TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASI

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi  üzvləridir.        

Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdır.

2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlamışdır. 

Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilmişdir.

Türk Şurasının birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

Türk Şurasının ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşü mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur.

Türk Şurasının üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ  şəhərində keçirilmişdir. Zirvə görüşün  mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

Türk Şurasının dördüncü  Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında  4-5 iyun 2014-cü il tarixlərində Bodrum  şəhərində keçirilmişdir.

Türk Şurasının beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Astana şəhərində keçirilmişdir.

Türk Şurasının strukturu, məqsəd və vəzifələri

Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:

Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

Regionda və dünyada sülhün bərqərar edilməsi;

Xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

Kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;

 Hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

Türk Şurasının öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya  qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:

Dövlət Başçıları Şurası

Xarici İşlər Nazirləri Şurası

Yüksək Vəzifəli Şəxslər Komitəsi

Ağsaqqallar Şurası

Katiblik

Dövlət Başçıları Şurasının toplantısına  ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə  qədər Türk Şurasına sədrlik edir.      

Əlaqəli  orqan və təşkilatlar

 Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm,  təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir. 

TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakıda yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Astanada yerləşir. Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri  türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkek Zirvəsındə imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərəcəkdir.

Türk Biznes Şurası 2011-ci ildə təsis edilmişdir. Qurum Türk Şurasına üzv  ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

 Beynəlxalq əməkdaşlıq  

Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur. 

 

Azərbaycan - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) münasibətləri

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli dövlətlər arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın üzv dövlətləridir.

4  təsisçi ölkələrdən biri olan  Azərbaycan  yarandığı ilk tarixdən etibarən bu təşkilatla sıx əməkdaşlıq edir.

Türk Şurasının üçüncü Zirvə Görüşü rotasiya prinsiplərinə uyğun olaraq 16 avqust 2013-cü il tarixində Qəbələ  şəhərində keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi Zirvə Görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Abdullah Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyev iştirak etmişlər. Ana mövzusu “Nəqliyyat və bağlantı” olan Zirvə Görüşü çərçivəsində “Türk Şurasına üzv dövlətlərinin xarici işlər nazirləri arasında əməkdaşlıq Protokolu” imzalanmış, TÜRKSOY təşkilatının 20 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilmişdir. Görüşün sonunda dövlət başçıları tərəfindən “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Üçüncü Zirvə Toplantısının Bəyannaməsi” imzalanmışdır. Bununla yanaşı, Azərbaycan Qəbələ Zirvə Görüşündən sonra növbəti bir il ərzində Təşkilata sədrlik etmişdir. Azərbaycanın sədrliyi dövründə Naxçıvan Sazişində müəyyən edilmiş müxtəlif prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmiş, yeni təkliflər irəli sürülmüşdür.

Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. 2011-ci ildə Astanada keçirilmiş iqtisadiyyat nazirlərinin birinci iclasında  investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qərar qəbul edilmiş və bu işçi qruplarının mütəmadi olaraq iclasları keçirilməkdədir. 19 fevral 2014-cü ildə İstanbulda Azərbaycan, Qazaxstan, Qırğızstan və Türkiyə iş adamlarının iştirakı ilə Biznes Forum təşkil edilmişdir. 2014-cü ilin 19-20 iyun tarixlərində İssuk-Kulda TDƏŞ-in iqtisadiyyat üzrə işçi qrupları və iqtisadiyyat nazirlərinin növbəti iclasları keçirilmişdir. TDƏŞ çərçivəsindəki növbəti Biznes Forum 2014-cü ilin oktyabr ayında Naxçıvanda təşkil edilmişdir.

Bundan başqa üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir. TDƏŞ-ə üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası 2013-cü ilin iyul ayında Bakıda keçirilmişdir. Üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması istiqamətində səylər davam etməkdədir. Xəzər dənizi və Qara dəniz  limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərinin  gündəliyində xüsusi yer tutur. Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması bu istiqamətdə atılmış addımdır.

16 avqust 2013-cü ildə Qəbələdə keçirilmiş üçüncü Zirvə Görüşündə Dövlət Başçıları Şurası türkdilli dövlətlər arasında  gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qruplarının yaradılmasını alqışlamışlar. Üzv dövlətlərin gömrük  orqanları rəhbərlərinin birinci görüşü 5 oktyabr 2012-ci ildə Naxçıvanda keçirilmiş, Türk Şurası gömrük  orqanları rəhbərlərinin  birinci görüşünə dair Bəyannamə imzalanmışdır.

Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərara əsasən turizm üzrə işçi qrupu yaradılmış və 10 dekabr 2013-cü il tarixində qrupun ilk iclası keçirilmişdir. Eyni zamanda 3-5 aprel 2014-cü il tarixlərində 13-cü Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisi çərçivəsində ortaq fotoşəkil sərgisi təşkil edilmişdir. 10-11 aprel 2014-cü il tarixlərində İstanbulda turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ikinci, turizm nazirlərinin isə birinci iclası keçirilmiş, üzv ölkələr arasında “Turizm sahəsində  birgə əməkdaşlıq Protokolu” imzalanmışdır. Turizm nazirlərinin ikinci toplantısı 2015-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. 

Ölkəmizin Təşkilata sədrliyi dövründə 22 noyabr 2013-cü il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Eskişehirdə ikinci iclası keçirilmiş, Mövlana mübadilə Proqramının(tələbə mübadiləsi) dəstəklənməsi, Türk Akademiyası tərəfindən  birgə tarix dərsliklərinin hazırlanması, texniki və peşə təhsili sahəsində əməkdaşlığa başlanılması, ali və təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Univestitetlər Birliyinin yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. 

Türk Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 21 iyun 2013-cü il tarixində Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmişdir. Forumda “Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” və “Bakı Bəyannaməsi” qəbul edilmişdir.

Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etməkdədir. Naxçıvan Sazişinə uyğun olaraq hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDƏŞ xarici işlər nazirləri Şurasının görüşləri keçirilir. Eyni zamanda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində xarici işlər nazirlərinin qeyri-formal görüşlərinin keçirilməsi artıq ənənə halını almışdır.   

 2013-cü ildən başlayaraq üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməyə başlamışdır. Üzv ölkələrin yüksək vəzifəli şəxslərinin(xarici işlər nazirlərinin müavinləri səviyyəsində) ilk görüşü 2013-cü ilin aprel ayında Bakıda, ikincisi isə 2014-cü ilin mart ayında Astanada keçirilmiş, Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi, Əfqanıstan üçün İstanbul prosesi, regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər müzakirə edilmişdir. 

TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Astanada qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respüblikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar”.

Azərbaycan TDƏŞ-lə yanaşı bu qurumun əlaqəli orqan və təşkilatları olan TÜRKSOY, TÜRKPA (qərarğahı Bakıda yerləşir), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (qərarğahı Bakıda yerləşir), Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, TDƏŞ-in 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə Görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.