Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosesi ilə bağlı bəzi dəyişikliklər

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər: 

1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda; 

2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə; 

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə; 

4. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə; 

5. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə; 

6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında); 

7. Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.