İkinci səviyyəli özünü qiymətləndirmənin 2013-cü il, 2-ci səviyyəli NATO qiymətləndirməsinin isə 2014-cü ildə keçirilməsi planlaşdırılır. Uzunmüddətli olaraq, 2015-ci ilin sonunadək Azərbaycan, döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla bütöv bir taborun əməliyyatlarda açılması və özünü saxlamaq imkanında olması məqsədi ilə, müvafiq briqadanın təlim və təchizatını başa çatdırmağı planlaşdırmışdır. 

Silahlı Qüvvələrdə təhsil və təlimin inkişafına xüsusi diqqət yetirilir. Müdafiə Nazirliyi təhsil və təlim üzrə yaxşı nailiyyətlər əldə etmişdir və bu sahədə müxtəlif istiqamətləri özündə birləşdirən müfəssəl plana malikdir. Hərbi Məktəblər, Hərbi Akademiya,  Təlim və Tədris Mərkəzində Türkiyə təcrübəsinə və NATO standartlarına əsaslanan tədris planlarından istifadə olunur. 2002-ci ildən etibarən Hərbi Məktəbləri bitirən bütün zabitlər, bu tədris planlarına uyğun olaraq təhsil almışlar. Hərbi təhsil müəssisələrində NATO standartlarının tətbiqinin daha da gücləndirilməsi məqsədilə 2008-2013 illər ərzində Azərbaycanın NATO ilə birgə Təhsil və Tədris üzrə Fəaliyyət Planının işlənilməsi təmin olunmuşdur və onun yerinə yetirilməsi davam etdirilir. 

Dövlət Sərhəd Xidmətinin NATO ilə əməkdaşlığında əsas məsələlər hüquq-mühafizə tipli təşkilata transformasiya və terrorizmə qarşı mübarizə kontekstində sərhəd nəzarətinin təkmilləşdirilməsi ilə bağlı NATO ölkələrinin ekspertiza yardımının əldə edilməsidir. 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının da əməkdaşlığında əsas istiqamətlərdən biri hüquq-mühafizə tipli təşkilata transformasiya ilə bağlı NATO ölkələrinin ekspertiza yardımının əldə edilməsi, habelə, Daxili Qoşunların birliklərinin beynəlxalq əməliyyatlara hazırlanması üzrə konkret tədbirlərin həyata keçirilməsidir.  

 

Fövqəladə hallara hazırlıq

Azərbaycanın NATO ilə əməkdaşlığında Mülki Fövqəladə Planlama (MFP) xüsusi yer tutur və son illər bu sahədə əməkdaşlıq genişlənməkdədir. MFP üzrə AATŞ daxilində çoxtərəfli əməkdaşlıq və FTƏP çərçivəsində ikitərəfli fəaliyyət bir-birini qarşılıqlı gücləndirən vasitələrdir. 

Azərbaycan MFP Komitəsinin və onun Planlaşdırma Qruplarının AATŞ formatındakı iclaslarına fəal olaraq töhfə verir. Bu format fikir mübadiləsi, qarşılıqlı anlaşmanın qurulması və milli təcrübə üçün müvafiq alət və rəhbər sənədlərin hazırlanması üçün faydalı forum təşkil edir.

MFP sahəsində ikitərəfli əməkdaşlıq prioritetləri Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvafiq məqsədlərini yerinə yetirməyə yönəlib. Bu istiqamət Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasından sonra daha da güclənmişdir. 2008-ci ilin noyabrında NATO-nun Məşvərətçi Dəstək Qrupu FHN imkanlarının inkişaf etdirilməsinə ekspertiza yardımı vermək üçün Azərbaycana səfər etmişdir. Hazırlanan hesabatda verilən tövsiyələr yardım, əməkdaşlıq və konkret addımlar üçün istiqamət qismində çıxış edəcək. Hazırda Azərbaycanda kiber müdafiə və e-hökumətin inkişaf etdirilməsi istiqamətində məsləhətləşmələr aparılır. 

Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəz (FCƏAAM) NATO MFP-də mühüm rol oynayır. Azərbaycan FCƏAAM tərəfindən keçirilən təlimlərdə, müvafiq olaraq Finlandiyada, Qazaxıstanda, Moldovada və Gürcüstanda  keçirilmiş “UUSIMAA-2008”, “Jetsu-2009”, “CODRII-2011” və “Gürcüstan-NATO 2012” təlimlərində iştirak etmişdir. Belə təlimlər praktiki bacarıqları gücləndirir və canlı təcrübə mübadiləsi üçün şərait yaradır. 

 

Elm, ekoloji və humanitar məsələlər

Müfəssəl xarakterə malik Azərbaycan-NATO tərəfdaşlığı sırf hərbi məsələlər ilə yanaşı elm, təhsil, ekologiya və humanitar məsələləri də əhatə edir. 

Azərbaycan 2006-2008-ci illərdə NATO maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsi üzrə 2.2 milyon avro məbləğində Melanj layihəsini həyata keçirmişdir. Layihə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı tərəfindən dəstəklənmiş, NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA) layihənin icraçı qurumu olmuşdur.  

Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu (“NATO/Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu”) ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığında 4400 hektarlıq ərazinin keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatlardan təmizlənməsi və həmin sursatların zərərsizləşdirilməsinə xidmət etmişdir. 2005-2011-ci illərdə icra edilmiş Saloğlu Etimad Fondu layihəsi 3 mərhələdə həyata keçirildi. Layihə 2011-ci ilin iyul ayında Bakıda və Saloğluda təşkil edilən mərasimlər ilə Azərbaycanda, oktyabr ayında isə NATO-da bağlanmışdır. 2005-ci ilin dekabr ayından etibarən layihə çərçivəsində 5.7 kv.km. ərazi təmizənmiş və 620 mindən çox PHS zərərsizləşdirilmişdir. Azərbaycan Hökuməti layihənin bütün mərhələlərində davamlı olaraq dəstək göstərmiş və resursların səfərbər edilməsi, beynəlxalq strukturlar/donorlar arasında dəstəklənməsinə səylər göstərmişdir. Saloğlu layihəsinin ümumi dəyəri 3,2 milyon avro olmuşdur.

Azərbaycan ərazilərinin xeyli bir hissəsinin hələ də mina və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş qaldığını nəzərə alaraq 2012-ci ilin mart ayında ANAMA Ceyrançöldə mina/PHS təmizləmə əməliyyatlarını həyata keçirmək üçün NATO Dəstək Agentliyi (NSPA) ilə Saziş imzaladı. Layihə çərçivəsində 64 kv.km ərazinin təmizlənməsi nəzərdə tutulur. Layihənin birinci mərhələsinin 2014-cü ilin avqust ayında başa çatması gözlənilir. 2014-cü ildə layihənin ikinci mərhələsinə başlamaq üçün hazırlıq işlər artıq başlanmışdır. 

Bundan əlavə, NATO-nun yardımı ilə Azərbaycan Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və çirklənmənin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər həyata keçirir. Azərbaycan bioamillər və çirklənmə mənbələrinin coğrafi mövqedən analiz edilməsini, həmçinin, Xəzər dənizinin ekologiyası və sənayesi haqqında informasiya toplanmasını davam etdirir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkənin iri şəhərlərində seysmik riskin qiymətləndirilməsi üçün zəruri olan ilkin seysmik məlumatlar bazası hazırlamışdır. Həmçinin neft və qaz kəmərləri boyunca seysmik riskin qiymətləndirilməsi üzrə imkanlar inkişaf etdirilib.  Bu xüsusda “Cənubi Qafqaz-Şərqi Türkiyə” enerji dəhlizinin seysmik təhlükə və riskinin hesablanması üzrə layihə çərçivəsində işlər görülüb.

NATO-nun “Virtual İpək Yolu” layihəsinin davamı olan “Qara Dəniz daxili əlaqələndirmə” layihəsi çərçivəsində Azərbaycan ərazisində bütün ali məktəblərə və elmi-tədqiqat mərkəzlərinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təmənnasız olaraq internetin paylanması həyata keçirilmişdir. 

 

İctimai diplomatiya

Azərbaycan hökuməti Avro-Atlantik inteqrasiya strateji məqsədinə, o cümlədən, NATO ilə tərəfdaşlığına ictimaiyyətin dəstəyinin əldə edilməsi məsələsinə böyük əhəmiyyət verir və bu baxımdan ictimai diplomatiya Azərbaycanın NATO ilə praktiki əməkdaşlığında mühüm yer tutur.  

Bu sahədə praktiki əməkdaşlığın əsas elementlərini Azərbaycan NATO Beynəlxalq Məktəbi (NISA), Azərbaycan Diplomatik Akademiyası, Avro-Atlantik Mərkəz tərəfindən həyata keçirilən tədbirlərə NATO-nun siyasi və ekspert dəstəyinin təmin olunması; tələbələrin, fikir formalaşdıran şəxslərin və düşüncə mərkəzlərinin nümayəndələrinin NATO Mənzil Qərargahına səfərlərinin təşkil olunması; həmçinin ölkəmizin NATO ilə əməkdaşlığının təbliğinə dair NATO MQ-da müxtəlif tədbirlərin keçirilməsi təşkil edir.  

Hər il NISA tərəfindən müxtəlif mövzular (enerji və sərhəd təhlükəsizliyi, mühüm enerji infrastrukturunun mühafizəsi, böhranların idarə olunması, sülh əməliyyatlarına dəstək, dəniz təhlükəsizliyi, kiber müdafiə, Yaxın Şərq regionunda təhlükəsizlik, beynəlxalq böhranlar və s.) üzrə təşkil olunan, yerli və xarici tədqiqatçıların iştirak etdiyi sessiyalar beynəlxalq təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli forum rolunu oynayır.  

 

Meydana gələn təhlükəsizlik çağırışları

Meydana gələn təhlükəsizlik çağırışları Azərbaycan və NATO arasında əməkdaşlıq və məsləhətləşmələrin aparıldığı sahələrdən biridir. 

Azərbaycan Terrorizmə qarşı Tərəfdaşlıq Fəaliyyət Planının (PAP-T) məqsədlərinin yerinə yetirilməsinə töhfə məqsədi ilə NATO ilə əməkdaşlıq edir və AATŞ çərçivəsində müvafiq tədbirlərdə iştirak edir. Azərbaycan tərəfdaş ölkələr arasında bu sahədə öz fəallığı ilə seçilir. Milli qabiliyyətlərin inkişaf etdirilməsi üçün ekspertiza yardımının əldə edilməsi, məlumat mübadiləsi və AATŞ çərçivəsində siyasi müzakirələrə töhfə terrorizmə mübarizə sahəsində qarşılıqlı təmasların əsas məsələləridir. Enerji infrastrukturlarının mühafizəsi üzrə qeyri-formal PAP-T İşçi Qrupuna sədrliyi ilə Azərbaycan PAP-T-nin canlandırılmasına töhfə verməkdə davam edir. 

Azərbaycan NATO ilə kiber təhlükəsizliyi sahəsində də əməkdaşlığın aparılmasında maraqlıdır. 2012-ci ildə Planlaşdırma və Analiz Prosesi sənədi çərçivəsində Azərbaycan kiber təhlükəsizliyi ilə bağlı iki “tərəfdaşlıq məqsədi” bəyan etmişdir. Kiber təhlükəsizliyi üzrə NATO ilə əməkdaşlıq imkanları təşkilatın Sülh və Təhlükəsizlik naminə Elm (STE) Proqramının maliyyələşməsi vasitəsilə layihələrin icrası, həmçinin tərəfdaşlara açıq olan təlim və məşğələlərdə iştirakdan ibarətdir. Hazırda Azərbaycan tərəfindən məsələ ilə bağlı NATO-nun STE Proqramına müraciətlər edilib və müvafiq məsləhətləşmələr aparılmaqdadır.

Regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi Azərbaycan NATO üzv ölkələri ilə bu sahədə əməkdaşlıq edir. Coğrafi mövqeyini nəzərə alaraq, Azərbaycan yeni və mövcud nəqliyyat dəhlizləri vasitəsilə Avropa bazarları üçün etibarlı, effektiv və stabil enerji istehsalçısı və tranzit ölkəsi olmaqda maraqlıdır. Azərbaycan aktiv olaraq enerji infrastrukturlarının mühafizəsi və bu sahədə terror təhdidlərinə qarşı mübarizə üzrə AATŞ-in fəaliyyətində iştirak edir. Azərbaycanın sədrliyi ilə enerji infrastrukturlarının mühafizəsi üzrə qeyri-formal işçi qrupunun görüş və iclasların məqsədi enerji infrastrukturlarına qarşı terror təhdidləri haqqında ümumi anlayışın artırılmasından ibarətdir. Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi öz səylərini davam etdirməyə və bu tərəfdaşlığı gücləndirməyə hazırdır.

 

Son yenilənmə tarixi: 30.04.2013