Mədəniyyətlər və sivilizasiyalararası dialoq, arayış – 23.6.2013

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizin mədəni dəyərlərinin qorunması və mədəni həyatın inkişafı üçün ölkə daxilində mühüm tədbirlər görmüş və bu sahədə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq etməyə başlamışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən mədəniyyət sahəsində bu günə qədər bir sıra mühüm qanunvericilik aktları qəbul edilmişdir. Bunlar aşağıdakılardır:

- “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” 25 dekabr 1991-ci il tarixli qanun; 
- “Kütləvi İnformasiya vasitələri haqqında” 21 iyul 1992-ci il tarixli qanun; 
- “Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Agentliyi haqqında” 10 sentyabr 1993-cü il tarixli qanun; 
- ““AZƏRKİNOVİDEO” istehsalat birliyi haqqında” 13 dekabr 1993-cü il tarixli qanun; 
- “Müəllif hüquqları və qarışıq hüquqlar haqqında” 5 iyun 1996-cı il tarixli qanun; 
- “Reklam haqqında” 3 oktyabr 1997-ci il tarixli qanun; 
- “Mədəniyyət haqqında” 6 fevral 1998-ci il tarixli qanun; 
- “Tarixi və mədəni abidələrin qorunması haqqında” 10 aprel 1998-ci il tarixli qanun; 
- “Qrantlar haqqında” 17 aprel 1998-ci il tarixli qanun; 
- “İnformasiya azadlığı haqqında” 19 iyun 1998-ci il tarixli qanun; 
- “Kinematoqrafiya haqqında” 3 iyul 1998-ci il tarixli qanun; 
- “Heykəltəraşlıq fəaliyyəti” haqqında 3 iyul 1998-ci il tarixli qanun; 
- “Kitabxana işi haqqında” 29 dekabr 1998-ci il tarixli qanun; 
- “Turizm haqqında” 4 iyul 1999-cu il tarixli qanun; 
- “Şəhərsalmanın əsasları haqqında” 11 iyun 1999-cu il tarixli qanun; 
- “Milli arxiv fondu haqqında” 22 iyun 1999-cu il tarixli qanun; 
- “Kütləvi İnformasiya Vasitələri haqqında” 8 fevral 2000-ci il tarixli qanun; 
- “Muzeylər haqqında” 24 mart 2000-ci il tarixli qanun; 
- “Nəşriyyat işi haqqında” qanun və s.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında mədəniyyət məsələlərinin, xüsusilə də, tarixi və mədəni abidələrin qorunmasının hüquqi bazasını təkcə yerli qanunvericilik aktları deyil, həm də beynəlxalq sənədlər təşkil edir. Bu sənədlərdən “Hərbi münaqişələr zamanı mədəni abidələrin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni irsinin qorunması haqqında” 1970-ci il Paris Konvensiyası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyası və digərlərini göstərmək olar.

Mədəniyyət sahəsində Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), İSESCO (İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir.        Mədəniyyət sahəsində Azərbaycan bir sıra beynəlxalq layihələrin fəal iştirakçısıdır. Onların sırasına Avropa Şurası və Avropa İttifaqının birgə təşəbbüsü olan Avropa İrs Günləri (EHDs) Kampaniyası daxildir. Avropa İrs Günləri (EHDs) layihəsi 1991-ci ildən etibarən Avropa Şurası tərəfindən həyata keçirilir. Sözügedən təşəbbüs Avropa Şurası üzv dövlətlərində sentyabr ayının həftə sonlarında adətən ictimaiyyət üçün açıq olmayan abidələrin sərbəst ziyarət edilməsini nəzərdə tutur. Avropa İrs Günləri həmçinin ölkələrin mədəni irsinə Avropa və beynəlxalq ölçülərin tətbiq olunmasına köməklik etməli, eləcə də mədəni müxtəlifliyin artırılmasına yardımçı olmalıdır. 
Ölkəmiz bu layihəyə 2000-ci ildə qoşulmuşdur.

Belə ki, 2003-cü ilin 26-28 sentyabr tarixində Azərbaycan Respublikasında Avropa Şurasının Avropa Mədəni İrs Günləri – 2003 Kompaniyası keçirilmişdir. Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası zamanı beynəlxalq layihələr üzrə bərpası sona çatmış abidələrin açılışında iştirak, eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə baxış, keçən illərdə olduğu kimi, növbəti (8-ci) “Photoexperiense -2003” Beynəlxalq Foto Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə və universitetlərdə “Avropa ümumi irs” Proqramı və Avropa Mədəni İrs günləri Kampaniyası, “Mədəni irsin qorunması-mənim vətəndaşlıq borcumdur” fakültativ dərslərinin aparılması nəzərdə tutulmuşdu.

2005-ci ildə Azərbaycanda keçirilən “Avropa İrs Günləri”nin mövzusu isə “Mədəniyyətlər və sülhməramlı proseslər” olmuşdur. Kampaniya iki tədbirdən ibarət olmuşdur.

1. Adətən müstəqil formada təşkil edilən, lakin 2005-ci ildə isə Kampaniyanın ideologiyası məkanına daxil edilmiş “Şərq-Qərb” Bakı Beynəlxalq Festivalının keçirilməsi

2. “Foto-experience-2005” tədbiri çərçivəsində uşaq və gənclərin foto işləri müsabiqəsinin keçirilməsi və nəticələrin Respublika Gənclər Forumunda nümayiş etdirilməsi ilə yanaşı Barselonadan alınmış “Foto-experience-2005” kataloqunun paylanılması. 

Avropa Şurası çərçivəsində mədəniyyət sahəsində son bir neçə il ərzində baş verən ən mühüm hadisələrdən biri 2004-cü il dekabrın 9-10-da Polşanın Vrotslav şəhərində Avropa Mədəniyyət Konvensiyasının 50 illiyinə həsr edilmiş konfransın keçirilməsi olmuşdur. Ölkəmizin də nümayəndələrinin iştirak etdiyi konfrans Avropa Mədəniyyət Konvensiyasının 50 illiyinin qeyd olunmasına start vermiş və bir il ərzində bu istiqamətdə müxtəlif tədbirlər təşkil edilmişdir. 2005-ci il oktyabrın 27-28-də Portuqaliyanın Faro şəhərində keçirilmiş konfransla bu Konvensiyanın 50 illiyinin qeyd olunması başa çatmışdır. Adıçəkilən konfrans zamanı “Cəmiyyət üçün mədəni irsin dəyəri üzrə Avropa Şurasının Çərçivə konvensiyası” imzalanmaq üçün açıq elan edilmişdir. Konvensiyanın ölkə daxili prosedurdan keçmədiyi üçün Azərbaycan nümayəndə heyəti onu imzalamamışdır.

Azərbaycan Avropa Şurasının mədəniyyət sahəsinə aid olan digər mühüm bir layihəsində - “STAGE” (“Support for Transition in the Arts in Greater Europe”) layihəsində də iştirak etmişdir. Sözügedən layihəyə Cənubi Qafqaz regionun üç dövləti (Azərbaycan, Ermənistan və Gürcüstan) daxil idi. Layihənin əsas məqsədi hər üç dövlətə yeni və dinamik mədəniyyət siyasətinin inkişaf etdirilməsi və mədəni mübadilənin gücləndirilməsində yardımın göstərilməsindən ibarət idi. Layihənin əsas prinsipləri aşağıdakılardır: mədəni özünəməxsusluğun, mədəni çeşidliyinin, yaradıcılığın, eləcə də ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi. “STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında Azərbaycanda olmuşdur. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd etmişlər və Mədəniyyət Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri nəzərə almışlar. 2001-ci il iyunun 13-dən 17-dək bu layihə çərçivəsində Tbilisi şəhərində “Mədəniyyətin keçid dövründə maliyyələşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikası 6 nəfər nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bundan sonrakı illər ərzində qeyd olunan layihə çərçivəsində keçirilən bütün tədbirlərə ölkəmizin müvafiq sahəsini təmsil edən mütəxəssislər də qatılmışlar. STAGE layihəsi 2000-2003-cü illəri əhatə edən Birinci və 2003-2005-ci illəri əhatə edən İkinci fazalardan ibarət idi.

Lakin 2005-ci il sentyabrın 15-16-da Kiyevdə keçirilmiş STAGE layihəsinin 5-ci (genişləndirilmiş) Nazirlər kollokviumda layihənin gedişində əldə edilmiş uğurlu və səmərəli nəticələr nəzərə alınaraq, sözügedən layihənin bitməməsi və sadəcə başqa formatda davam etməsi qərarı qəbul olunmuşdur. Məhz bu səbəbdən “Mədəni Əməkdaşlıq üzrə yeni regional və transversal layihə proqramı (Kiyev Təşəbbüsü)” elan edilmişdir. Sözügedən təşəbbüsə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.  Bununla da, 2006-cı il dekabrın 15-də Buxarestdə nazirlər səviyyəsində “Kiyev Təşəbbüsü” regional proqramın  açılış konfransı keçirilmiş və tədbirin nəticəsində “Kiyev Təşəbbüsü” Bəyanatı qəbul olunmuşdur. “Kiyev Təşəbbüsü” Regional Proqramı mədəniyyət və mədəni irsin rolunun davamlı inkişaf prosesləri və regional əməkdaşlıqda təşviq edilməsi üçün yeni imkan və yanaşmanı təklif edən operativ çərçivədir.

2007-ci ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən Cenevrədə - “Millətlər Sarayında” Azərbaycan musiqiçilərinin iştirakı ilə  konsert təşkil olunmuşdur. 
2008-ci ilin 17 aprel tarixində Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən Cenevrədə - “Millətlər Sarayında” Azərbaycan fotoqraflarının tolerantlıq mövzusuna həsr olunmuş “Mədəniyyətlərin qovuşduğu torpaq: müxtəliflik vasitəsilə güc” adlı sərgi keçirilmişdir.

2008-ci ilin may ayında Paris, Strasburq və Brüsseldə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş bir neçə uşaq konserti və gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilmişdir.

 

2011-ci ildə də ölkəmizin xarici siyasətində sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun beynəlxalq aləmdə təşviq edilməsi xüsusi əhəmiyyət verilən sahələr arasında olmuşdur. BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə milli əlaqələndirici rolunu həyata keçirən XİN bu sahəni davamlı olaraq diqqət mərkəzində saxlamış və digər əlaqədar dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıqda ölkəmizi bir çox beynəlxalq tədbirlərdə təmsil etmişdir.   

2011-ci ilin 7-9 aprel tarixlərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilmişdir. BMTSA, UNESCO, Avropa Şurası, Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəyi ilə keçirilmiş bu Foruma dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatların çoxsaylı təmsilçiləri qatılmışlar. Bundan əlavə, Forumla əlaqəli şəkildə 7-8 aprel tarixlərində Bakıda Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının birinci toplantısı baş tutmuşdur. Qərara alınmışdır ki, bu cür tədbirlər ildə iki dəfə keçirilsin. Növbəti Forum 2013-cü ilin may-iyun aylarında keçiriləcəkdir. 

2011-ci ildə ərzində BMTSA çərçivəsində 7-8 mart tarixlərində Berndə keçirilmiş “Humanitarizm və inkişaf arasında boşluqların aradan qaldırılması” başlıqlı tematik platforma, mayın 2-də Dohada Alyansın əlaqələndiricilərinin “BMTSA və Qlobal İnkişaf Gündəliyi” mövzusunda görüşü, noyabrın 2-də Lissabonda BMTSA əlaqələndiricilərinin görüşü və AŞ-nin Şimal-Cənub Mərkəzi ilə BMTSA-ın 3-4 noyabr tarixlərində birgə təşkil etdiyi “Ərəb baharı: universal insan hüquqlarını gerçək etməyə doğru mühüm addım” mövzusuna həsr olunmuş Lissabon Forumunda Azərbaycanın iştirakı XİN tərəfindən təmin olunmuşdur. Nəhayət, 11-13 dekabr tarixlərində BMTSA-nın Dohada keçirilmiş, “İnkişafın möhkəmləndirilməsi naminə mədəniyyətlərarası dialoq” başlıqlı Dördüncü Forumunda AR Mədəniyyət və turizm naziri Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, XİN, Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri daxil olmuşlar. 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 19-21 dekabr 2012-ci il tarixlərində Bakıda “Dövlət və Din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda Birinci Beynəlxalq Bakı Forumu keçirilmişdir. Forumun məqsədi, dövlət-din münasibətlərinin miqyasını müəyyənləşdirmək məqsədilə elmi və ictimai-siyasi səylərə tövhə vermək, eləcə də dünya üzrə nüfuzlu alim və dini xadimlərin iştirakı ilə dövlət-din arasında mövcud münasibətlərin və bu sahədə müxtəlif təcrübələrin və modellərin bölüşməsidir. Xarici İşlər Nazirliyi tərəfindən Foruma hazırlıq prosesində əlaqələndirici qismində dəstək verilmişdir.    

 

Son yenilənmə tarixi: 26.02.2013