Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı

21 noyabr 2013-cü il tarixində Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan olunmuşdur. Gəncə MDB məkanında və Avropa İttifaqına daxil olmayan ölkələrdə “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir. Hər hansı şəhərin Avropa Gənclər Paytaxtı seçilməsi həmin şəhərdə fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı nümayiş etdirmək imkanı qazanır.

 Avropa Gənclər Paytaxtı Avropa Gənclər Forumunun həyata keçirdiyi beynəlxalq layihədir. Bu layihə ilk dəfə 2009-cu ildə həyata keçirilmişdir. Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland – 2009) olmuş, daha sonra isə Turin (İtaliya – 2010), Antverpen (Belçika – 2011), Braqa (Portuqaliya – 2012), Maribor (Sloveniya – 2013), Saloniki (Yunanıstan – 2014), Kluj Napoca (Rumıniya – 2015), Gəncə (Azərbaycan 2016), Varna (Bolqarıstan 2017) və Kaşkayş (Portuqaliya 2018) şəhərləri bu ada layiq görülmüşlər.

 Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 1805 saylı, 24 fevral 2016-cı il tarixli Sərəncam imzalanmışdır.

4 may 2016-cı il tarixində Gəncə şəhərində Heydər Əliyev Mərkəzində “Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Tədbirdə dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, həmçinin bir sıra beynəlxalq təşkilatların və ölkələrin (İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və s.) gənclər təşkilatlarının təmsilçiləri və digər qonaqlar iştirak etmişlər.

2016-cı il ərzində Gəncədə gənclərin cəmiyyətdə fəal iştirakı, könüllülük, sosial rifah, təhsil və gənclərin məşğulluğu istiqamətləri üzrə çoxsaylı yerli və beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu tədbirlər sırasına “Avropa Gənclər Festivalı”, “İntelektuallar” Gəncə 2016 – Avropa Çempionatı, Avropa Könüllülük Xidməti, “Dinlərarası dialoq üçün gənclər düşərgəsi”, “Canlı kitabxana”, “Gənc tədqiqatçıların Gəncə forumu”, “Avropa&Gəncə - Mədəniyyətlərin kəsişməsi” beynəlxalq festivalı, “Avropa Gənclər Paytaxtlarının (AGP) – orta təhsil modeli”, “Əmək Yarmarkası”, “Sosial Sahibkarlıq”, “Əl işləri yarmarkası”, “Gənclərin Karyera Avtobusu”, “Gəncə Rəqs Şəhəri” və digər layihələr daxildir.  

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin nitqi 

"Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı" layihəsinin açılış mərasiminin iştirakçılarına Hörmətli toplantı iştirakçıları!

Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi münasibətilə hər birinizi və sizin simanızda bütün gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Avropanın müxtəlif ölkələrini təmsil edən qonaqları salamlayır, "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Korifey sənətkarların, görkəmli elm və dövlət xadimlərinin yurdu olan Gəncə öz zəngin keçmişi, təkrarolunmaz maddi və mənəvi mədəniyyət abidələri ilə məşhurdur. Son illər həyata keçirilən tədbirlər nəticəsində bu tarixi diyarın görkəmi xeyli dəyişmiş, infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilmişdir.

Avropa ilə Asiyanın, xristian və müsəlman sivilizasiyalarının qovuşduğu məkanda yerləşən Azərbaycan Respublikası unikal coğrafi mövqeyə malikdir. Tolerantlıq və multikulturalizm bütün tarix boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz dəyərləri olmuşdur. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu baxımdan, Gəncənin "Avropa gənclər paytaxtı" seçilməsi tamamilə təbii və qanunauyğun bir haldır. Şübhəsiz, şəhərimizin belə nüfuzlu ada layiq görülməsində gənclər siyasəti sahəsində qazanılmış uğurlar, ölkəmizdəki gənclər təşkilatlarının uyğun profilli beynəlxalq platformalarla sıx əməkdaşlığı, region, qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyimiz də mühüm rol oynayıb.

2016-cı il ərzində Gəncə ölkə və qitə gənclərinin ən çox üz tutacağı, layihə həyata keçirəcəyi məkanlardan biri olacaq. Bu isə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcəkdir. Mən Gəncədəki tədbirlərin reallaşmasına kömək göstərmək məqsədilə xüsusi sərəncam imzalamış, aidiyyəti nazirliklərə, dövlət komitələrinə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müvafiq tapşırıqlar vermişəm. Şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə yüksək səviyyədə icra ediləcək, Gəncə şəhəri "Avropa gənclər paytaxtı" adına layiq olduğunu əyani şəkildə nümayiş etdirəcəkdir. Bu yolda harnınıza uğurlar arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2016-cı il.