Müstəqil Dövlətlər Birliyi (MDB)

Müstəqil Dövlətlər Birliyi (MDB)  8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixdə MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkiltaın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Nizamnamə orqanları:

-     dövlət başçıları Şurası

-     hökumət başçıları Şurası

-     xarici işlər nazirləri Şurası

-     İqtisadi Məhkəmə

-     Parlamentlərarası Assambleya

-     İcraiyyə Komitəsi

-     müdafiə nazirləri Şurası

-     sərhəd qoşunları komandanları Şurası.

İcraiyyə Komitəsi MDB-nin daimi fəaliyyət göstərən icraedici, inzibati və əlaqələndirici orqanı funksiyasını yerinə yetirir.

İcraiyyə Komitəsinin sədri - MDB-nin İcraçı Katibi – Sergey Lebedevdir.

Azərbaycan Respublikasının təmsil olunduğu nizamnamə orqanları-  - dövlət başçıları Şurası;

hökumət Başçıları Şurası;

xarici İşlər Nazirləri Şurası;

Parlamentlərarası Assambleya;

müdafiə nazirləri Şurası.

İcraiyyə Komitəsi

Azərbaycan Respublikası MDB-nin sahəvi əməkdaşlıq orqanlarından yalnız 30-da, digər orqanların isə 11-də iştirak edir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır.